Dövlət böyüməkdə olan nəslin fiziki və intellektual cəhətdən inkişafını, təhsil almasını, hər hansısa bir ixtisasa yiyələnməsini, əxlaqi-mənəvi yetkinliyini təmin etmək məqsədilə, təlim-tərbiyə müəssisələri ilə yanaşı, valideynlərin də hüquq və vəzifələrini müəyyən etmişdir. Hər bir valideyn himayəsində olan uşaqları humanist, vətənpərvər, əməksevər, azərbaycançılıq ideologiyasına sədaqət, öz tarixinə, ədəbiyyatına, dilinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etməlidir. Valideynlər bu məsul işin öhdəsindən layiqincə gəlmək üçün övladlarının oxuduqları təhsil müəssisələri ilə əməkdaşlıq etməlidirlər. Valideyn-müəllim əməkdaşlığında iki aspekt xüsusilə diqqəti cəlb edir:
1. Valideynlər mütəmadi olaraq övladlarının təhsilə marağı, sinif yoldaşları və müəllimləri ilə ünsiyyət bacarığı, davranışı, dərsə davamiyyəti, təlim nailiyyətləri, peşə marağı haqqında məlumat alır, onların oxuduqları qruplarda təhsil prosesinin səmərəli və keyfiyyətli təşkili ilə tanış olurlar.
2. Valideynlər məktəbin təşkil etdiyi tədbirlərdə, seminarlarda, tələbələrin təlim-tərbiyəsinə həsr olunmuş layihələrin təqdimatında, valideyn iclaslarında, məktəbin idarə edilməsində iştirak etməklə maariflənir, pedaqoji biliklərini artırırlar.
Valideyn-məktəb əməkdaşlığının səmərəli təşkili (fərdi və ya kollektiv) valideynlərdə pedaqoji kompetensiyaların formalaşmasında mühüm rol oynayır. Hər bir valideyninin müəllimlə əməkdaşlığı tələbənin həyat yolunun düzgün müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. V.A.Suxomlinski müəllimi həkimlə müqayisə edərək yazırdı: “Həkim insanın sağlamlığının hansı amillərdən asılı olduğunu araşdırdığı kimi, müəllim də uşağın mənəvi aləmini araşdırmalıdır”. Valideyn öz övladı, müəllim tələbəsi haqqında hərtərəfli məlumatlara malik olmasa, gənclərin inkişafını layihələşdirməkdə çətinlik çəkərlər. Bu isə valideynlərdən və müəllimlərdən məsələyə kompleks yanaşma tələb edir. Bunun valideyn ilk gündən pedaqoji prosesin iştirakçısına çevrilməlidir.
Ailənin pedaqoji təhsilinin ən vacib istiqaməti valideynlərin pedaqoji mədəniyyətini yaxşılaşdırmaqdır. Uşaq tərbiyəsində bir çox şey ailədən, valideynlərin pedaqoji təhsili səviyyəsindən və yalnız məktəbdən və müəllimlərin peşəkarlığından asılı olmadığını nəzərə alaraq, valideynlərin pedaqoji təhsili məktəb və ailə arasındakı qarşılıqlı əlaqənin ayrılmaz bir elementidir.
Deməli, pedaqoji mədəniyyət bir insanın ümumi mədəniyyətinin bir hissəsidir ki, bu da əvvəlki nəsillər tərəfindən toplanmış təcrübəni davamlı olaraq zənginləşdirmişdir.
Müəllim fəaliyyətinin məqsədləri, vəzifələri, məzmunu və metodlarının təhlili əsasında ailənin pedaqoji mədəniyyətinin empirik modelini yaratmaq mümkün olmuşdur. Buraya aşağıdakı aspektlər daxildir:
- məlum miqdarda pedaqoji bilik, biliyi dərinləşdirmək və özünü inkişaf etdirmək istəyi ilə xarakterizə olunan intellektuallıq;
- fərdin əxlaqi münasibətləri və idealları ilə səciyyələnən zəka;
- pedaqoji təcrübənin ifadəsi olan pedaqoji erudisiya, sosial tələbləri pedaqoji tapşırıqlara çevirə bilmə, konkret pedaqoji vəziyyətlərdə məhsuldar qərarlar qəbul etmək, inkişaf prosesinin son nəticəsinin nə olacağı;
- cəmiyyətə, digər insanlara, özünə münasibətini müəyyənləşdirən şəxsiyyət xüsusiyyətləri;
- təhsil prosesinin tərtibində, təşkilində, stimullaşdırıcı fəaliyyətdə, müxtəlif metodlarda, təhsil təsirləri və qarşılıqlı əlaqələrin nəticələrinin qiymətləndirilməsinə analitik və tənqidi yanaşmada tətbiq olunan pedaqoji bacarıq.
