Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən - noyabrın 15-dən 18-dək davam edən qardaş Türkiyəyə səfər başa çatdı. Səfərdə bir qrup həmkarımla yanaşı, digər ölkələrdən - Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Rumıniya və Serbiyadan olan jurnalist və blogerlər də iştirak edirlər. Səfər çərçivəsində öncə İstanbula gəldik. Növbəti gün İstanbuldan Sivasa uçduq, oaradan isə Ərzincana səfər etdik.
Olduqca maraqlı keçən səfərimizdə, qardaş ölkənin qədim tarixi-memarlıq abidələri, eləcə də digər turistik məkanları ilə tanış olmaq imkanımız oldu. Əvvəlcə, Səlcuqlu sultanlarının məkanı olan Sivasın Divriyi bölgəsində Zanbaq oymalı Ulu məscidi ziyarət etdik.
Qeyd edək ki, bu qiymətli memarlıq abidəsi XIII əsrə aiddir və Əhməd Şahın həyat yoldaşı Turan Məlik tərəfindən inşa edilib. Bu abidəyə məscid, mədrəsə və xəstəxana daxildir. Abidənin qapıları önündə Qurani-Kərim ayələri ilə bərabər Məhəmməd peyğəmbəri simvolizə edən zanbaq gülünün əks olunduğu oymalar həkk olunub. Burada həm də ruhi xəstələri su səsi ilə müalicə edirlər. Hazırda restavrasiya olunan abidə UNESCO-nun mədəni irs siyahısına daxildir. Sivasda yerləşən Konqres mərkəzi də tarixi baxımdan çox maraqlıdır. Belə ki, Mustafa Kamal Atatürk 1919-cu il sentyabrın 4-də Sivasa gələrək bu binadan Türkiyənin azadlığı uğrunda mübarizəyə başlamışdır.
Sivasda yerləşən Kale kompleksi Səlcuqlu dövründə 1217-ci ildə tikilib. Kompleksə 2 mədrəsə, karvansaray, hamam və şəfa yeri daxildir.
Şəfa yerində sonradan Səlcuqlu sultanı İzəddin Keykavus dəfn edilib və türbəsi tikilib. Qeyd edək ki, ərazidə 1580-ci ildə Sultan III Murad dövründə məscid tikilib.
Sivasdakı yeddi yüz yaşlı Gök mədrəsə-muzeyi də ziyarət məkanı kimi olduqca maraqlıdır. Mədrəsə Səlcuqlu Türk dövlətinin padşahı Qiyasəddin Keyxosrov tərəfindən 1271-ci ildə səlcuqlu türk arxitekturasına uyğun olaraq tikilib. Mədrəsənin giriş qapısı kandarı mərmərdən tikilib. Mədrəsə-muzeyin tərkibində 19 otaq var ki, vaxtı ilə orada həm ibadət edilib, həm də dərslər keçirilib. Hazırda bərpa işləri ilə bağlı içəri girişi olmayan mədərəsə-mizey yaxın günlərdə ziyarətçilər üçün açılacaq.
Səfərimiz Ərzincanda tolerantlıq nümunəsi olan Kemaliye ilçəsi ilə davam etdi. Burada 1865-ci ildə tikilən erməni kilsə ilə tanış olduq. Vaxtilə ermənilər bu kilsənin tikən zaman pulları qurtarıb və tikili yarımçıq qalıb. Ancaq müsəlmanların yaxından dəstəyi ilə kilsənin inşasını başa çatdırıblar. Hazırda bu abidə Kemaliyə Etnoqrafiya Müzeyi kimi fəaliyyət göstərir. Muzeydə yerli əhaliyə məxsus maddi-mədəniyyət nümunələri sərgilənir, özəl muzey olmasına baxmayaraq, burada əhalinin təşəbbüsü ilə eksponatlar toplanıb. Abidənin alt mərtəbəsində isə parça sexi fəaliyyət göstərir. Qadınların çalışdığı bu sexdə pambıq iplərdən müxtəlif növ məhsullar hazırlanır.
Kemah ilçəsində isə 950 ildir dəfn edilməyən Səlcuqlu sərkərdəsi Sultan Məlik Məngüçək Əhməd qazinin türbəsini ziyarət etdik. Türbənin üzərində “Kemah. Sultan Məlikqazi türbəsi. (1191) yazılmış lövhə asılıb. Qeyd edək ki, Sultan Məlik Məngüçək Əhməd qazi Arparslanın çox sevdiyi sərkərdələrdən biri olub. İlçənin başçısı Muhammed Şükrü Pekpak Kemah yaşayış məntəqəsi barədə məlumat ver qeyd edib ki, Kemahın 3 min illik tarixi var. Yerin adı Urartu dövləti dönəmindən gəlir. Eyni zamanda Kemah Sultan Arparslan tərəfindən səlcuqluların mülkünə çevrilib. Daha sonra Əmir Teymur tərəfindən işğal olunub. Sonralar Osmanlıların tərkibində olub. Zaman-zaman bura ruslar tərəfindən işğal olunsa da, Osmanlılar tərəfindən geri alınıb.
Ərzincan özünün “Qara konyon”u, Daş yolu ilə də məşhurdur. "Qaranlıq tunel" (“Qara konyon”) Fərat ən böyük qolu ola “Qarasu” çayını sol və sağ tərəfdən əhatəyə almış hündür və əzəmətli qayaların arasındadır. Uzunliuğu, təxminın 8 km-dir.
Qeyd edim ki, qısa müddətli bu səfərimiz olduqca maraqlı xatirələrlə yaddaşımda qaldı. Təəssüf ki, Türkiyənin digər məşhur bölgələrinə nisbətən səfər etdiyimiz bu yerlərə xarici turistlər az cəlb edilirvə Ərzincanın təbiəti, qədim tarixi-memarlıq abidələri, eləcə də digər turistik məkanları turistlər üçün çox cəlbedici olduğuna qəti əminəm. Daha ətraflı səfər təəssüratlarımı yaxın günlərdə siziblə paylaşacağıma söz verirəm.
Xanoğlan Əhmədov,
Bakı-İstanbul-Sivas-Ərzincan-İstanbul-Bakı
15 noyabr-18 noyabr 2022-ci il
© 2020 - Created by İLK XEBER.