Hər hansı bir dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Hətta totalitar dövlətlər demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra bir müddət əxlaq, mənəviyyat kimi ənənəvi ictimai dəyərlər insanlar tərəfindən fərqli qəbul edilir. Azərbaycanın müstəqilliyinin ilk illərinin təcrübəsi də buna sübutdur. Belə ki, uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi. Buna görə də, əhalinin gələcəyə inamsızlığı, qarşıya çıxan çoxsaylı problemlərə cavabsız sualları onları ümidsizliyə və passivliyə sövq edirdi.
Əslində isə güclü və hüquqi dövlət quruculuğu prosesində vətəndaşlar fəal iştirak etməlidir. Bu proseslərdə iştirak müxtəlif formalarda ifadə oluna bilər. Bunlara seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində və ictimai dəyərlərin qorunmasında iştirakı göstərmək olar. Cəmiyyətdə yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir. Azərbaycanda bu dəyərlərin məcmusu kimi azərbaycançılıq ideyası yer alır.
Azərbaycan xalqı milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir.
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılıq ideologiyası XIX əsrin sonu - XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçib.
İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilib. Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşmişdir. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.
Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.
Azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir.
Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi, azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir.
Azərbaycançılıq təkcə vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldimiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır.
Azərbaycançılıq ideyası hamının bərabərhüquqlu Azərbaycan vətəndaşı olmasını təmin etmək üçün düşünülmüş birgəyaşayış modelidir. Bu modelin təşviqi, insanların özlərini millətindən, irqindən, cinsindən, dini mənsubiyyətindən asılı olmayaraq, real zəmində bərabərhüquqlu hiss edə bilsinlər deyə vacibdir. Azərbaycançılıq həm də Azərbaycanı parçalamaq istəyən qüvvələrə qarşı yönələn cəmiyyətin vazkeçilməz silahıdır. Bu model durduqca, Azərbaycan cəmiyyətinin içində parçalanma meyllərini gücləndirmək mümkün olmayacaq. Çünki burada hər kəs fərqli din, dil, mədəniyyət anlayışlarını bir kənara qoyub, birlikdə bərabərlik göstərməyə meyl göstərir.
Ümumiyyətlə, Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkədir. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideologiyası möhkəm əsaslara malikdir. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.
Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Beləliklə, azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir vətəndaşımız azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.
Hər bir halda politoloji, sosioloji, hətta etimoloji cəhətdən azərbaycançılıq termininə müxtəlif yanaşmalar mövcud olsa da, onun əsas fəlsəfəsi dəyişməzdir. Azərbaycançılıq - özündə “vətəndaşlıq”, “vətənpərvərlik”, “loyallıq”, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.
Beləliklə, azərbaycançılıq milli dövlət ideologiyası kimi konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik, loyallıq və vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Əksər mütəxəssislərin də vurğuladıqları kimi, azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir.
Azərbaycançılıq nisbətən yeni ideologiya olsa da, uzun müddət hüquqi dövlət və demokratik rejimin formalaşmasında rol oynayan, azad xalqları birləşdirən, hüquq elmində kifayət qədər təhlil olunan konstitusionalizmin elementlərini cəmləşdirir. Konstitusionalizmin əsas elementlərinə bunları aid etmək olar: demokratik və hüquqi rejim, insan hüquqlarının aliliyi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti, yerli özünüidarə və s. Təbiidir ki, konstitusionalizm ideologiyasının hakimiyyət strukturunda, vətəndaş cəmiyyəti institutlarında dərk edilməsi konstitusiya münasibətlərinin sabit inkişafı ilə bağlıdır.
Azərbaycançılığın və konstitusionalizmin məqsədlərində böyük oxşarlıq var. Hər ikisi ideoloji funksiyalarına görə fərdlə dövlət arasında ədalətli bərabərhüquqlu münasibətlər və dəyərlər sistemi yaradır, habelə demokratik və hüquqi dövlətdə idarəçiliyin effektiv təşkilinə xidmət edir. Azərbaycançılıqla konstitusionalizmin oxşarlığını aşağıdakı fikirlə ifadə etmək olar: azərbaycançılıq ideologiyası hüquqi və demokratik Azərbaycan dövlətini möhkəmləndirməyə, müstəqil Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxarmağa xidmət edir.
Konstitusionalizm də dövlət quruculuğunda analoji məqsədləri güdür. Bu iki ideologiyanın fərqli xüsusiyyətləri də var. Təsir etdikləri obyektlərin predmeti eyni olsa da, öz əhatə dairəsinə görə konstitusionalizm qlobal xarakter, azərbaycançılıq isə konkret bir xalqı birləşdirən lokal xarakter daşıyır.
Məqalə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Gənclər arasında azərbaycançılıq ideyasının və multikultural dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.