“Bakı hara, bura hara...” - Emin Sabitoğlunun xatirəsinə!

Qəzənfər Həmidoğlu

Göy Bosforda gəmi üzər

Yada düşər mavi Xəzər...

Taleyim gətirdi bura,

Bakı hara, bura hara...

 

2000-ci ilin yayı idi. O vaxtlar “Ekspress” qəzetinin redaksiyası Bayılda yerləşirdi. Maşınla “Muzkomediya”nın yanından keçəndə gözümə tanış bir şəxs satışdı. Emin Sabitoğlu idi. Teatrın girişindən bir qədər kənarda divara söykənmişdi, fikirli görünürdü.

Salam-məleykimiz vardı, 90-cı illərin əvvəlində “Oğuz eli” qəzetinin redaksiyasında Vaqif Səmədoğlu (ruhu şad olsun!) tanış eləməşdi. O vaxtlar professor Kamil Vəli Nərimanoğlunun baş redaktoru olduğu “Kitabi-Dədə Qorqud ensiklopediyası”nda işləyir, “Oğuz eli” üçün də yazırdım. Emin Sabitoğlu ilə tanış olanda Vaqif Səmədoğludan soruşmuşdu: “Vaqulya, bunu hardan tapmısan, bir suyu Mir Cəfərə oxşayır?...

Yaxınlaşıb hal-əhval tutdum. Bir-iki həftə olardı İstanbuldan qayıtmışdı. Dedim, Emin müəllim, gedək Bayıla, redaksiyaya. Birlikdə gəldik “Ekspress”ə, təsisçimiz Müşfiq müəllimin (Müşfiq Səfiyev, ruhu şad olsun!) otağında söhbətləşdik. Geniş müsahibə alındı, “Ekspress”də düz bir həftə getdi…

Redaksiyadan birlikdə qayıtdıq Musiqili Teatrın yanına. Bir qədər söhbət etdik. Qərarsız, qəmgin görünürdü, fikri başqa yerdə idi. “İndi də İstanbul üçün darıxırsınız?” – deyə zarafat etmək istədim. Emin müəllim kədərli gülümsündü: “Oranın həsrətində deyiləm, amma burda da bir başqa darıxıram. Adamlar başqa cür olublar…”

8 gün əvvəl – noyabrın 2-də böyük bəstəkarımızın 85 illik yubileyi idi, 8 gün sonra – noyabrın 18-də vəfatından 22 il ötəcək…

Məzarı nurla dolsun, ruhu şad olsun!