İctimai yükü olan informasiyaların açıqlığı və əlçatanlığı hökumətin açıqlığı üçün ən mühüm şərtlərdən biridir. İctimai informasiyalar qanunvericiliklə müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. İnformasiyaların açıqlığı olmadan vətəndaş cəmiyyətinin hökumətin fəaliyyəti üzərində fəal ictimai nəzarəti təmin etməsi də mümkünsüzdür. “Dövlət sirri haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan, dövlət tərəfindən mühafizə edilən və yayılması ölkənin təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri hesab olunur və bu informasiyalar istisna olmaqla dövlət idarəetməsindəki bütün məlumatların açıqlığına təminat verilir. Fəaliyyət Planında informasiya açıqlığı ilə bağlı nəzərdə tutulan müddəalar bilavasitə ölkə qanunvericiliyində informasiyaların əlçatanlığına dair hüqüqi mexanizmlərə əsaslanır. Belə ki, ölkə Konstitusiyasının 50-ci maddısinə görə, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. “Məlumat azadlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı informasiya azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən biridir. “İnformasiya əldə etmək haqqında” Qanunun 6-cı maddəsinə əsasən, informasiyanı açıqlamaq dövlət orqanlarının əsas vəzifəsidir, informasiyanın maksimum açıqlığı təmin olunmalıdır, informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahibləri məsuliyyət daşıyırlar.
Hazırda sosial proseslərin və buna uyğun olaraq dövlət idarəetməsinin mürəkkəbləşməsi qərarların qəbulu zamanı fərdlərin, özəl sektorun və ictimai maraqların optimal tarazlığına nail olmaq, bununla da daha çox səmərə əldə etməklə bağlı çağırışlar yaradıb.
Aparılan araşdırma və tədqiqatlar aydın şəkildə göstərir ki, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı yalnız dövlət mütəxəssislərinin iştirakı yetərli deyil, həmçinin sırf onların təcrübəsini və bilgilərini, yanaşmasını əsas götürmək bir çox hallarda neqativ nəticələrə səbəb olur.
İnformasiya açıqlığını yaratmaqla dövlət vətəndaşların bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır. Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanmasına, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır.
Vətəndaşlar, ictimaiyyət, QHT-lər fəal mövqe tutmaqla bu dövlət orqanlarının səmərli işləməsinə töhvə verir, səhvlərin zamanında aradan qaldırılmasına kömək edə bilirlər. Bu baxımdan vətəndaşlarımız informasiya açıqlığının hansı səviyyədə praktik fayda verə biləcəyinin əhəmiyyətini başa düşməlidirlər. Çünki, bu onlara qərarların qəbuluna təsir göstərmək və yaxud dövlət orqanlarının daha hesabatlı olmasına nail olmağa imkan verir. Onu da bilməliyik ki, informasiya açıqlığı olmadan ictimai nəzarət mümkün deyil.
Bu baxımdan vətəndaşlar informasiya açıqlığı məsələlərinə diqqətlə yanaşmalıdırlar. Bütün sahələrdə olduğu kimi məlumat azadlığı və ictimai informasiyanın əldə edilməsi ilə bağlı məsələlərə prinsipial yanaşmanı müəyyən edən baza sənədi Azərbaycan Respublikasının Konstitusiyasıdır. Məlumat azadlığı Konstitusiyamızda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarından biri hesab olunur. Konstitusiyanın “Məlumat azadlığı” adlı 50-ci maddəsinin 1-ci bəndinə əsasən: hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
İnfornasiya sahibinin açıqlamalı olduğu informasiyalar “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsinə əsasən, informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:
Yuxarıda qeyd edilən 34 qrup informasiyalar informasiya sahibləri tərəfindən heç bir müraciət olmadan açıqlanmalıdır! By informasiyalar informasiya sorğusunun predmeti ola bilməz! Qanunun 30-cu maddəsinə əsasən yuxarıda sadalanan ictimai informasiyalar internet informasiya ehtiyatlarında açıqlanmalıdır.
Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları” təsdiq edilmişdir. Çağrı Mərkəzi – müasir informasiya texnologiyalarından istifadə edilməklə orqanın səlahiyyətlərinə aid müraciətlərin qəbul olunduğu və cavablandırıldığı, məlumatların çatdırıldığı strategiyadan, prosedur qaydalarından, infrastrukturdan və işçi qüvvəsindən ibarət sistemdir.
“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın 2.3-cü maddəsinə əsasən Çağrı Mərkəzi təmsil etdiyi dövlət orqanının səlahiyyətlərinə aid olan şikayət (ərizə, təklif, məlumat) xarakterli müraciətlər daxil olduqda onları qeydiyyata almaqla araşdırılaraq cavablandırılması üçün həmin orqanın aidiyyəti struktur vahidinə göndərir. Şikayətlərə baxılmasına görə aidiyyəti struktur vahidinin rəhbəri cavabdehlik daşıyır və o, şikayətə baxılmasının nəticəsi barədə müraciət edən şəxsə və Çağrı Mərkəzinə məlumat təqdim etməlidir.
Vətəndaşlar özləri müxətlif dövlət orqanları, publik hüquqi şəxslər, dövlət şirkətləri, ictimai funksiyaları yerinə yetirən şirkətlərin saytlarından istiafə edərkən, yaxud açıqlanmalı olan hər hansı məlumatlar axtararkən bu cür informasiyaların rəsmi saytlarda yerləşdirilib-yerləşdirilməməsinə diqqət etməlidirlər. Əgər bu cür məlumatlar yoxdursa, yaxud tam şəkildə deyilsə, bu barədə müvafiq dövlət orqanına yazılı müraciət edə bilərlər.
Monitorinq 2022-ci il sentyabr-oktyabr-noyabr aylarında əvvəlcədən tərtib olunmuş monitorinq metodologiyası əsasında dövlət qurumlarının saytlarının müşahidəsi və analizi əsasında aparılmışdır. Aşağıda adları qeyd olunan saytlar müəyyənləşdirilərək monitorinqə cəlb edilmişdir:
Monitorinq nəticəsində məlum olub ki:
Aparılan monitorinq nəticəsində konkret misallarla bəzi dövlət qurumlarının fəaliyyəti ilə bağlı aşağıdakıları qeyd etmək olar. Onu d qeyd edək ki, belə hallar az və yaxud çox dərəcədə digərlərinə də aid olmuşdur. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi “Açıq mikrofon” aksiyası keçirməklə vətəndaşların müraciətlərinini çatdırmaq və təmasları intensivləşdirmək niyyətində olduğunu bildirir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər ilin sonunda dövlət büdcəsindən ayrılmış və xərclənmiş vəsait barədə öz saytında məlumat dərc edir. Lakin qeyd olunduğu kimi sadə vətəndaşlar tərəfindən anlaşılması çətinlik yaradır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın Dövlət Agentliyində icrası ilə əlaqədar sonuncu dəfə öz saytında 2017-ci ilin yekunlarına dair hesabat dərc etdirmişdir.
Azərbaycan Respublikasının Energetika Nazirliyi Dövlət büdcəsindən ayrılmış və xərclənmiş vəsait barədə məlumatları öz saytında dərc edir. Sonuncu belə hesabat 2020-ci ildə açıqlanmışdır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlər barədə hesabat açıqlanmışdır. Hesabat kifayət qədər əhatəli tərtib edilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin özünün fəaliyyəti ilə bağlı hesabata və maliyyə xərcləri haqqında məlumatlara rast gəlinmir.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunu ilə informasiya sahibi hesab olunan 84 dövlət qurumunun internet saytlarının monitorinqi əsasında informasiya açıqlığının səviyyəsi müəyyənləşdirilmişdir.
Monitorinqin məqsədi dövlət qurumlarının internet vasitəsilə informasiyalar yaymaq vəzifəsini necə icra etməsinin gerçək durumunu öyrənmək, problemləri müəyyənləşdirib hökümətin informasiya azadlığı istiqamətində səylərinə yardım edə biləcək tövsiyələr hazırlamaq və medianı, vətəndaşları məlumat əldə etmək hüquqlarından davamlı yararlanmağa həvəsləndirməkdir.
