Fazil Mustafa: “Hansı yolla olursa-olsun, Xankəndini tabe etdirmək əsas hədəfimiz olmalıdır”

“Mənə Azərbaycanın yükünü daşımaq Amerikaya, Avropaya yük olmaqdan daha cazibədardır”

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Yeni Müsavat”ın suallarını cavablandırıb. Həmin müsahibəni İlkxeber.org-un oxucularına təqdim edirik:

- Fazil bəy, bugünlərdə ABŞ səfərindən qayıtdınız. Amerika həyatı sizi daha çox nə ilə təəccübləndirdi?

- Amerika bir idarəçilik və dəyərlər sistemi olaraq məni həmişə təəccübləndirib. Üçüncü dəfə idi səfər edirdim və fərqli amerikalı ailə obrazları ilə tanışlığım olub. Bu ölkə əslində iki Avropa dövlətinin yanlışlarını təkrarlamamaq üzərində qurulmuş və bu səbəbdən insan azadlığının hüdudları ilə hökumətin gücünün tənzimlənməsinin tarixdə mümkün görünən ən optimal modelini tapmışdır. Onlar Fransada XVIII əsrin sənət əsəri olan kütlənin inqilabi diktaturasından və İngiltərədə XVII əsrin sənət əsəri olan kralın uzurpatorluğuna yol verməməklə fərdin azadlığına müdaxilə etmədən qüdrətli və balanslı idarəetmə sistemi yaratmışlar. Maraqlıdır ki, məhz bu idarəetmə sisteminin zahirən sezilən çözülməz ziddiyyətləri bu cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi sayıla bilər. Amerikanın ailə quruluşu daha diqqətəlayiqdir. Uşağın yetkinlik yaşına çatdığında valideynin himayəsinə sığınmaqdan uzaqlaşması ideyası bizdəki əbədi ailə himayəçiliyi, hamının bir-biri üçün sonadək əzabkeş olma məcburiyyətindən fərqlənir və Amerika cəmiyyətinin dinamizmi məhz bu kimi amillərdən güc alır.

- “Green Card” həvəsində olanlara demək istədikləriniz varmı?

- “Green Card” əslində praqmatik yaşam həvəskarları üçün əlverişli fürsətdir və insanların bu seçiminə anlayışla yanaşıram. Öz fərdi azadlığının və potensialının tətbiqini öz ölkəsində tapmayan insan üçün mühacirət alternativi bir ideya olaraq hər zaman aktualdır.

- Bəs siz necə, hansısa səbəblərdən ABŞ həyatını seçə bilərdinizmi?

- Mənim nə zamansa Amerikaya, Avropaya köçmək barədə hansısa düşüncəm olmayıb. Mən, ümumiyyətlə, dünyadan köçməkdən başqa hansısa bir mövcud dünyaya köçməyə meylli xarakterə sahib deyiləm. İnsan hətta həbsxananın içində də özünü məmnun edəcək həyat qura bilər və ya cəh-cəlalın içində bədbəxtliyə düçar olar. Düşünürəm ki, Azərbaycanın düşüncə həyatında çözülməmiş problemləri çoxdur və mən də bu proseslərin mütəvazi bir iştirakçısı kimi, məhz bu məkanda, bu Vətəndə və bu millətlə bu missiyanı yerinə yetirmək üçün məsuliyyət daşıyıram. Səmimi deyim ki, bu məsələyə baxışımda xeyli idealist məqamlar var və mənə Azərbaycanın yükünü daşımaq Amerikaya, Avropaya yük olmaqdan daha cazibədardır.

- Görüşlər keçirdiniz, həmçinin Konqresdə. Sizcə, biz niyə illərdir ABŞ Konqresi adlı “səddi” yara bilmirik?

- Səbəb bizim dövlət olaraq bu istiqamətdə az və ya çox çalışmamızla əlaqəli deyil. Amerikada yerli vətəndaş olaraq azərbaycanlı obrazını müəyyən parametrlər üzrə tanıdan insan sayının cüzi olmasıdır. Bu cür toplumlar özününküləşdirdiyi yabançıları daha çox dinləyir və dəyərləndirir. Kənardan epizodik təsirlər və görüşlərlə bunu davamlı hala gətirmək çox çətindir. Tutaq ki, hansısa nüfuzlu konqresmenlə görüşdük, Azərbaycanla bağlı inandırıcı bilgilər verdik, o da gülümsədi, xoş sözlər söylədi və sağollaşıb ayrıldı. Ancaq onun yaddaşında biz necə qala bilərik? Seçki kampaniyasında bir Amerika vətəndaşı olan azərbaycanlı aktiv iştirak edir, pul xərcləyir, adamla dostluq edir və gedişatda problemlərini söyləyəndə həssas münasibəti də görə bilir. Erməni diasporasının əsas gücü bundadır və nə türk, nə də Azərbaycan diasporası bu işdə onlarla yarışa bilir. Anlamalıyıq ki, biz bir az yeniyik, oranın təhsil şəbəkəsi içində yetişən kadrlarımız azdır, mühüm yardımçı postlarda mövqelərimiz demək olar ki, yox səviyyəsindədir. Həm də səmimi şəkildə anlamalıyıq ki, biz xaraktercə xaricdə öz vətəninə xidməti milli borc olaraq görən yaponlarla da bənzərliyimiz azdır.

