“TARİXİMİZƏ SAHİB ÇIXAQ” - QHT 313 saylı tam orta məktəbdə tədbir keçirib


“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Vətən mənə oğul desə...44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsinə 01 oktyabr 2022-ci il tarixdən etibarən start verildi.

Artıq ilk tədbir Bakı şəhərində 313 saylı tam orta məktəbdə keçirildi. Tədbir zamanı məktəbin şagirdləri xüsusilə 4a və 9-cu sinif şagirdləri öz aktivlikləri ilə  seçilirdi. Belə ki, şagirdlər 44 günlük Zəfər tariximizə həsr olunmuş çarxlar, video roliklər hazırlayıb, onu iştirakçılara təqdim etdilər.

Bildirək ki, tədbiri açılış nitqi ilə açan məktəbin direktoru Zakir Bayramov belə tədbirlərin əhəmiyyətindən danışaraq, istər müəllimlərin, istərsə də şagirdlərin fəallığından çox razı qaldığını bildirdi. Ayrıca tədbirin əhəmiyyətinə toxunan Zakir müəllim müəllimləri belə tədbirlərin tez-tez keçirilməsinə çağırdı. Məhz belə tədbirlər uşaqlarda milli kimlik hissini, vətənpərvərlik hissini gücləndirir.

Təşkilatın sədri və məktəbin tarix müəllimi Araz Şamilov layihə haqqında geniş məllumat verdi.

Tədbirə ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi t.ü.f.d. Sevil Bəhrəmova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və “Vətəndaş” Tədqiqat və inkişaf İctimai Birliyinin rəhbəri Günel Səfərova, t.ü.f.d. Kamran İsmayılov, t.ü.f.d. Alı Balayev də qoşulmuşdur. Eyni zamanda məktəbdə keçirilən tədbirdə fəxri qonaq kimi 313 saylı tam orta məktəbin keçmiş məzunu, şəhid Toğrul Hacıyevin anası İlhamə Hacıyeva da iştirak edirdi.

İştirakçılara öz ürək sözlərini söyləyən qonaqlar sonda şagirdlərə Vətənimizi çox sevməyi, onu göz bəbəyimiz kimi qorumağı tövsiyə edərək, eyni zamanda düşmənlərimizə qarşı mübarizədə savadlı şəkildə mübarizə aparmağı da tapşırdılar.