Qulamhüseyn Əlibəyli: "Soçi Bəyanatı rəsmi Bakının siyasi xəttinə uyğun bir sənəd kimi qiymətləndirilməlidir"


Oktyabrın 31-də Soçidə üçtərəfli gorüşdə imzalanmış növbəti növbəti Bəyanat regionda sülh prosesinin davam etdirilməsinə xüsusi bir yenilik gətirməsə də, bütövlükdə rəsmi Bakının siyasi xəttinə uyğun bir sənəd kimi qiymətləndirilməlidir. 

Bunu Avropa.info-ya Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli dünən Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşündə imzalanmış Bəyanatı şərh edərkən bildirib.

Partiya sədri qeyd edib ki, imzalanmış Bəyanat tərəflərin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və dövlət sərhədlərinin toxunulmazlığına dair Praqada əldə olunmuş razılaşmanı Rusiyanın iştirakı ilə bir daha təsdiq etməsi və kommunikasiya xətlərinin açılmasına ümimi razılığın təkrar qeyd olunması baxımından daha əhəmiyyətlidir: 

"Xüsusilə, son vaxtlar Rusiya dövlət televiziyasının  Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan təxribatları, Rusiya Prezidenti Bladimir Putinin bir neçə gün əvvəl Valday klubunda Ermənistanı və Qarabağdakı ermənilərin seperatçı cinayətkar rejimi ruhlandıran çıxışını, Rusiyanın təşkilatçılığı və köməyi ilə Xankəndindəki aksiyaları nəzərə alsaq, belə bir sənədin Rusiya tərəfindən də imzalanması növbəti diplomatik uğur hesab etmək olar". 

Q.Əlibəyliyə görə görüşdən əvvəl keçmiş Dağlıq Qarabağın ərazisində yaşayan erməni əsilli şəxslərin statusunun müzakirə obyekti olmaması barədə Azərbaycan tərəfinin rəsmi açıqlamalarının, prezident İlham Əliyevin Putin ilə ikitərəfli görüş zamanı Qarabağ münaqişəsinin 2 il öncə bitdiyini və bu məsələnin müzakirə mövzusu olmadığını bir daha söyləməsinin əhəmiyyəti və yekun Bəyanatın məzmununa birmənalı təsirinin əhəmiyyəti xasusi qeyd edilməlidir.

"Lakin Rusiya və Ermənistanın dəfələrlə imzaladıqları sənədlərə sonradan mahiyyətcə zidd olan açıqlamaları və hərəkətləri olub və bunları sonrakı diplomatik fəaliyyətimizdə nəzərə almalıyıq" – deyə Aydınlar Partiyasının sədri öz fikrini yekunlaşdırıb.