Pedaqoji mədəniyyət ümumi mədəniyyət əsasında və xüsusi hazırlıq əsasında formalaşır. Valideynlərin pedaqoji mədəniyyətini yüksəltməyin yolları da müəyyənləşdirilib:
Valideynlərin pedaqoji mədəniyyətini yüksəltmək üçün məqsədyönlü iş aparmaq uşaqların tərbiyəsində müəllimlər və ailələr arasında səmərəli əməkdaşlığa zəmin yaradır və mikro cəmiyyətin formalaşmasına ciddi təsir göstərir.
Valideynlərin pedaqoji mədəniyyəti valideynlərin təhsil fəaliyyətinin əsasını təşkil edir. Evdə uşaq tərbiyəsinin uğuru və effektivliyi valideynlərin pedaqoji mədəniyyət səviyyəsindən asılıdır.
Buraya bir neçə komponent daxildir:
Ailə təhsili təcrübəsi göstərir ki, valideynlərin əksəriyyəti pedaqoji və psixoloji cəhətdən uşaqlarını yaxşı yetişdirməkdə acizdirlər.
Ailə təhsili milli təhsil və tərbiyə sisteminin ayrılmaz hissəsidir. Effektivliyi valideynlərin pedaqoji hazırlıq və pedaqoq kimi yetkinlik kimi başa düşülən pedaqoji mədəniyyət səviyyəsindən asılıdır.
Uşaqların tərbiyə və təhsində hər bir ailəyə kömək etmək üçün təsirli bir vasitə, valideynlərin pedaqoji təhsilinin təşkilidir, çünki ailə təhsilinin bir çox problemi uşaqlarla işləmək üçün ibtidai pedaqoji həqiqətləri bilməməkdən qaynaqlanır.
Son illərdə ümumdünya valideynlik təhsili inkişaf edir. Pedaqoji universal təhsilin məqsədi valideynlər arasında psixoloji və pedaqoji biliklərin populyarlaşdırılmasının müxtəlif formalarını əhatə edən elmi və metodiki işlərin aparılmasıdır.
Valideynlərlə əməkdaşlığın əhəmiyyəti və effektivliyi ondadır ki, buna valideynlər özləri də can atır. Bəzən bu əməkdaşlığa məktəbin, təhsil sisteminin vəzifəsi kimi baxılır. Məsələnin ən yaxşı cəhəti isə odur ki, əksər hallarda valideynlər özləri təşəbbüs göstərirlər. Tarixə müraciət etsək, bunun ən yaxşı nümunəsini görərik.
Vətəndaş müharibəsi başa çatdıqdan sonra ABŞ-da müxtəlif amillər təhsil sahəsində böyük çətinliklər və qayğılar ortaya çıxarmışdı. Bu zaman bir qrup ana ABŞ vitse-prezidentinin xanımına müraciət ünvanladı. Bu, valideynlərin təhsil prosesinə ən ciddi və tarixi müdaxilələrindən sayıla bilər. Nəticədə ABŞ prezidenti və vitse-prezidentinin xanımlarının təşəbbüsü ilə Milli Valideyn-Müəllim Assosiasiyası yaradıldı və məktəb-valideyn əməkdaşlığında rəsmi xarakter aldı.
Güclü təhsil sistemi ilə tanınan Yaponiyada valideynlər uşaqların təhsilində o qədər yaxından iştirak edir ki, xəstələnmiş uşağın əvəzinə onlardan birinin, xüsusən də ananın dərsə getməsi, qeydlər götürməsi adi hal alıb.
2020-ci ildə, koronavirus pandemiyasının dünyanı fəlakət qarşısında qoyduğu bir zamanda Azərbaycanda həyata keçirilən tədbirlər sırasında bütün təlim-tərbiyə müəssisələri müvəqqəti olaraq öz fəaliyyətini dayandırdı. Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə Zoom, Microsoft Teams, Skype platformalarında dərslər təşkil olundu. Bu platformalardan səmərəli istifadə müəllim-valideyn əməkdaşlığına yeni məzmun gətirdi. Müəllim-valideyn əməkdaşlığının qeyri-ənənəvi formaları, yəni yeni modeli (onlayn məsləhətləşmə, onlayn müzakirə, onlayn iclaslarının keçirilməsi və s.) yarandı. Həm dövlət, həm də özəl məktəblərin bəzilərində neçə illər idi ki, elektronlaşdırma həyata keçirilir, elektron jurnal, elektron gündəlik tətbiq edilirdi. Valideynlər müasir texnologiyaların köməyi ilə evdə və ya işdə, onlayn rejimdə övladlarının oxuduğu məktəblərdə təlim-tərbiyə prosesinin təşkili ilə tanış olur, uşaqlarının təlim nəticələrinə nəzarət edir, müəllimlərlə əlaqə saxlayır və fikir mübadiləsi aparırdılar. Məktəblərin elektronlaşdırılması sahəsində, az da olsa, müsbət təcrübə toplanmışdı. Koronavirus epidemiyası isə bu işi daha da sürətləndirdi və onun əhatə dairəsini genişləndirdi. Valideynlər onlayn platformalarda işləmək bacarığına yiyələndilər. Onlayn rejimdə dərs prosesində iştirak edən şagirdlərin valideynləri də müəllimlərlə əlaqə saxlamaq və uşaqlarına kömək etmək məqsədi ilə həmin proqramı öyrənməli oldular.