- Heç soruşdunuzmu “907-ci düzəliş” nə vaxtadək başımızın üstündə Demokl qılıncı kimi saxlanılacaq?

- Bunu soruşmadan da səbəbini anlatmaq çətin deyil. Əgər sual qoyulsa ki, “Biz necə olsaq, ABŞ bu düzəlişi dəyişər?”, əlbəttə bu, xeyli absurd görünər. Çünki biz necə olursaq-olaq, ABŞ üçün bunun elə də əhəmiyyəti yoxdur, sadəcə, onun maraqlarına toxunan ölkə durumunda olmamalıyıq. Bu cür düzəlişlər isə həqiqətən oradakı əleyhimizə olan erməni-yunan lobbiçiliyinin düşünülmüş bir əsəridir və bunu ortadan qaldırmaq üçün məhz ABŞ-da güclü olmalıyıq. Mahiyyətcə bu qondarma düzəliş çoxdan öz mənasını itirib və cüzi şəkildə mənəvi auramızı korlaya bilir. Biz bu kimi düzəlişlərə rəğmən Qarabağı xilas edə bilmişiksə, demək ki, mövzunun aktuallığı da özlüyündən gündəmdən çıxır.

- Fazil bəy, siz həm də siyasətdən kənar böyük bir ictimai işlə məşğulsunuz. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidentisiniz. Bu büdcə layihəsində sağlamlıq məhdudiyyəti olan idmançılar üçün ayrılan vəsait qaneedici idmi?

- Bildiyiniz kimi xüsusi olimpiya hərəkatı zehni sağlamlığı məhdud insanları əhatə edir və bu sahəyə həm ölkə prezidentinin, həm də Mehriban xanımın xüsusi diqqəti hər zaman hiss olunur. Zehni sağlamlığı məhdud idmançıların problemlərinə ən həssas yanaşan səlahiyyətli şəxslərdən biri məhz maliyyə naziri Samir Şərifovdur. 2018-ci ildə biz Əbu-Dabidə olimpiadada 6-sı qızıl olmaqla 23 medal qazandıq. Bu post-sovet məkanında Rusiyadan sonra ən yüksək nəticə idi. İndi isə gələn il Berlində keçiriləcək yay olimpiadasında komandamız iştirak edəcək. Təəssüf ki, ilin dördüncü rübündə 9 idman növü üzrə yarışlara qatılmalı olan komanda üzvlərimiz üçün nəzərdə tutlan hazırlıq prosesini gerçəkləşdirə bilmədik. Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin Departament rəisi Vüqar Behbudovun düzüb-qoşduğu müəmmalı gedişlər nəticəsində 4-cü rüb üçün 1500-dən artıq idmançının qastılacağı milli çempionatı keçirmək üçün nəzərdə tutlan 50 min manat vəsait ayrılmadı və hətta son məqamda olimpiadaya gedəcək idmançıların hazırlıq yarışları üçün xahiş etdiyimiz 36 min manat vəsaiti də Olimpiadaya hazırlaşan komandaya vermədilər. Kim bilir, araşdırılsa, görünər ki, bəlkə də bu vəsaitlər hansısa özlərinə yaxın quruluşlara köçürülüb. Nəticədə komitə üzvlərinin şəxsi fədakarlığı ilə kredit götürərək müəllimlərin və işçilərin əmək haqqını ödəyə bildik. Mən bilmirəm Vüqar Behbudovun bu əməlindən nazir Sahil Babayevin xəbəri var, yoxsa yox, hər halda bu ölkənin beynəlxalq yarışlarda uğurlarını əngəlləmək üçün düşünülmüş bir addıma bənzəyir. Yeri gəlmişkən, Gənclər və İdman naziri Fərid Qayıbov da bir neçə dəfə şəxsən zehni sağlamlığı məhdud idmançıların yarışlarına qatılıb və fəaliyyətimizi yüksək qiymətləndirib. Fərid müəllim öz səmimiyyəti ilə həm sağlamlığı məhdud idmançıların, həm də valideynlərin böyük rəğbətini qazanıb.

Hər şeyə rəğmən, gələn ilin yayında Berlində keçiriləcək Olimpiadada Azərbaycanın adına layiq uğurlar qazanmağı hədəfləyirik və ölkəmizin imicini həmişəki kimi ən yüksək səviyyəyə qaldıracağıq.

- Fazil bəy, qayıdaq bölgəmizə. Sizcə, Rusiya Qarabağda nələr etmək istəyir?

