Müasir inkişaf konsepsiyası: azərbaycançılıqdan multikulturalizmə

Müasir dövrdə cərəyan edən mürəkəb proseslərdə yalnız güclü olan xalq qələbə qazana, özünün milli, mənəvi, dini, tarixi ənənələrini qoruyub gələcək nəsillərə ötürə bilər. Bu baxımdan qarşıda duran ən mühüm məsələ, eyni zamanda ən ali məqsəd qlobal inteqrasiya prosesində Azərbaycan xalqının dəyərlərini dünyaya lazımınca və layiqincə təqdim etmək, həmçinin xalqımıza məxsus olan dəyərlərin yalnız mütərəqqi dünya dəyərləri ilə üzvi sintezinə nail olmaq hesab olunur ki, bizi birləşdirən bu dəyərlər azərbaycançılıq ideologiyasının əsasını təşkil edir.

Azərbaycan xalqı özünün adət-ənənələrini, mənəvi, dini dəyərlərini tarixin bütün keşməkeşli dövrlərində qoruyub saxlayıb. Hazırda, milli bayramlarımızın keçirilməsi, bu bayramlarda bizə məxsus olan ənənələrin yada salınması, təkrarlanması, qorunması çox mühüm bir məqamdır və bu da öz növbəsində təsdiq edir ki, Azərbaycan xalqı dövrümüzə qədər öz ənənələrinin keşiyində olub və bu gün də bu ideologiyaya sadiqdir. Dini dəyərlərə qarşı çıxan və 70 illik mövcudluğu dövründə xalqların ənənələrini qəbul etmək istəməyən Sovetlər İttifaqı dövründə də xalqımızın öz dini dəyərlərini qoruması onun dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.

Müstəqilliyimizin bərpasından dərhal sonra azərbaycançılığın ümummilli ideya halına gəlməsi, eləcə də bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi aktual bir məsələyə çevrildi. Məhz azərbaycançılıq ideologiyası Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi parçalamaq cəhdlərinin qarşısında ən güclü ideoloji, eləcə də siyasi sipər oldu və bu baxımdan çox önəmli hesab olunur.

Bu ideya həm də imkan verir ki, dünyanın harasında olmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin, dövlətçiliyinin güclənib, qüdrətlənməsi, xalqımızın gələcək rifah halında yaşaması naminə çalışmalı, fəaliyyət göstərməli, əlindən gələni etməlidir. Azərbaycançılıq ideologiyasının birləşdirici meyar olmasını əsas tutaraq, hər bir azərbaycanlı buna uyğun fəaliyyət sərgiləməlidir. Çünki milli birliyi, həmrəyliyi təmin etməklə bütün çətinlikləri dəf etmək mümkündür. 44 günlük müharibə dönəmində də bunun şahidi olduq və xalqımızın birliyi qələbəmizi şərtləndirən amillərdən biri, bəlkə də birincisi oldu. Nəzərə almaq lazımdır ki, bundan sonra qarşıda yenə də çətinliklərlə üzləşə bilərik və artıq davam etməkdə olan qloballaşma prosesinin mənfi xüsusiyyətlərini dəf etmək, böyük tarixə malik bir xalq kimi qalib çıxmağımız üçün azərbaycançılıq ideologiyasını daha da gücləndirmək, xüsusilə, buna sadiq olmaq lazımdır. Çünki, azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir və məhz azərbaycançılıq ideologiyası xalqımızı birləşdirən dəyərdir.

 

 

 

Yalnız ərazimizdə yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayırdığı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz azərbaycançılıq ideologiyasıdır.

Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin məcmusunu, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri ehtiva edən konsepsiyadır. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıların Respublikamıza münasibətdə üzərinə düşən öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən bir strategiyadır.  

Torpağımız qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütovlüyünə və tarixinə onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlır. Azərbaycanın və azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də azərbaycançılığın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq hissi keçirənlər də həmişə olmuşdur.

Qloballaşmanın müasir mərhələsində azərbaycançılıq məfkurəsi ölkəmizdə tarixən bərqərar olmuş multikulturalizmi nəinki inkar etmir, əksinə, onu öz daxili məzmununun, bu məzmunun elementlərinin tərkib hissəsi kimi götürür. Bu baxımdan Azərbaycan multikulturalizmi azərbaycançılıq məfkurəsinin təməl daşları olan dövlətçilik, milli-mənəvi dəyərlər, müasirlik və milli mentalitetimizə hopmuş tərkib hissəsi kimi dünyada baş verən assimilyasiya, izolyasiya, aparteid, milli və dini ayrı-seçkiliyə alternativ olaraq təqdim olunur.

Multikulturalizm cəmiyyətin tarixi inkişafının məhsulu, cəmiyyətdə baş verən proseslərdən qaynaqlandığı üçün öz mahiyyətinə görə ictimai hadisədir. İctimai hadisə kimi formalaşan multikulturalizm həyatın digər sahələrinə öz təsirini göstərir, onlarla qarşılıqlı münasibətdə olur.

Multikulturalizm fəlsəfəsinin mahiyyəti irqindən, cinsindən və dinindən asılı olmayaraq bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Bu isə “bəşəriyyət doğma bir ailədir” məntiqi nəticəsini verir. Deməli, milli, dini, irqi, etnik və s. ayrı-seçkiliklər, ikili standartlar yalnız müxtəlif maraqlardan, o cümlədən siyasi maraqlardan qaynaqlanır.

Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Çünki multikulturalizim alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizmdir.

Hazırda respublikamızda 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdilli, irandilli, türkdilli, slavyandilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq torpaqlarımızda məskunlaşmışlar. İslamaqədərki dövrdə Azərbaycanda konfessional durum özünün rəngarəngliyi ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın nestorian məzhəbinə sitayiş etsələr də, Qafqaz Albaniyasında əhalinin az bir hissəsi politeist dinlərə, böyük əksəriyyəti isə xristianlığın diofizit və monofizit məzhəblərinə etiqad etmişlər.

Ərəb xilafəti dövründə islam dini Azərbaycanın bütün bölgələrində yayıldı. Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan əhali xristianlığı qəbul etmişdi. O zaman ərəblər “kitab əhli” olduğu üçün onların dini etiqadına dözümlə yanaşmışdılar.

Göründüyü kimi, xalqımızın tarixən keçdiyi konfessional təkamül ona polikonfessional mədəniyyət çalarları gətirmişdir. Ölkəmizdə zərdüştlük, xristian, islam abidələri fərq qoyulmadan xüsusi qayğı ilə qorunub saxlanılır. Əcdadlarımızın yaşadığı tarixi şərait multikultural ənənələrin yaranması üçün zəmin olmuş, konfessiyalara qarşı tolerantlıq mədəniyyətini formalaşdırmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən - 1918-ci il mayın 28-də “İstiqlaliyyət haqqında akt” qəbul edərək bütün insanlara hüquq bərabərliyi verdi. Bu bərabərlik yalnız sözdə deyil, dövlətin qanunverici orqanı kimi formalaşdırılan parlamentdə də öz praktiki ifadəsini tapdı. Belə ki, parlamentdə nəzərdə tutulan 120 deputat yerindən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u Bakı Rus Milli Şurasına, 1-i Alman Milli Təşkilatına, 1-i Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə verilmişdi.

Sovet dönəmindən sonra müstəqilliyini bərpa edən xalqımızın multikultural dəyərləri azərbaycançılığın əsas sütunu olan dövlətçiliyimizin və onun tərkib hissəsi kimi götürdüyümüz dövlətçilik ideologiyasının, psixologiyasının və ənənələrinin nəinki mənəvi-nəzəri tərəflərinə hopmuş, həmçinin əməli fəaliyyətinin əsas qayəsinə çevrilmişdir.

Polietnik əhaliyə malik olan Azərbaycan Respublikası azsaylı xalqların hüquq və azadlıqlarının qorunmasını müstəqilliyimizin ilk illərindən dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi götürmüşdür. Qanunvericiliyimizdə azsaylı xalqların mədəni inkişafı, onların hüquqlarının qorunması əsas vəzifə kimi irəli sürülmüşdür.

Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin hüquqi bazası dövlətin ali qanununa - Konstitusiyaya əsaslanır. Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respublikasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Konstitusiyanın 25-ci maddəsinin 3-cü bəndində deyilir:”...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyə, əqidəyə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.

Azərbaycan Respublikasının Konstitusiyası ölkə əhalisinin tərkib hissəsi olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasını əsas götürərək ikinci bölmənin 44-cü maddəsində göstərir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.

Azərbaycan 1995-ci il fevralın 1-də Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası”nı imzalamış və 16 iyun 2000-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın 4-cü maddəsində göstərilir ki, Avropa Şurasının üzvü olan bütün dövlətlər “milli azlığa mənsub olan hər bir şəxsin qanun qarşısında bərabər müdafiə olunmaq hüququna zəmanət verirlər. Bununla əlaqədar olaraq, milli azlığa mənsubluğa əsaslanan hər cür ayrı-seçkilik qadağan olunur.”

Xalqımızın tarixən formalaşmış multikultural ənənələrini inkişaf etdirən Azərbaycan Respublikası ölkənin azsaylı xalqlarının mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamağa yardımçı olmaqla bərabər, onlara etnik mənşə və konfessional fərqlərindən, dilindən, dinindən, sayından asılı olmayaraq tolerantlıq ənənələrini əsas götürərək öz potensiallarını reallaşdırmaq üçün tam şərait yaratmışdır.

Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, onların sırasında “Birlik” cəmiyyəti, Ukrayna cəmiyyəti, Alman-Azərbaycan cəmiyyəti, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-İsrail cəmiyyəti, “Ronai” kürd mədəniyyət mərkəzi, “Samur” ləzgi milli mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, “Kapelhaus” alman mədəniyyət icması, “Polonia” polyak mədəniyyət mərkəzi və başqaları fəaliyyət göstərirlər. İslam dinini, pravoslavlığı və iudaizmi özündə birləşdirən “Üç qardaş” təşkilatının respublikamızda fəaliyyət göstərməsi multikultural mədəniyyətin daşıyıcısı olan dövlətimizin tolerantlıq ənənələrinə hörmətlə yanaşmasının bariz nümunəsidir.

Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi siyasət, öz növbəsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin, ümumbəşəri humanitar məsələlərin müzakirə və həll olunduğu müqəddəs bir məkana çevrilməsi dünya ictimaiyyəti tərəfindən artıq etiraf edilməkdədir.

Məqalə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Gənclər arasında azərbaycançılıq ideyasının və multikultural dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.