"Senatın bədnam qətnaməsi Fransanın ölkəmizə qarşı növbəti təxribatıdır"

Xanoğlan Əhmədov

Noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı bədnam qətnaməsi Fransa dövlətinin ölkəmizə qarşı növbəti təxribatıdır, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə yalnız xələl gətirir.

Bu fikirləri Ilkxeber.org-a açıqlamasında Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri  Xanoğlan Əhmədov Fransa Senatının  qətnaməsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, Fransanın növbəti dəfə qərəzli siyasi mövqeyinin bariz nümayişidir: 

"Azərbaycanla bağlı son qətnaməni - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və beynəlxalq hüquqa, BMT nizamnaməsinə açıq hörmətsizlik, ölkəmizin ərazı bütövlüyünə və suverenliyinə növbəti qəsd cəhdi kimi qiymətləndirirəm". 

X.Əhmədov qeyd edib ki, bu qətnamə rəsmi Fransanın regionda sülhün və sabitliyin yaranmasında deyil, münaqişənin davam etməsində maraqlı tərəf olmasının göstəricisidir. 

"Fransanın Ermənistanı növbəti təcavüzkar hərəkətlərə şirnikləndirdirməsinin aşkar sübutudur.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasında və regionda sülhyaratma prosesində vasitəçilik iddasında olan Fransa dövlətinin təcavüzkar Ermənistanı bu qondarma qətnamə ilə dəstəkləməklə, Ermənistanın müdafiəçisi kimi çıxış etməklə, özünün vasitəçilik missiyasını və BMT Təhlükəsizlik Şurasının daimi üzv statusunu şübhə altına alır. 

Fransa bu addımı ilə heç bir halda Azərbaycan- Ermənistan münasibətlərinin normallaşma prosesində iştirak edə, bölgəmizdə sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verə bilməz. Ona görə də, Fransa ilə əlaqələrimizə yenidən baxılmasını məqsədəuyğun sayır və qərəzli qətnaməni qəti şəkildə pisləyirəm", - deyə o bildirib.