"Pençe" əməliyyatı: Türkiyənin bölgədəki terrorizmə güclü zərbəsi

Türkiyə Silahlı Qüvvələri “Pençe” kod adlı əməliyyatlar çərçivəsində 3 il ərzində PKK terror təşkilatına güclü zərbə endirib. 

"Pençe" əməliyyatlarından ilki 2019-cu ildə Şimali İraqın Xakurk bölgəsində həyata keçirilib. Daha sonra Sinat-Haftain, Metina, Avaşin-Basyan və Zap ərazilərində silsilə əməliyyatlar həyata keçirilib. Pençe əməliyyatlarında bu günə qədər 1441 PKK terrorçusu zərərsizləşdirilib. 

Ilkxeber.org bildirir ki, "Pençe-Kılıç" adlı əməliyyatın son mərhələsi noyabrın 20-nə keçən gecə Suriya və İraqın şimalında başlayıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə terror təhlükəsi ilə mübarizə üçün yeni təhlükəsizlik konsepsiyası işə salıb” açıqlaması ilə ölkənin silahlı qüvvələri Şimali İraqda terrorçuların mövqelərini bir-bir məhv etməyə başlayıb. 

27 may 2019-cu il tarixində başlayan ilk "Pençe" əməliyyatı çərçivəsində İraqın şimalındakı Xakurk bölgəsində terrorçuların sığınacaqları və canlı qüvvəsi məhv edilib. 

Təhlükəsizlik qüvvələrinə verilən bütün tapşırıqlar uğurla yerinə yetirilib, bundan sonra Türkiyə Silahlı Qüvvələri əməliyyatın əhatə dairəsini genişləndirib. 

"Pençe" əməliyyatının birinci mərhələsi çərçivəsində 126 terrorçu, ikinci mərhələdə isə 102 PKK terrorçusu zərərsizləşdirilib. 

24 avqust 2019-cu il tarixində Türkiyə Milli Müdafiə Nazirliyi Sinat Haftayin bölgəsində "Pençe" əməliyyatının üçüncü mərhələsinin başladığını elan edib. 

Türkiyə Silahlı Qüvvələri noyabrın 20-nə keçən gecə İraqın şimalında və Suriyada PKK terrorçularına qarşı "Pençe-Kılıç" hərbi hava əməliyyatı həyata keçirib. 

Birinci mərhələdə 81, bazar günü səhər isə terrorçuların 8 obyekti məhv edilib. 

Vurulan obyektlər arasında sığınacaqlar, silah anbarları, qərargah adlanan yerlər, həmçinin terrorçuların təlim düşərgələri var. 

Məlumata görə, əməliyyat çərçivəsində çoxlu sayda terrorçu, o cümlədən terror təşkilatının liderləri zərərsizləşdirilib. 

"Pençe-Kılıç" hava əməliyyatı İraqın şimalındakı Qəndil, Asos, Xakurk bölgələri ilə yanaşı, Suriyanın şimalında Türkiyəyə terrorçuların hücumlar üçün baza kimi istifadə etdiyi Ayn əl-Ərəb, Təll-Rifat, Cizrə və Derik bölgələrində də uğurla keçib. 

Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı yerli istehsal olan sursatlardan daha çox istifadə olunub, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tapşırıqları uğurla yerinə yetirərək bazalarına qayıdıb. 

Məlumata görə, əməliyyatın əsas məqsədləri arasında Suriya və İraqın şimalında terror təhlükəsinin aradan qaldırılması olub.

Əməliyyat İstanbulun İstiqlal küçəsində törədilən, ikisi uşaq olmaqla 6 nəfərin öldüyü, 81 nəfər yaralandığı terror aktından sonra başlayıb.