Multikulturalizm siyasətinin üstünlükləri: cəmiyyəti birləşdirən dəyər

Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər.

Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də  liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq vardır. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.

Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

Multikulturalizm cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müxtəlifliyin növlərindən biridir. Bundan başqa, biz multikulturalizmlə əlaqədar olan izolyasionizm, assimilyasiya və aparteidi kimi  digər təzahürləri də qeyd edə bilərik.

İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar.

Assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur.

Aparteid – müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir.

Göstərilən təzahürlərdən fərqli olaraq, multikulturalizm – təkcə adamların hakim etnik qrupu tərəfindən deyil, həm də milli azlıqlar və ölkəyə yeni daxil olanlar tərəfindən dəstəklənən mədəni müxtəlifliyə münasibətdə fərqli reaksiyaların rəngarəngliyidir. Multikulturalizmin yuxarıda sadalanan spesifik cəhətləri onu son nəticədə cəmiyyətin inkişafına səbəb olan pozitiv təzahür, müsbət hadisə kimi xarakterizə edir.

Multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Onu da qeyd edək ki, multikultural cəmiyyətin formalaşmasında və inkişafında demokratiya mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Multikultural cəmiyyət ilk növbədə Qərbi Avropanın və Şimali Amerikanın demokratik ölkələrində mövcud olmuşdur. Həmin ölkələrdəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait yaratmışdır.

İslamofobiya XXI əsrin kabusu kimi təqdim edilməkdədir. Beynəlxalq aləmdə  etimadsızlıq mühiti formalaşmaqda, irqçilik, millətçilik,  ksenofobiya  genişlənməkdə, etnik və  milli dözümsüzlük az qala həyat tərzinə çevrilməkdə olduğu bir vaxtda Azərbaycan Respublikasında multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış  modeli formalaşmışdır. Çoxmədəniyətlilik (multikulturalizm) bu modelin əsas fəlsəfəsini təşkil edir. Əslində, multikulturalizm ksenofobiya, islamofobiya və irqçiliyin alternatividir. Onlar bir-birinə antoqonistdir. Biri barışığa çağırışdır, digəri ədavətə. Hər ikisi strateji hədəflərə malikdir. Multikulturalizmdə bu, qlobal səviyyədə mədəniyyətlərarası harmoniyaya nail olmaqdır. Alternativində isə bu, qlobal xaosa sürükləməkdir. Deməli, faktiki olaraq bəşəriyyət yenidən “kim-kimi” sualı ilə üz-üzə qalıbdır. Deməli, həm regional, həm də qlobal səviyyədə multikultural dəyərlərin müdafiəsi, təbliğı və təşviqi sadalanan acı reallıqlar kontekstində hər zaman olduğundan daha aktual və zəruridir. Bu sahədə Azərbaycan Respublikasının əsrlərlə formalaşmış təcrübəsi unikal örnəkdir. “Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bu reallıq fonunda müasir dövrdə həllini gözləyən yalnız bir əsas məsələ qalırdı. Yeni geosiyasi şəraitdə Azərbaycanın uğurlu inkişafını təmin edəcək ideoloji xəttin seçilməsi. Etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq dövlət təlimi milli ideologiya kimi irəli sürüldü.

Azərbaycan Respublikasında müxtəlif etnosların nümayəndələri kompakt şəkildə yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyanın qoruyub saxlayan unikal xüsusiyyətlərinin daşıyıcısıdır.

Beləliklə, multikulturalizm bizim ölkədə Azərbaycan dövlətinin sabit və davamlı siyasi kursudur. Azərbaycan dövləti əsrlər boyu bu ərazidə yaşayan xalqların milli-mənəvi dəyərlərinə, eyni zamanda humanist, ümumbəşəri dəyərlərə əsaslanaraq bu siyasəti gələcəkdə də davam etdirmək əzmindədir.

Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, “multikulturalizm” termini cəmiyyətin müxtəlif sahələrini əhatə edən bir anlayışdır. Multikulturalizm bir-birini tamamlayan və zənginləşdirən mədəniyyət və etnosların paralel varlığı və inkişafı, cəmiyyətdə mövcud olan fərqli norma və davranış qaydalarının alınması, qəbul edilməsi və tolerant münasibət göstərilməsidir. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir, mədəni müxtəlifliyi qəbul edir və onun inkişafına şərait yaradır. Multikultural cəmiyyətdə sağlamlıqları ilə bağlı sosium həyatında bilavasitə fəal iştirak edə bilməyən insanların hüquq və maraqlarının qorunması üçün şərait yaradılmalıdır.

Multikulturalizmin bu və ya digər modelinin tətbiqi üçün əsrlərlə formalaşmış müəyyən dəyər-məna əsaslarının axtarılması çox çətin vəzifədir. Belə ki, yanaşı yaşamanın dünya konsepsiyasının ümumi strategiyasının konkret etnomədəni və milli-mədəni inkişaf konsepsiyası ilə uzlaşması prinsipi qəbul edilməlidir.

Yanaşı yaşama – məhz elə dünyada mədəni siyasət strategiyasının axtarılması problemidir. Lakin mədəni siyasət anlayışı bu gün daha genişdir, çünki öz mədəni özəlliklərinin, mədəni sərvətlərinin bu və ya digər şəkildə təzahürü ilə əlaqədar baxdığımız bütün problemlər çox vaxt sosial konfliktlər sırasından olan problemlərlə bağlıdır. Buna görə, multikulturalizm mövzusu – dissiplinar problemdir, müasir dünyada sosial bərabərsizlikdən qurtulma cəhdlərinin mədəni bərabərsizliklə toqquşduğu və bunun da münaqişəli  situasiyalar doğurduğu sosiomədəni strategiya problemidir. Ola bilər ki, bir ölkəyə uyğunlaşmış modellərin digər ölkələrdə tətbiq edilməzliyinə gətirib çıxaran da elə məhz budur. Və tənqid, siyasi tənqid bizi multikulturalizmə yeni nəzərlərlə baxmağa məcbur edir. Hər şeydən əvvəl bir məsələni anlamaq lazımdır ki, multikulturalizmə mövcud mühitin demokratikləşdirilməsi, sərbəst qarşılıqlı təsirin və mədəni plüralizmin yaranması tendensiyası ilə səciyyələnən yeganə mümkün strategiya və ya çoxsaylı strategiyalardan biri kimi baxmaq lazımdır.

Şübhəsiz, ilk növbədə insanların mədəniliyi anlayışının özünün davamlılığı ilə bağlı problem əmələ gəlir. Əgər mədəni mühit lap qədimlərdən, uzun əsrlər boyu müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə açıq olan bir muhit kimi formalaşıbsa, onda bu mühitə digər mədəniyyətlərin inteqrasiyasının bütün digər prosesləri də tamamilə keçərli olur. Bu, mədəni rəngarənliyin təbii genişlənməsi, vəhdətin mürəkkəbləşməsi prosesidir. Hazırkı günümüz üçün multikulturalizm modellərinin mürəkkəbləşməsinin məhz bu səciyyəsi nümunəvidir. Bizdən digər mədəni dəyərlər sferasında sadəcə mədəniləşdirmə prosesi deyil, həm də müəyyən transkulturasiyalar prosesi olan adaptasiya konsepsiyalarına yenidən baxmaq tələb olunur. Bu prosesdə nəinki eyni tipli mədəniyyətlər, həm də ümumiyyətlə, yaxın keçmişdə mədəniyyətəqabil və dialoq üçün açıq kimi baxıla bilməyəcək digər mədəniyyətlər də qəbul edilir. Ona görə də adaptasiya problemi – insanlara ən çətin situasiyalarda belə uyğunlaşmağa kömək edə biləcək müasir institutların vasitələr axtarışı problemidir.

 

Məqalə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Gənclər arasında azərbaycançılıq ideyasının və multikultural dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.