Noyabrın 15-də Fransa Senatının aşağı palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib. Senat bununla həm Azərbaycanın daxili işlərinə kobud müdaxilə edib, həm də beynəlxaq qanunlara hörmətsizlik sərgiləyib.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev Reyting.az-a deyib ki, Fransanın bu davranışı Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçiliyin bariz nümunəsidir.
Azad Məsiyev bildirib ki, Senatın qəbul etdiyi sənəd həm də Azərbaycana ultimatum verməkdir: “Bu, həm də Azərbaycan Respublikasının suverenliyinin təhdidi anlamına gəlir. Qətnamə qərəzli, beynəlxalq hüquqa zidd, siyasi reallıqdan uzaq, böhtan xarakterlidir”.
Siyasi şərhçi Fransa Senatının qətnaməsini təhlil edib:
(1. Fransa hökuməti Ermənistana və “Dağlıq Qarabağ”a “təcavüzə” görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağrılır.
Buna cavab olaraq bildirirəm ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də 822 (1993), 853 (1993), 874 (1993) və 884 saylı qətnamələri var. Bu sənəddə Ermənistan işğalçı dövlət kimi qeyd edilib. Fransa isə BMT Təhlükəsizlik Şurasının beş üzvündən biri kimi məlum sənədlərin qəbuluna səs verib. BMT Təhlükəsizlik Şurasının sənədlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisindən dərhal çıxarılması qeyd edilir. 30 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, BMT öz qərarlarının icrasına göz yumub. Beynəlxalq hüquqa görə isə, Azərbaycanın öz ərazisini müdafiə etmək, işğalçılardan təmizləmək haqqı var. Beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək 44 günlük müharibə zaman Azərbaycan öz ərazisini işğaldan azad edib. BMT, o cümlədən dünya içtimaiyyəti də Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.
2. Azərbaycan sentyabr döyüşlərində “Ermənistanın suveren ərazisinə hücumda” ittiham olunur və rəsmi Bakını “qoşunları Ermənistandan çıxarmağa” çağırırlar.
Bu məntiqsiz və qərəzli çağırışa cavab olaraq diqqətə çatdırıram ki, 12-13 sentyabr tarixlərində sərhəddə baş verən münaqişə Ermənistan Respublikasının siyasi rəhbərliyi tərəfindən, planlı şəkildə həyata keçirilən bir təxribat idi. Fransa başda olmaqla, Qərbin siyasi sifarişi ilə törədilən təxribatın məqsədi Ermənistan-Azərbaycan münaqişəsini yenidən beynəlxalq müstəviyə qaldırmaq məqsədi güdürdü. Xatırlatmaq yerinə düşər ki, 12-13 sentyabr hadisələrindən dərhal sonra Fransanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi BMT-də müzakirəyə çıxarıldı.
Onu da xatırladım ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər müəyyən edilməyib, Ermənistan hər dəfə müxtəlif bəhanələrlə bu məsələdən, yəni sərhədlərin dəqiqləşdirilməsindən yayınır. Bu baxımdan kim tərəfindən, kimin, hansı sərhəddinin pozulması sual altındadır. 10 noyabr üçtərəfli sənəddə açıq şəkildə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisindən çıxarılmalıdır. Ermənistanın baş naziri Paşinyan isə bunu öz imzası ilə təsdiqləyib.
3. Sənəddə Fransanın “Dağlıq Qarabağı” tanınmasının vacibliyi bir daha təsdiq olunur.
Qeyd edim ki, bu, beynəlxalq hüquqa zidd davranışıdır. Fransa bununla Azərbaycanın suveren ərazisi üzərində pozuculuq edir, separatizmi qızışdırmaqla ərazi bütövlüyümüzü təhdid altında qoyur. Dünya ictimaiyyəti və beynalxalq təşkilatlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı halda Fransanın bu çağrışları BMT nizamnaməsinə ziddir. Eyni zamanda dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan addımdır.
4. Laçın dəhlizinin statusunun dəyişməz qalacağına təminat verilməsi tələb edilir.
Bu məsələyə münasibətimə gəldikdə, xatırladıram ki, Laçın dəhlizi Azərbaycan Respublikasının ərazisidir. Laçın dəhlizi 10 noyabr 2020-ci il tarixdə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan məlum sənədə əsasən gündəmə gələn bir məsələdir. Fransanın bu məsələyə heç bir adiyyatı yoxdur və Fransa qarşısında öhtəlik götürməmişik. Fransanın bu məsələ ilə bağlı tələbi siyasi etikadan uzaq, diplomatik davranışa ziddir.
5. Senat Fransa hökumətini avropalı müttəfiqləri ilə birlikdə Azərbaycanın “yeni hücumlarına” güclü və adekvat cavab verməyə çağırır.
Diqqətə çatdırıram ki, bu çağırış Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə mane olmaqdır. Bu münaqişənin həlli üçün vasitəçilik edən tərəflərdən biri də Brüsseldir. Fransanın bu çağrışı Brüsselin fəaliyyətinə kölgə sala bilər. Bildiyiniz kimi, Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biridir və Senatın bu qərarı Aİ-nin tərəfsizliyini şübhə altına ala bilər.
