Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.
Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.
Qeyd edək ki, mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilənədək Elnur Əliyev nazirin müşaviri idi.
Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib.
O, 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib.
2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub.
E.Əliyev 2008-2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.
Elnur Əliyev 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı E.Əliyevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib. O, bu vəzifədə 2021-ci ilə qədər çalışıb
2020-ci ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədridir.
Elnur Əliyev 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
E.Əliyev ingilis, rus, fransız dillərində danışır.
Evlidir, üç övladı var.
© 2020 - Created by İLK XEBER.