Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin təqdim etdiyi layihə 2022-ci ildə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olub. Qalib layihə “İstedadlı şagirdlərə dəstək” adlanır.
Bu haqda içtimai birliyin sədri, layihə rəhbəri Əli Cəfərov jurnalistlərə məlumat verdi. Layihənin əhəmiyyətindən danışan Ə.Cəfərov bildirdi ki, istedadlı insanlar xalqımızın tarixində həmişə olub. Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir sıra dünya səviyyəli digər alimlər, ədiblər, eləcə də müasirimiz olan Lütfizadə kimi böyük dahilər yetişdirməsi Azərbaycan xalqının qan və gen yaddaşıyla əlaqədardır. Tarixən, hətta milli dövlətçiliyi əlindən alınanda, milli məfkurənin qarşısına sədlər çəkiləndə belə azərbaycanlıların içərisindən mütəmadi olaraq fitri qabiliyyət sahibləri yetişib və onların müxtəlif səpkili ixtira və yaradıcılıqları bütün dünyaya səs salıb.
Əli Cəfərov jurnalistlərə açıqlamasında dövlətimizin də şagirdlərin öz istedadlarını üzə çıxarmaları üçün bir sıra proqramlar həyata keçirdiyindən və layihənin də bu istiqamətdə rolunun necə olacağından danışdı: “Sevindirici haldır ki, artıq dövlətimiz istedadlı uşaqlarla işi təhsil prosesinin əsas prioritetlərindən biri kimi ön plana çəkmişdir. Bu qayğılar sırasında ən ümdə məsələlərdən biri istedadlı uşaqlara fərdi yanaşmanın zəruriliyi və onların inkişafına dəstək verilməsidir. Bəs onların istedad istiqamətlərini öyrənmək üçün konkret olaraq hansı addımların atılması tələb olunur? İstedadlar necə formalaşır? Onları üzə çıxarmaq üçün həlledici amillər hansılardır? Bu tipli suallara cavab tapmaq və istedadlıları onlara şərait yaradaraq praktiki baxımdan qıymətləndirməklə “İstedadlı şagirdlərə dəstək” layihəsini həyata keçirməyi çox vacib hesab etdik. Çox sevindirici haldır kı, Agentlık bizim layıhəni yüksək dəyərləndirərək maliyyə yardımı ayırdı. Buna görə də ilk öncə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlara Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkürümüzü bildiririk. Layıhənin icrası sentyabr ayından Bakı şəhəri 172,209 nömrəli tam orta məktəbdə reallaşacaqdır.
Layihənin əsas məqsədinin bir deyil, bir neçə istiqamətləri əhatə edəcəyindən də söz açan Əli Cəfərov bildirdi ki, layihə şagirdlərin istedadını üzə çıxarmaqla bərabər, onların müəllim və valideynlərini də bu istiqamətdə maarifləndirəcəkdir. Çünki təkcə bir dəfə layihə çərçivəsində müəyyən yarışlar təşkil edib şagirdləri həvəsləndirmək onların fitri qabiliyyətləri üzrə inkişafını həmişəlik stimullaşdırmayacaq. Bu, onlarda müvəqqəti həvəs oyadar və zamanla onları tərk edər. Nəticədə onlar yenidən passivləşə bilərlər. Çünki ən azından daxillərində potensialları gizlənən bu şagirdlər hələ həddi-buluğa çatmayan, hələ ağır məsuliyyətlərin nə demək olduğunu yetərincə dərk etməyən uşaqlardı. Ona görə də mütləq müəllim və valideynlərin də layihədə iştirak etməsini təmin etmək vacibdir ki, onlar bu uşaqların istedadlarının, fitri qabiliyyətlərinin arxa planda qalmasına bir daha imkan verməsinlər və onları daim irəliyə, yeni-yeni uğurlara həvəsləndirsinlər.
© 2020 - Created by İLK XEBER.