“Qəzetlərin dili monitorinq aynasında” - FOTO


Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində bu mövzuda tədbir keçirilib


Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Qəzetlərin dili monitorinq aynasında” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbirin 7 qəzetdə aparılmış monitorinq nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə təşkil edildiyini söyləyib.

Sevinc Əliyeva bildirib ki, bu gün Azərbaycanda yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir, klassik mətbuat nümunəsi olan qəzetlər funksionallığını dəyişərək xəbər çatdırmaqla yanaşı, təhlil, araşdırma, əyləncə xarakterli yeni məzmun və formaya sahib yazılar da təqdim edir. Cəmiyyətdə baş verənləri gecikdirmədən, operativ şəkildə ictimaiyyətə çatdıran qəzetlər əksər halda yeni yaranan anlayışlarla bağlı söz və ifadələrin də mənbəyi kimi çıxış edir. Məhz bu baxımdan müxtəlif insanların tribunası olaraq fərqli mövqe və maraqları əks etdirmək missiyasını üzərinə götürən qəzetlər dilin daşıyıcısı kimi ədəbi dil normalarını da mütləq şəkildə qorumalıdır. O qeyd edib ki, gündəlik çap mediası olan qəzetlərdə doğma dilimizin tətbiq səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış monitorinqin nəticələri “Qəzetlərin dili monitorinq aynasında” adlı hesabatda öz əksini tapıb. Fikrini hesabatda əks olunan nümunələrə istinadən ümumiləşdirən natiq bildirib ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı real vəziyyəti əks etdirən dil faktları və statistik göstəricilər çap mediasında ciddi nöqsanların olduğunu deməyə imkan verir.

Monitorinq Mərkəzinin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “Qəzetlərin dili monitorinq aynasında” mövzusunda məruzə ilə çıxış edib. O, monitorinq nəticəsində qeydə alınmış 2500 dil faktından 1769-nun hesabata daxil edildiyini, 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvinin müəyyənləşdirildiyini nəzərə çatdırıb. Aşkar edilmiş nöqsanları təhlil edən Mətanət Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu vurğulayıb.

Aşkarlanan faktların əyani şəkildə təqdimatı ilə davam edən müzakirədə qonaqlar mətbuatda gedən proseslərlə bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin mövcud praktik vəziyyətini və inkişaf sürətini müəyyənləşdirir. Bu baxımdan digər sahələrdə olduğu kimi, mətbuatda da ədəbi dilin qorunması və müvafiq normalara riayət olunması işində ciddi nəzarətə ehtiyac duyulur.

Müzakirələrdə dilçi alimlər, qəzet redaktorları, Monitorinq Mərkəzinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.