- Rusiya Qarabağda nə etmək istədiyini heç özü də bilmir. Bu dövlətin sistemli xarici siyasətinin olmadığı Ukrayna savaşında bariz göründü. Qarabağdakı bu obrazda varlığı Rusiyanın həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarını qoruyub saxlayan bir mexanizmdir. Rusiyanın çözüm planı yoxdur, sadəcə, çözümsüzlük cəhdi var. Ancaq bölgədə reallıqlar elə dəyişib ki, bu cür cəhdləri əvvəlki illərdə olduğu şəkildə planlaşdırılan nəticəyə doğru yönəltmək imkanları məhduddur. Azərbaycanın bölgədə güclənməsi və Türkiyənin bir bölgə dövləti kimi sahədə boy göstərməsi çox əhəmiyyətli faktorlardır.

- Sülhməramlıların olduğu ərazidən əsgərimizə atəş açılmasının məntiqi cavabı necə olacaq? Qarşıdakı dönəm üçün nələr gözləyirsiniz?

- Əsgərlərimizə atəş açılması yekunda bizə bölgədə hərəkətlənmə və canlılıq üçün əsas verir və  bundan ilk fürsətdə cavab zərbəsi vurmaq üçün yararlanmalıyıq. İrəlidə nələr olacağını bizim müəyyənləşdirmək imkanımız azdır, sualın cavabı üçün Rusiyanın başına nə gələcəyi, Ermənistanda nələrin baş verəcəyi, İranla münasibətlərin axarı və Qərbin aktivliyinin səviyyəsi doğru oxunmalı və anlaşılmalıdır. Mən çətinliklərin əhəmiyyətli hissəsinin aşıldığı düşüncəsindəyəm.

- Ümumiyyətlə, Qarabağda növbəti hərbi əməliyyatları gözləyirsinizmi?

- Mümkündür. Hadisələrin hansı səviyyədə gərginləşəcəyi və danışıqların sərt dalana dirənəcəyi halında hərbi əməliyyatlar yenidən başlaya bilər. Ancaq antiterror əməliyyatlarının vaxtaşırı keçirilməsi qaçınılmazdır. Hansı yolla olursa-olsun, Xankəndini tabe etdirmək əsas hədəfimiz olmalıdır.

- Fazil bəy, Milli Məclisdəki büdcə müzakirələrində demək olar ki, bütün sahələrlə bağlı çıxışlar oldu, problemlər sadalandı, hökumətə çağırışlar edildi, həmçinin siz tərəfdən çox vacib mövzulara toxunuldu. Amma qanun layihəsinin ikinci oxunuşu düzəlişsiz, hər hansı dəyişiklik olmadan qəbul edildi. Bunun anlamı nədir, parlamentə etimad çatışmazlığı, yoxsa büdcə vəsaitinə qənaət?

- Büdcə layihəsinin müzakirəsində 80-ə yaxın deputat plenar iclasda çıxış edib. Hələ komitələrdə edilən onlarla çıxışı da buraya əlavə etsək, müzakirələrin nə qədər isti keçdiyini görərik. Milli Məclisin sədri də, həmişəki kimi, sağlam müzakirə mühiti yarada bildi. Səslənən təkliflərin hamısının layihədə düzəlişlə yekunlaşması gözlənilən olmasa da, ən azı hökumət qanadı bu çıxışlardan nöqsanları aydın şəkildə görə bildi və inanıram ki, üçüncü oxunuşa qədər müəyyən addımlar atılacaq. Ancaq etiraf edək ki, mövcud konstitusiyamıza görə parlamentin hökumətə təsir imkanları xeyli məhduddur və bu da praktikada xeyli problemlər yaradır.

- Necə bilirsiniz, bu gün əhalini sıxıntılardan azad etməkdən ötrü "0" nöqtəsi kimi nədən və haradan başlamaq lazımdır?

- Heç şübhəsiz dövlətin iqtisadi həyat üzərində ağırlığını özəl sektorun xeyrinə yalnız statistikada deyil, real həyatda azaltmaq qaçılmaz bir tələbdir. Azərbaycanda sahibkarların vəziyyətini yüngülləşdirən nə qədər qanunlar qəbul ediriksə, yenə də real münasibətlər ortaya xeyli çətinliklər çıxarır. Əlverişli şərtlərlə kredit götürə bilməyən, məhkəmədə haqqını qoruya bilməyən, məmurların müdaxiləsi ilə addımbaşı üzləşən sahibkarin iqtisadi fəallığı sönməyə məhkumdur. Xarici investisiya qoyuluşu da bu kimi maneələrə görə effektli deyil.  İnhisarçılıq bəlası, imtiyazçılıq bəlası hakim mövqeyini qoruyursa, hansısa qanunu qəbul etməyin elə bir əhəmiyyəti qalmır. Özəlləşmə siyasəti kökündən dəyişməli və asanlaşdırılmalıdır ki, insanlar investisiya qoyuluşuna maraqlı olsunlar. Bu iqtisadi canlanma məşğulluq probleminin çözülməsinə ciddi təsir göstərə bilər və durğunluq nöqtəsindən çıxışımız mümkün olar.

Elşad PAŞASOY