Müəllim-valideyn əməkdaşlığının nəticələrinin səmərəli olması optimal metodların tətbiqi ilə yanaşı, həm də müəyyən prinsiplərin nəzərə alınması ilə bağlıdır. Elmi-pedaqoji ədəbiyyatı və mövcud təcrübəni ümumiləşdirərək müəllim və valideynlər arasındakı qarşılıqlı əlaqənin prinsiplərini aşağıdakı kimi müəyyənləşdirmək olar:
- tərbiyəvi təsirlərdə vahidlik prinsipi;
- müsbət cəhətlərə istinad etmək (nikbinlik) prinsipi;
- fərdi yanaşma;
- subyektivlik;
- şəxsiyyətlərarası münasibətlərin humanistləşdirilməsi.
Tərbiyə prosesində olduğu kimi, müəllim-valideyn əməkdaşlığında da həmin prinsiplərin tətbiqi kompleks xarakter daşımalı, vəhdət halında çıxış etməlidir. Bu prinsiplərin müəllim−valideyn əməkdaşlığının konsepsiyasını yaratdığını nəzərə alsaq, onu bir sistem kimi də təsəvvür edə bilərik.
Təbii ki, biz daha ətraflı bir inteqrasiyadan söhbət açır, onun yeni üfüqlərini axtarırıq. Bunun qarşısında isə yüksək nəticələrə nail olmaq istəyi durur. Hədəflər bununla bitmir, biz valideynlərlə əməkdaşlığın səriştə amili əsasında qurulması ilə yeni təhsil sisteminin inkişafına, o cümlədən bir çox istiqamətlərdə nəticələrin yüksəldilməsinə töhfə verməliyik. Bunlar aşağıdakılardır:
- Dərslərə hazırlıq və marağın yüksəldilməsi;
- Biliklərə yiyələnmənin səriştələrə keçməsi;
- İstedad və maraqların üzə çıxarılması, düzgün yönləndirilməsi;
- Davranışların nümunəviliyinə nail olmaq və arzu olunan məktəb mühitinin yaradılması;
- Kommunikativliyin artırılması, ehtiyac və tələblərin düzgün qiymətləndirilməsi;
- Konfliktlərin aradan qaldırılması və yaranmasına imkan verilməməsi;
- Nitq qabiliyyətinin, diskussiya mədəniyyətinin yaxşılaşdırılması;
- Uşaqların fiziki inkişafının və sağlamlığının qorunması;
- Pis vərdişlərin, çətinliklərin, problemlərin həlli;
- Ailənin özünün daha doğru yanaşmalara sahiblənməsi;
- Şəffaflıq, hüquq və vəzifələrin dərk edilməsi, demokratikliyin təmin edilməsi;
- Nəzarət və monitorinq imkanlarının artırılması;
- Resursların genişləndirilməsi və düzgün istifadəsi.
Təhsilin inkişafı həm də resursların artırılması və keyfiyyətlənməsi hesabına mümkündür. Çağdaş tələblərə cavab vermək üçün dövlətlər təhsil büdcəsini artırmaqda davam edirlər. Azərbaycan mütərəqqi və uğurlu dünya təcrübəsinə çatmaq üçün bu sahədə ciddi vəzifələr müəyyənləşdirib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində deyilir ki, müasir tələblərə cavab verən bir sistem qurmaq üçün “təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması” nəzərdə tutulur. Təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması, təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi və s. vəzifələr qarşıya qoyulub.
Eyni zamanda, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması sözügedən sənəddə qeyd olunur.
İstər təhsil müəssisələrinin özünümaliyyələşdirməsi, istərsə də büdcədənkənar vəsaitlərin cəlb edilməsi olsun, valideynlərin könüllü iştirakı, təşviqi, çağırışı və müsbət rəyi olmadan bu sahələrdə uğur qazanmaq mümkün deyil. Hətta özəl şirkətlərin və imkanlı şəxslərin maliyyə dəstəyi üçün valideynlərin çağırış və təşviqi daha effektlidir.
