Müstəqillik aktı necə qəbul edilib, əsl müəllifi kimdir?

Bu gün "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktının qəbul edilməsindən 31 il ötür.

Avropa.info-nun məlumatına görə, modern.az arxiv materiallarına istinadən xəbər verib. Məlumata  görə, həmin vaxt Ali Sovetdə keçirlən iclasda aktın lehinə 350 deputatdan 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verib.

Həmin sənədi hazırlayan komissiyanın sədri, keçmiş deputat, tarix elmləri doktoru, professor Hacıbaba Əzimov “Azadlıq” radiosuna bildirib ki, Konstitusiya Aktı maddə-maddə müzakirə olunaraq səsə qoyub. Axırda sənəd bütünlükdə səsverməyə çıxarılıb.

H.Əzimovun sözlərinə görə, həmin gün 350 deputatdan 90-ı Ali Sovetin iclasına gəlməmişdi.

“Bilirdilər ki, sənəd qəbul olunacaq və yayınmaq istəmişdilər. Qorxurdular ki, gəlib səs verərlər, sabah SSRİ dağılmaz, bunları vəzifədən qovarlar, cəzalandırarlar. Bəziləri də heç müstəqilliyi qəlbən istəmirdi. Ona görə 90 adam gəlməmişdi”.

H.Əzimovun sözlərinə görə, iclasa 260 deputat gəlib. Onun 2-si son səsvermədən yayınıb, iştirak etməyib:

“Amma 258 nəfər deputat səsvermədə iştirak etdi. Konstitusiya qanunu olduğuna görə deputatların 2/3-nin səs verməsi lazım idi. Bu da alındı. 258 deputat lehinə səs verdi, əleyhinə səs verən və ya bitərəf qalan olmadı. Həmin 2 nəfər isə gizləndi, səsvermədə iştirak etmədi”.

Həmin 2 nəfərin kimliyinə gəlincə, H.Əzimov onları xatırlaya bilmədiyini deyib:

“Yadımda deyil. Adbaad səsvermə keçirildi. Sənədləri arxivdən qaldırıb baxmaq olar. Amma onu verərlər, ya verməzlər bilmirəm. Hər halda, arxiv açılsa, səsvermədən yayınan 2 nəfər və iclasa gəlməyən 90 nəfərin kim olduğu bilinər”. 

H.Əzimov deyib ki, o zaman Konstitusiya Aktının qəbulunu yubatmağa çalışanlar, işi pozmaq istəyənlər vardı.

Onun sözlərinə görə, həmin vaxtlar Konstitusiya Aktı ilə bağlı iki sənəd hazırlanıb. Birini özü hazırlayıb, digərini Etibar Məmmədovla hüquqşünas Fuad Ağayev.


“Etibar bəygil layihəni oktyabrın 17-də axşam gətirdilər ki, bizim də sənədimiz var. Mənim də layihəm hazır idi, paylamışdım da. İstəyirdim Etibar da razı qalsın, işi pozmasın, çünki həm “demblok”da, həm də “komblok”da hörməti vardı. Etibar Məmmədovgilin layihəsi mükəmməl deyildi, onu qəbul etsəydik, biabır olardıq, çox şey yox idi. Mənim hazırladığım layihə 32 maddə idi, bunların gətirdiyi 15. Söhbət təkcə saydan getmirdi. Ciddi, prinsipial məsələlər vardı ki, onların sənədə düşməsi lazım idi”.

H.Əzimov deyib ki, o, Müstəqillik Aktı üçün Etibar Məmmədovgilin layihəsindən cəmi iki maddəni götürüb:

"Onlar həmin layihəni qəzetdə çap etmişdilər.  Qəzetdən onların layihəsinin iki maddəsini kəsib öz hazırladığımız layihəyə əlavə etdim.

Biri SSRİ əmlakının necə bölüşdürülməsi haqqında idi, vacib məsələ idi, böyük məmnuniyyətlə götürdüm. İkincisi də beynəlxalq münasibətlərin formalaşdırılması ilə bağlı idi. O sənədi indi də saxlayıram. Qəzetdən kəsib yapışdırdığım hissənin surətini çıxarıb Etibar Məmmədova da verdim. Videoyazıda da var, müzakirələrdə dedim ki, layihəyə daha 2 maddə əlavə olunub. Deputatlar çaşdılar. Söhbət məhz o 2 maddədən gedirdi. Onu da keçirdik. Bununla da Etibar Məmmədov müəlliflərdən biri oldu. Amma Etibar bəy həmişə orda-burda Fuad Ağayevi Konstitusiya Aktının müəllifi kimi təqdim edir. Bu da hüquqi baxımdan səhv hərəkətdir. Çünki hüquqi cəhətdən deputat olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən bir adam qanun müəllifi ola bilməz. Bu təşəbbüslə ancaq deputat çıxış edə bilər. Fuad Ağayev ona kömək edib, o başqa".