Monitorinqi aparılan qurumlarda ən çox açıqlanan informasiyalar da müəyyənləşdirilmişdir ki, bunlar aşağıdakılardır:
Dövlət qurumlarının internet saytlarının monitorinqi əvvəlcədən müəyyən edilmiş ölçü qutusuna yerləşdirilmiş çoxsaylı informasiya növü əsasında aparılaraq informasiya açıqlığına görə ilk yerləri tutan saytlar müəyyənləşdirilmişdir. Qurum haqqında ümumi bilgilər, qurumun strukturu haqqında bilgilər, qurumun idarəçiliyində olan dövlət informasiya sistemləri haqqında bilgilər, qurumun öz səlahiyyət dairəsi çərçivəsində fəaliyyətə dair bilgilər, qanunvericilik bazası və qurumun normayaradıcı fəaliyyəti, fiziki və hüquqi şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin edilməsi üzrə qurumun fəaliyyəti haqqında bilgilər, dövlət ehtiyacları üçün mal, iş və xidmətlərin satın alınması barədə bilgilər, kadr təminatı, büdcə, maliyyə, bilgiyə çatım rahatlığı, əlavə parametrlər, rəsmi saytın mənfi məzmun və funksiyaları qiymətləndirilmədə əsas faktorlar kimi götürülmüşdür. Dövlət qurumlarının saytları öncə kəmiyyət parametri üzrə araşdırılmışdır. Sonrakı mərhələdə isə həmin informasiyaların keyfiyyətliliyi, yəni tamlığı, əldə etmə rahatlığı, gündəmə uyğunluluğu qiymətləndirilmişdir. Aparılan qiymətləndirmələrin sonunda reytinq cədvəlində 1-ci yeri Hesablama Palatasının saytı tutmuşdur.
Monitorinq nəticəsində toplanmış məlumatlara əsasən demək olar ki, dövlət qurumlarının informasiya açıqlığı vəziyyəti müsbət istiqamətdə inkişaf edib. Dinamika isə daha yüksək olub.
Monitorinqin nəticələrinə əsasən qeyd etmək olar ki, əvvəlki illərlə müqayisədə mərkəzi icra orqanları tərəfindən rəsmi saytlara qarşı münasibət yaxşılığa doğru dəyişib. Bir sıra dövlət qurumlarında informasiyaların keyfiyyətinə xüsusi diqqət yetirilməyə başlanıb.
İnformasiya açıqlığı sahəsində rəqabət apara biləcək qurumların sayı əhəmiyyətli sayda artıb.
Elektron xidmətlərin sayı və keyfiyyəti əhəmiyyətli dərəcədə artıb və bu tendensiya davam etməkdədir. Qurumlarda xidmət və İKT sektorlarının inteqrasiyası sürətlənib.
Bütün bunlarla yanaşı bəzi çatışmazlıqlar da diqqətdən qaçmayıb. Belə ki, bir sıra dövlət qurumlarında hələ də “İnformasiya əldə edilməsi haqqında Qanun”un tələblərinə müvafiq olaraq informasiya infrastrukturu formalaşmayıb. İctimai informasiya subyektlərinin informasiya xidmətlərinin fəaliyyəti qənaətbəxş deyil. Xidmət sektoru ilə İKT sektorunun qarşılıqlı əlaqələri yetərincə tənzimlənməyib.
İmkanları və resursları zəif olan qurumlarda rəsmi saytlardan vətəndaşlarla interaktiv əlaqənin qurulmasında, elektron formada ən adi xidmətlərin göstərilməsində istifadə olunmur, sosial şəbəkələrə inteqrasiyalar yoxdur.
“İnformasiya əldə edilməsi haqqında” Qanunun icrasına nəzarət yetərli deyil. İnformasiya müvəkkili xidmətinin fəaliyyəti hiss olunmur. Dövlət qurumlarına metodiki-informasiya dəstəyi yetərli deyil.