O cümlədən, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılmasında valideynlərin şəffaflıqla bağlı müsbət rəyi uğurun təməli sayılmalıdır.
Məktəb kitabxanaları təhsil sisteminin və təhsil müəssisələrinin ayrılmaz hissəsidir. Onlar daim yenilənməlidir. Bütün dünyada kitabxana fondlarının zənginləşdirilməsində valideynlərin böyük rolu var. Hər valideynin kiçik dəstəyi böyük zənginliyin əsasını qoya bilir. Bu məsələ ilə bağlı müxtəlif ölkələrdə maraqlı və faydalı təcrübələr var.
Məktəb kitabxanası həm də valideynlər üçündür. Onları bura cəlb etmək, üzv etmək səriştəli valideyn proqramının bir hissəsi olmalıdır. Gözəl mütaliə müəllim-tələbə-valideyn ünsiyyətinin yeni və maraqlı platformasına çevrilə bilər. Kitab bu birliyi daha da gücləndirə bilər. Kitabxana üzvü olan, mütaliə edən valideynlər həm də tələbələr üçün kitab təşviqatçısı olacaqlar.
Valideynlər təhsilin keyfiyyətində maraqlı tərəfdir. Təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyi, səriştəliliyi, tədrisin keyfiyyəti, bir sözlə, hər bir vacib cəhət onların qayğılarına aiddir. Ona görə də valideynlərin təhsil prosesində iştirakı etibarlı ictimai nəzarət və monitorinq formasıdır.
Valideynlər öyrənənləri hamıdan çox və daha yaxından izləyir, onlarla daim təmasdadır. Ən müxtəlif şəraitlərdə onların davranış və səriştələrini hiss edə bilir. Onların çalışqanlığını, marağını müşahidə edir, nəticələri sezmiş olur.
Müəllimlər onun övladına lazımi qədər diqqət ayırırmı? Məktəbdə hansı problemlər var? Qanunsuzluq və özbaşınalıqlar olurmu? İntizamsızlıq varmı? Mühit tələblərə cavab verirmi? Rəhbərlik necə işləyir? Maddi-texniki vəziyyət yerindədirmi? Qışda istilik sistemi işləyirmi? Kitabxanada durum yaxşıdırmı?
Bütün bu suallar valideynləri daim düşündürür, qayğılandırır. Ona görə də valideynlər daha hazırlıqlı olmalıdırlar ki, düzgün nəzarət həyata keçirib, doğru nəticələr çıxarsınlar. Nələrə diqqət ayırmağın vacibliyini öyrənsinlər. Bu problemləri qaldırmağa səriştələri çatsın. Bunun üçün onlar həmçinin öz hüquqlarını və tədris müəssisəsinin vəzifələrini bilməlidirlər.
Valideyn-övlad münasibətləri istər-istəməz həm də tarixi nəsillər problemidir. Qədim Misir ehramlarında tapılmış iki fərqli daş kitabə bu problemin qədimliyinə və tarixiliyinə gözəl izah verir. Həmin kitabələrin birində “Ax, bu cavanlar, heç ümidlərimizi doğrultmadı!” - deyə şikayət edilir, digərində isə cavan bir müəllif yaşlılardan gileylənir: “Yaşlı nəsil bizi heç cür başa düşmür, hər addımda bizə əngəllər yaradırlar!”.
Bu cür mürəkkəb münasibət indi həm psixologiya elminin, həm də pedaqoji fənlərin maraq dairəsindədir. Bütün dünyada “necə valideyn olmaq arzu ediləndir?” kimi çətin suala cavab tapmaq üçün həm nəzəri tədqiqatlar davam edir, həm də təcrübələr öyrənilir. Bir çox ölkələrin təcrübəsində ayrıca “Valideyn klubu” şəbəkələri, “Valideyn məsləhət mərkəzləri” var ki, insanlar özləri valideynlik etmək kimi çətin vəzifənin öhdəsindən gəlmək üçün bilgi və bacarıqlarını artırmağa can atırlar. Yəni valideynlər özünütəlimə can atırlar.
Bizim çağımızda səriştəli valideyn paradiqmasının yaranması da buna görədir. Çətin bir vəzifənin öhdəsindən gəlmək üçün valideynləri hazırlamaq, onların səriştəli olmasını təmin etmək artıq dövlətin və təhsil sisteminin üzərində vacib bir öhdəlik kimi durur.
Mənbələr:
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovasiyalara və İnkişafa Dəstək İB-nin həyata keçirdiyi "Ali məktəblərlə valideynlər arasında əlaqələrin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.