Əli Cəfərov: "Məqsədimiz aşkarlanmış istedadlarla bağlı dövlət qurumlarına təkliflər vermək idi”
Demokratiyanın və Milli Dəyərlərin Təbliği Ictimai Birliyi "İstedadlı uşaqlara dəstək " layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq Bakı şəhəri 185 nömrəli tam orta məktəbdə Əməkdar artist, Bakı Uşaq və Gənclər teatrının (BUGT) bədii rəhbəri və direktoru İntiqam Soltanla görüş təşkil etdi. Layihə rəhbəri, İb sədri Əli Cəfərov görüş-tədbiri açıq elan etdi. Sonra bütün iştirakçılar ayaq üstə Azərbaycan Respublikasının dövlət himnini oxudular. Ardınca layihə rəhbəri Birinci Qarabağ, Aprel döyüşləri və Vətən savaşında ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət etdi.
Şəhidlərin xatirəsinin ehtiramla yad olunmasından sonra tədbirin əsas hissəsinə başlanıldı. İlk çıxış edən Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir. O, bir daha Agentliyə və layihənin reallaşdırılması üçün şərait yaratmış Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri təlimin məqsəd və vəzifələri haqqında məlumat verərək söylədi ki, "istedadlı şagirdlərə dəstək” layihəsinin baslıca vəzifələri layihənin adından da göründüyü kimi, istedadlı uşaq və gənclərin aşkara çıxarılmasının yollarını müəyyənləşdirmək, onlarla iş sahəsində müasir tələblərə uyğun səmərəli fəaliyyət mexanizminin yaranmasına və bu işin təşkilinə nail olmaq və bu istiqamətdə müvafiq dövlət qurumlarının qarşısında tövsiyə və təkliflərlə çıxış etməkdir.
Layihə rəhbəri onu da xüsusi vurğuladı ki, istedadlı şagirdlərin vaxtında aşkarlanması, onların qeyri-adi qabiliyyətlərinin inkişaf etdirilməsi, dəstəklənməsi müasir dövrün qlobal çağırışı kimi təhsil sisteminin, QHT-lərin və bütövlükdə ictimaiyyətin qarşısında çox mühüm vəzifələr qoyur. Biz bu müddətdə bir sıra uşaqların istedadlarını üzə çıxardıq. Çox istərdim kı, bizdən sonra da məktəb və valideynlər birgə əməkdaşlıq edərək bu prosesi davam etdirsinlər. Eyni zamanda digər sahələr üzrə də istedadlı uşaqlar üzə çıxarılıb cəmiyyətə təqdim edilsin. Axı unutmaq olmaz ki, bu günkü şagirdlər sabahkı müəllim, həkim və digər sahənin mütəxəsisi və ən başlıcası dövlətimizi yönəldəcək şəxslər olacaqlar.
Daha sonra Ə.Cəfərov tanınmış incəsənət adamı, Əməkdar artist İntiqam Soltanı iştirakçılara təqdim etdi: "Əziz dostumuz İntiqam müəllim 1965-ci ildə Naxçıvan MR Ordubad rayonunda anadan olub. 1988-ci ildə ADİMU –nin kino dram aktyoru fakultəsini bitirib. İlk öncə İrəvan, sonra isə Gənclər teatrında aktyor kimi çalışıb. 2002- ci ildən indiyədək BUGT-un bədii rəhbəri və direktorudur. İntiqam müəllim aktyor, bədii rəhbər və direktor kimi fəaliyyət göstərdiyi müddətdə "Dolu”, "Doğma sahillər”, "Girov” kimi vətənpərvərlik nidalı flimlərimizdə və "Həyat varsa”, " Pərvanələrin rəqsi” seriallarında müxtəlif rollarda çəkilib”. Əli müəllim həmçinin "İstedadlı şagirdlərə dəstək” layihəsinin icra prosesi barədə də tədbir iştirakçılarını geniş bilgiləndirdi: "Biz bu məktəbdə bir aya yaxındır layıhəmiz çərçivəsində istedadlı şagirdlərə təlimlər keçirirk. Mən istəyirəm kı, həmin şagirdlərdən bir neçə nəfərini dinləyək sonra sənətkara söz verək ki, o da bizim bu işlərimizin əhəmiyyətindən və ümumiyyətlə uşaqlarla işləməyin vacibliyindən danışsın”.
Səhnəyə ilk əvvəl Gülnar adlı şagird dəvət olundu. O, xalq şairi Məmməd Arazın "Ayağa dur, Azərbaycan” şeirini söylədi. Sonra Nuriyyə adlı şagird "Bayraq " şeirini səsləndirdi. Hər iki şagird şeirləri saz havası sədaları altında ifa etdilər.
Sonra söz BUGT rəhbəri İntiqam Soltana verildi. O, iştirakçıları salamladıqdan sonra görüşün təşkilatçılarına təşəkkürünü bildirdi. Özünün uşaqlıq, gənclik illərindən və ali məktəbə qəbul olunmasından, eləcə də sevdiyi peşəsi üzrə işlədiyi müxtəlif təşkilatlar haqqında məlumat verdi. Eyni zamanda bildirdi kı, həm də pedoqoji fəaliyyətlə məşğuldur. İncəsənət Gimnaziyasında dərs deyir. İntiqam müəllim şagirdlərin ona ünvanladıqları çoxsaylı suallara cavab olaraq bildirdi kı, o, ilk dəfə orta məktəbdə Cəfər Cabbarlının "1905-ci ildə” pyesində Allahverdi rolunu oynayıb. Bu obraz səhnədə ilk çıxışı olduğundan utandığından hətta sözləri də unudubmuş. Amma bu çıxışı onun səhnə həyatına ayaq açmasında xüsusi bir rol oynayıb. Daha sonralarsa onun uşaq teatrına, məhz uşaqlarla işləməyə, onları öyrətməyə marağı artıb. Əməkdar artist uşaq teatrına həvəs göstərməsinin səbəbini isə belə izah etdi: "İstəyirəm kı, bizdə də uşaqlar kiçik yaşlarından teatra maraq göstərsinlər. Bizdə müsiqi və digər sahələr üzrə yaradıcılıq məktəbləri qədimdən var. Amma usaq teatrı, uşaqlarla işləyən aktyorlar yox idi. Biz bunu yaratdıq” Daha sonra uşaqlar İntiqam müəllimə yaradıcılığı və şəxsi həyatı ilə də bağlı müxtəlif suallar verdilər. Görüşdə məktəb rəhbərliyi, müəllim və valideynlər də iştirak edirdi.
Sonda şagirdlər İntiqam müəllimlə xatirə şəkilləri çəkdirdilər. Üzlərindəki sevinc, fərəh hisslərindən anlamaq olurdu ki, tədbir uşaqlarda çox maraqlı təəssürat yaradıb.
Tədbirdə foto və video çəklişlər aparıldı.
© 2020 - Created by İLK XEBER.