Monitorinq zamanı aşkarlanan problemlərdən və tapıntılardan çıxış edərək bəzi addımların reallaşdırılmasını zəruri hesab etmək mümkündür. Çatışmazlıqların aradan qaldırılması üçün aşağıdakı təkliflər irəli sürülmüşdür:
- Dövlət orqanlarının Əsasnamələrinə vətəndaşların informasiya təminatına cavab verən struktur bölmələr (vəzifəli şəxslər) və onların fəaliyyət istiqamətləri haqqında müddəalar daxil edilsin.
- İnformasiya açıqlığı üzərində dövlət nəzarətini həyata keçirmək məqsədilə yaradılan xidmətin fəaliyyəti canlandırılmalıdır. Dövlət qurumlarına informasiya açıqlığının təmin edilməsi sahəsində köməklik göstərilməlidir.
- Dövlət qurumlarında qanunvericilikdə nəzərdə tutulduğu qaydada informasiya infrastrukturunun formalaşdırılması başa çatdırılmalı və mövcud müvafiq strukturların fəaliyyəti təkmilləşdirilməlidir. Dövlət orqanlarında informasiya istehsalı prosesinin çevik və effektiv mexanizmləri hazırlanmalıdır.
- Dövlət qurumunun büdcəsində informasiya istehsalı və açıqlanması ilə bağlı xərclər ayrıca qeyd olunmalıdır və səmərəli istifadə edilməlidir.
- Qanunvericilikdə nəzərdə tutulduğu qaydada yalnız keyfiyyətli (aktual, yeni, dolğun, əhatəli, dəqiq) informasiyaların saytda yerləşdirilməsinə diqqət yetirilməlidir.
- Sosial əhəmiyyətli və kütləvi xidmətlərin interaktiv olaraq elektron formaya keçirilməsinə diqqət artırılmalıdır. Sosial şəbəkələrə inteqrasiyalar hazırlanmalıdır. Portala inteqrasiya başa çatdırılmalıdır.
- Dövlət qurumlarında elektron informasiya istehsalı ilə bağlı, elektron xidmətlərlə, ictimai informasiyalarla bağlı treninqlər təşkil olunmalıdır.
- Elektron xidmətlərin keyfiyyət göstəriciləri hazırlanmalı və müvafiq dövlət və ictimai nəzarət sistemi qurulmalıdır.
- İnformasiya əldə edilməsi ilə bağlı Qanunun və elektron xidmətlərdən istifadənin gerçəkləşməsi istiqamətində vətəndaşlar arasında maarifçilik işi aparılmalıdır.
- ayrı-ayrı dövlət təşkilatların üzrə büdcə xərcləmələrinə dair hesabatlar;
- ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlər;
- ştat cədvəlləri, vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları;
- əmr, sərəncam və qərarlar (qüvvəyə mindiyi gündən);
- ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası;
- fəaliyyət barədə hesabatlar;
- kommunal xidmətlərin (qaz, elektrik enerjisi, su) istehlakının səviyyəsinə dair məlumatlar
- dövlət şirkət və müəssisələrinin əhalidən topladığı kommunal xidmət haqlarının həcmi və onların istifadə vəziyyəti;
- dövlət əmlakından istifadənin vəziyyəti;
- dövlət satınalınmalarına dair informasiyalar;
- təhsil və səhiyyənin real vəziyyətini əks etdirən kəmiyyət və keyfiyyət göstəriciləri.
Müvafiq hakimiyyət qurumlarının fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin sadə vətəndaşlar üçün anlaşıqlı dildə, xüsusi bələdçilər formatında çap olunaraq əhali arasında yayılması təmin olunmalıdır. Xüsüsilə də “Dövlət qulluğu haqqında”, Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunlar, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin izahedici şəkildə əhali arasında yayılmasına ehtiyac var. Bu işi QHT Agentliyinin dəstəyi ilə vətəndaş cəmiyyəti təşkilatları da hazırlaya bilər.
Hesabat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Dövlət orqanlarının fəaliyyətində informasiya açıqlığına dair hesabatın hazırlanması” layihəsi çərçivəsində hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.