Parlamentdə PKK terror təşkilatı "bayrağı" bardağı daşırdı: İsveçdən diqqət şəkən PYD/YPG QƏRARI

İsveçin baş naziri Ulf Kristerssonun Türkiyə səfəri öncəsi İsveçin yeni rəhbərliyi  PYD terror təşkilatı ilə əlaqələrlə bağlı dəyişiklik bəyanatı verib. Xarici işlər naziri Tobias Billström PYD və YPG-ni "şübhəli" adlandırıb.

Avropa.info xəbər verir ki, İsveç Radiosuna açıqlama verən Billström, PYD/YPG ilə PKK arasında sıx bir bağ olduğunu və bu bağın Türkiyə-İsveç əlaqələrinə xələl gətirdiyini və bu təşkilatlardan uzaqlaşacaqlarını bildirib.

Açıqlamalarında Türkiyə ilə davam edən NATO danışıqlarına işarə edən Billström, "Şübhəli əlaqələrin olmayacağını bəyan etməyin vacib olduğunu düşünürük. Bu əməkdaşlıqda qeyri-müəyyənlik olmamalıdır" deyib.

Billströmün açıqlamaları İsveç mətbuatı tərəfindən "qəfil dəyişiklik" və "Hökumət PYD-dən uzaqlaşır" kimi qiymətləndirilib.

Billström İsveçdə Sol Partiyanın siyasətçiləri Şattak və Dexborqun parlamentdə PKK terror təşkilatının bayrağını açmasına da reaksiya verib. Bu vəziyyətin qəbuledilməz olduğunu bildirən isveçli nazir "Parlament zalında PKK simvolu ilə poza verən siyasətçilərin davranışları qəbuledilməzdir. PKK terror təşkilatıdır və bu cür davranışlar demokratiyaya yaraşmır" deyib.

İsveçin baş naziri Ulf Kristersson vəzifəyə gəldiyi ilk gün Türkiyəyə "Madriddə imzalanan razılaşmaya əməl edəcəyik" deyə müsbət mesaj verib. 

Tobias Billström vəzifəyə gəldikdən dərhal sonra "American Associated Press" (AP) xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, PKK müzakirə mövzusu olduqda İsveç hökuməti qeyri-ciddi davranmayacaq. "Biz siyasəti tam dəstəkləyirik, bu o deməkdir ki, terror təşkilatlarının İsveç torpaqlarında fəaliyyət göstərməyə haqqı yoxdur. Üç tərəfin razılaşdığı hər şey bütün tərəflər tərəfindən yerinə yetirilməlidir” deyən XİN rəhbəri Türkiyə ilə imzaladıqları müqavilənin şərtlərini yerinə yetirəcəklərini bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra qayıdarkən verdiyi açıqlamada İsveçin yeni baş naziri Ulf Kristerssonun onlarla görüşmək istədiyini və görüş təyin etdiklərini bildirib.