“Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi əhalinin aztəminatlı və sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.
Layihə çərcivəsində aşağıdakı işlər həyata keçiriləcək: sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi; sosial qanunvericiliyə dair maarifləndirici bukletin və sosial qanunvericiliyin əsas müddəalarına dair materialların hazırlanması və benefisiarlara paylanması, Bakı və Mingəçevir şəhərlərində, Tovuz, Bərdə, və Füzuli rayonlarında “Ödənişsiz hüquqi yardım günü”nün təşkil edilməsi nəzərdə tutulmuşdur. Layihənin icra planına uyğun olaraq “Əmək qanunvericiliyinin praktikada tətbiqi problemləri" və “Pensiya hüququnun təmin edilməsinin hüquqi əsasları” mövzularında 14.10.2022-cı il tarixində saat 10:00 və 12:00-da vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlər keçirilmişdir. Təlimlərin məqsədi layihəyə cəlb edilmiş vəkilliyə namizəd olan şəxslərə və layihənin könüllülərinə sosial hüquqlarla bağlı biliklərin və bacarıqların formalaşdırılmasıdır. Təlimlərdə ilk öncə “Sosial hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat verilmişdir. Təlimi aparan layihə meneceri, Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev interaktiv metodlarla aztəminatlı ailələrin pensiya hüquqlarıının reallaşdırması zamanı meydana çıxan problemlərə və onlarla bağlanmış əmək müqaviləsinin xitam edilməsinin praktiki problemlərinə toxunmuş, mübahisəli məsələlər əsasında yaranmış problemlərin həlli yolları göstərmişdir. Sonra layihənin hüquqşünasları hüquq üzrə fəlsəfə doktoru Zamiq Aslanov və AR Vəkillər Kollegiyasının üzvü Vüqar Hacıyev layihə müddətində Hüquq Klinikasında göstərilən xidmətlər barəsində geniş məlumat vermişdir. Təlimin sonunda mövzu ilə bağlı məsələlər, eləcədə hüquq klinikasına müraciət etmiş şəxslərin mübahisəli məsələləri geniş şəkildə müzakirə edilmiş və təlimlərdə iştirak edən dinləyicilər təlimin yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq onun davamlı olmasını arzu etmişlər. SHAİB sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə (ailələrə) pulsuz hüquqi yardım xidməti göstərməyini davam etdirir və əhaliyə sosial hüquqlarının müdafiəsi ilə bağlı Bakı şəhəri A.M.Şərifzadə 122/121 ünvanına müraciət etməyi xahiş edir. Müraciət etmək istəyənlər lahiyə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: aliyev_ulvi_89@mail.ru).
© 2020 - Created by İLK XEBER.