6. Senat həm də Azərbaycan rəhbərliyinə, o cümlədən Azərbaycanın neft və qaz ixracına sanksiyalara çağırış edir.
Məlumat üçün qeyd edim ki, Azərbaycanda Fransanın təxminən 40-a yaxın nəhəng şirkəti var. "Total", "Alstom", "Suez", "Thales", "Danone", "Airbus", "Bouygues", "İveco", "Sanofi" və "Rothschild" uzun illərdir Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər. Bu şirkətlər Azərbaycan ərazisində külli məbləğdə qazanc əldə edərək Fransaya aparıblar. Materiyanın bir qanunu var - təsirin əks-təsirə bərabərliyi pirinsipi. Senatın bu çağrışı Azərbaycan Respublikasında fəaliyyət göstərən Fransa şirkətlərinə zərbə vura bilər. Yəni Senatın erməni sevdası, Fransanın 40-a yaxın şirkətinin Azərbaycandan getməsi ilə nəticələnər.
7. Fransa hökumətindən Qarabağda “humanitar ofisin” yaradılması, “Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi” və İrəvana bütün vasitələrlə dəstəyin göstərilməsi xahiş olunur.
Bu çağırışa cavab olaraq bildirirəm ki, Azərbaycan ərazisində xarici dövlətlər hümanitar ofis açmaq istəyirsə, bu, yalnız Azərbayan Respublikasının razılığı və qanunları ilə tənzimlənməlidir. Fransanın Azərbaycanın razılığı olmadan onun Xankəndi şəhərində hər hansı ofis açmaq istəməsi beynəlxalq qanunları pozmaqdır. Fransanın bu addımı Ermənistan-Azərbaycan münaqişəsini yenidən qızışdırmaq və Cənubi Qafqazda xaos yaratmaq məqsədi güdür.
Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi və İrəvana bütün vasitələrlə dəstək vermək kimi çağrışlar Azərbaycana hədə-qorxu gəlmək, ərazisini güc yolu ilə dəyişdirmək, Ermənistanı münaqişəyə sövq etməkdir”.
Azərbaycan Milli Məclisinin plenar iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə parlamentarilərimizin mövqeyinə gəldikdə, Azad Məsiyev düşünür ki, bu, mövqe Fransa Senatının qətnaməsinə atekvat deyil. Müsahibimiz hesab edir ki, Azərbaycanın daha sərt danışmaq haqqı var. Çünki Fransanın mövqeyi həm beynəlxalq hüquqa, həm siyasi reallığa, həm də Avropa İttifaqının Ermənistan-Azərbaycan arasında vasitəçiliyinə ziddir.
Onu da xatırladaq ki, Fransa dövləti saxta erməni soyqırımı ilə bağlı qanun qəbul edib və Fransa ərazisində “erməni soyqırımı”nın əleyhinə mövqe bildirənlərə cinayət iş açıla bilər. Fransanın Əlcəzairdə, o cümlədən digər ölkələrdə törətdiyi soyqırımla bağlı Milli Məclis də qanun qəbul etməlidir.
A.Məsiyev bildirib ki, Fransa beynəlxalq terror təşkilatını himayə edən bir dövlətdir, istər İŞİD, istər ASALA, istərsə də PKK Fransa xüsusi xidmət orqanları tərəfindən idarə olunur, eyni zamanda onlara maddi və texniki dəstək verirlər.
Hətta Fransanın "Lafarge" şirkəti İŞİD terror təşkilatını xammalla təmin etdiyini etiraf edib. Fransa xüsusi xidmət orqanlarının İŞİD terror təşkilatı ilə sıx təmasının olduğu bildirilir. Suriya ərazisində İŞİD-in nəzarətində olan quyulardan nefti Fransa dövləti daşıyıb. Bu baxımda Milli Məclisin Fransa dövlətini terroru himayə edən, terror təşkilatı ilə əlaqəsinə dair qanun qəbul etməlidir.
A. Məsiyevin fikrincə, Fransa Senatı qəbul etdiyi qətnaməni ləğv etməyincə Ermənistan-Azərbaycan sülh danışıqlarında Brüsselin vastəçiliyi məqbul sayıla bilməz: “Bu baxımdan Brüssel formatında danışıqları müvəqqəti dəyandırılmalıdır, bu barədə Milli Məclis qərar qəbul etməli, Avropa İttifaqının rəsmilərinə müraciət olunmalıdır. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinə Milli Məclis xəbərdarlıq məktubu göndərməlidir ki, Senatın qəbul etdiyi qətnamə ləğv edilmədiyi halda Azərbaycanda fəaliyyətləri məqbul sayılmayacaq. Bununla yanaşı Senatın qəbul etdiyi qətnamə BMT-nin məlum nizamnaməsinə, beynəlxalq konvesiyalara, diplomatik qaydalara uyğun olmadığına görə iki dövlət arasında diplomatik əlaqələrin kəsilməsi gündəmə gətirilməlidir”.
© 2020 - Created by İLK XEBER.