"İnnovasiyalara və İnkişafa Dəstək" İctimai Birliyi “Ali məktəblərlə valideynlər arasında əlaqələrin yaradılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilən layihənin əsas məqsədi ali təhsil müəssisələri ilə valideynlər arasında ünsiyyətin yaradılmasını təmin etməklə yüksək bacarıqlı mütəxəssis hazırlığına dəstək verməkdir.
Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Səyavuş Qasımov dedi ki, ailə və məktəb arasında qarşılıqlı münasibətlərin artıq kifayət qədər böyük təcrübəsi mövcuddur. Son vaxtlaradək təhsillə bağlı istənilən məsələdə məktəb diktə edə biləcək rola sahib idi. Məktəb daha hazırlıqlı tərəf idi, müəllimlər təkcə tədris bilikləri ilə deyil, daha geniş dünyagörüşü ilə seçilirdi. Ona görə də məktəb təhsilə aid bütün parametrləri müəyyən edir, çox vaxt bunun üçün valideyn və şagirdlərin rəyinə önəm verilmirdi.
Artıq zaman dəyişmişdir, yeni təcrübələr, yeni paradiqmalar, o cümlədən valideynlərin dəyişməsi onların rolunun artmasına səbəb olmuşdur. Buna görə də yüksək bacarıqlı, milli, mənəvi, əxlaqi dəyərlərə sədaqət ruhunda ali təhsilli nəslin yetişdirilməsi üçün ali məktəblərlə valideyn arasında əlaqələrə yeni yanaşma tələb olunur.
Ekspert Ülviyyə Hüseynova çıxış edərək bildirdi ki, valideyn-məktəb münasibətlərinə yenidən baxmaq obyektiv zərurətdir. Ən müxtəlif ölkələrin təcrübəsi göstərir ki, tələbələrin tərbiyəsində və dərslərinə hazırlığında problemləri həll etmək ailənin iştirakı ilə daha asan başa gəlir, eyni zamanda, ailələrlə birlikdə daha ciddi uğurlara imza atmaq mümkündür.
Uzun illər müəllimlik təcrübəsinə malik və övladları ali məktəbi bitirmiş Əjdər Yunusov isə çıxışınd bildirdi ki, valideyn-müəllim əməkdaşlığının hazırkı vəziyyətini qiymətləndirməyin ən yaxşı yollarından biri anonim sorğulardır. Həm müəllimlər, həm də valideynlər üçün mövcud olan bu qiymətləndirmələr valideynlərin tələbənin davranışları ilə bağlı müəllim qavrayışları və valideynlərin məktəb və ailə ilə bağlı qavrayışları kimi bir sıra əsas məlumat nöqtələri üzrə geniş perspektiv təklif edir.
“Yeni dərs ilinin əvvəlində valideyn-müəllim münasibətinə necə yanaşmağımızdan asılı olmayaraq, bir fakt aydın olaraq qalır: “Uğurlu valideyn-müəllim əməkdaşlığının açarı komanda olmaqdır. Bu əməkdaşlıq tələbənin məktəbdə uğur qazanmasına kömək edən ən güclü vasitədir. Valideynlər və müəllimlər bu əməkdaşlığın dəyərini öyrəndikcə, bütün tələbələrin uğur qazanma qabiliyyətini dəstəkləyən mühit yarada bilərlər”” – Ə.Yunusov çıxışı zamanı bildirdi.
Tədbirdə çıxış edən Səyyad Məcidov bildirdi ki, indi bütün dünyada valideynlərlə məktəb arasında münasibətlərin yenidən qurulması ilə bağlı axtarışlar da gedir. Ölkəmiz də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi ilə bu axtarışlara qədəm qoyub. Sənəddə nəzərdə tutulan “Səriştəli valideyn” Proqramı isə həmin istiqamətdə fəaliyyətin bazasına çevrilməlidir.
Müzakirələrdə ali məktəb müəllimləri və övladı universitet tələbəsi olan valideynlər və tələbələr də fəal iştirsk edərək məsələyə münasibətlərini bildirib, təkliflərini veriblər.
© 2020 - Created by İLK XEBER.