İsveç NATO-ya daxil olmağı planlaşdırırsa, Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdır.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İsveçin baş naziri Ulf Kristerssonla danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.
“İsveç öz təhlükəsizliyi üçün NATO-ya üzv olmaq istəyir, Türkiyə də öz növbəsində Stokholmdan Ankaranın təhlükəsizlik sahəsində maraqlarının dəstəyini gözləyir”, - Türkiyə lideri xüsusilə qeyd edib.
Onun sözlərinə görə, Türkiyə İsveçdən NATO-nun iyun sammitində Ankara, Stokholm və Helsinki tərəfindən imzalanmış Üçtərəfli Memorandumun müddəalarının ciddi şəkildə yerinə yetirilməsini gözləyir: “Türkiyə İsveçin NATO-ya üzvlüyünün həyata keçirilməsini və üçtərəfli memorandumun tam icrası əsasında iki ölkə arasında münasibətlərin müttəfiqlik xarakteri daşımasını səmimiyyətlə arzulayır”.
NATO-nun iyunun 28-də Madriddə keçirilən sammitində Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandum imzalanıb. Sənəd Türkiyə tərəfinin Skandinaviya ölkələrinin Ankaranın təhlükəsizlik narahatlığına əməl etməsi şərti ilə NATO-ya daxil olmasını dəstəklədiyini təsdiqləyir.
Ərdoğan İsveç ərazisində Türkiyənin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarının fəaliyyətinə şərait yaradılmasının yolverilməzliyinə diqqət çəkib.
“PKK/PYD/YPG, FETÖ və DHKP-C terror təşkilatları İsveçdəki demokratik mühitdən sui-istifadə edə bilməməlidirlər”, - Ərdoğan vurğulayıb.
Türkiyə lideri bildirib ki, NATO müttəfiqləri ilk növbədə bir-biri ilə həmrəylik nümayiş etdirməli, öz ölkələrində terrorçulara sığınacaq verməməlidirlər.
İsveçli jurnalistin "İsveçdən konkret olaraq nə tələb olunur?" sualı cavablandıran Ərdoğan FETÖ terror təşkilatının üzvü, qaçaq Bülent Keleşin deportasiya edilməsini istəyib.
"Görüşümüzün hədəfi, xüsusən də İsveçin terrorla mübarizədə tutduğu mövqe və bu rəqəmlərin 30, 70 və ya 100 tək olması ayrı-ayrılıqda müzakirə edilə bilən məsələlərdir. Bu arada onlardan 4-ü faktiki olaraq deportasiya edilib. Belə bir vəziyyət var. Amma FETÖ terror təşkilatından biri var ki, hazırda İsveçdədir, onun adını verəcəm; Bülent Keneş, bu terrorçunun Türkiyəyə deportasiyası bizim üçün böyük əhəmiyyət kəsb edir və İsveçin bununla bağlı daha həssas davranmasını istəyirik", - deyə Ərdoğan bildirib.
İsveçin baş naziri Ulf Kristersson da öz növbəsində əmin edib ki, Stokholm terrorla mübarizədə Türkiyə qarşısında götürdüyü bütün öhdəliklərə əməl etmək niyyətindədir.
Onun sözlərinə görə, İsveç “Türkiyənin terror təşkilatı PKK-ya qarşı müharibə apardığını” bilir.
Kristersson bildirib ki, Üçtərəfli Anlaşma Memorandumunun icrası çərçivəsində İsveç bu ilin sonu və gələn ilin əvvəlinə qədər "çox əhəmiyyətli addımlar" atacaq. Baş nazir qeyd edib ki, bu, ilk növbədə ölkənin antiterror qanunvericiliyinə aiddir.
Hökumət başçısı Türkiyə ilə İsveç arasında münasibətlərdə reallaşdırılmamış böyük potensiala da diqqət çəkib. Xüsusilə, o qeyd edib ki, tərəflər “ticarət və turizm sahəsində çox şey edə bilərlər”.
© 2020 - Created by İLK XEBER.