Qəzənfər Həmidoğlu
Dovşan sözü dilimizə qədim çincədən keçib. Qədim Çinin ilk sülaləsi olan Şan hökmdarı onu Miladdan əvvəl Böyük Hun imperiyasının Tenqri Qutu Mete xanın varisi Laoşan xaqana hədiyyə göndərib.
Qabaq ayaqları dal ayaqlarından qısa, uzun və dik qulaqlı, dodağı yarıq, üstəlik tövşüyən gəmiricini xaqan bəyənməyibmiş. Deyibmiş ki, bu məxluq hun çöllərinin bütün yovşanlarını gəmirəcək. Amma səmaaltı imperiyanın elçisi deyib:
- Ulu Laoşan şanyu (xaqan), həşəmətli sarı imperatorumuz Huanq-Di bu kiçik heyvanı Tyan-Şan dağlarından tapıb. Müdrik heyvan olduğu üçün adı Dao-şandır, yəni, Şan xanədanı müdriki.
“Dao” Çin dilində “müdrik”, “yol”, “yol göstərən” deməkdir. Laoşan şanyu dovşanın gözlərinə baxıb və deyib: “ Bu daoşanı bəyəndim!”
Anadolu türklərinin dovşana “tavşan” deməsinin səbəbi “Dao”ya “Tao” demələrindən qaynaqlanır. Qədim məxəz və salnamələr dovşanın Daosizm (Taoizm) fəlsəvi-dini dünyagörüşünə təsiri barədə susurlar. Amma Konfutsi deyərmiş ki, “Dao De Tszin” fəlsəfi traktatını yazan Qədim Çin müdriki Lao- Zi dovşan saxlayırmış. Təəssüflər olsun ki, Çinin iki əfsanəvi müdrikindən birinin digəri barədə kiminlə qeybət qıldığını tarix elmi hələlik dəqiqləşdirə bilməyib.
Bəzi ağzıgöyçəklərə görəsə, Konfutsinin “qara pişiyi” Laodan plagiatdır. Əslində daosizmin atası belə deyib: “Qaranlıq otaqda qara dovşan axtarmazlar, xüsusən də otaqda dovşan yoxdursa”. Məncə, bizim AMEA bu işlə məşğul olsa, tarixin qaranlıq diblərinə işıq tuta bilər...
İndi çinlilər bu qədim qəziyyəni unudublar, dovşana “tuzi” deyirlər. Amma AMEA tarixi ədaləti bərpa edə bilər: dovşana qədim adı “daoşan”ı qaytarmağın zamanı çatıb!
© 2020 - Created by İLK XEBER.