Ali təhsil sahəsində atılan ən mühüm addımlardan biri Boloniya prosesinə qoşulmaq və bu istiqamətdə həyata keçirilən tədbirlərdir. 2001-ci ildən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirdi. Azərbaycan öz ali təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa təhsil məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirməyə başladı. Hazırda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur.
Əslində Boloniya prosesinə gedilən yol 1998-ci il mayın 25-də Fransada Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri tərəfindən "Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında" Sorbona Bəyannaməsi qəbul edildikdən sonra başlamışdır. Sorbona Bəyannaməsini imzalamış 4 nazir təhsil sənədlərinin tanınması prosesinin təkmilləşdirilməsinə, təhsilalanların mobilliyinin, məzunların işədüzəlmə imkanlarının genişləndirilməsinə yönəldilmiş ümumi sistemin yaradılmasını dəstəkləmiş, digər Avropa dövlətlərini də qarşılıqlı əməkdaşlığa dəvət etmişlər. Sorbona Bəyannaməsi Boloniya prosesinin əsas müddəaları çərçivəsində ilk təşəbbüs kimi ümumavropa ali təhsil məkanının yaradılması üçün konkret cəhd olmuşdur.
1999-cu ilin iyununda Avropanın 30 ölkəsinin təhsil nazirləri İtaliyanın Boloniya şəhərində Avropa ali təhsil müəssisələrinin inkişaf tendensiyalarının təsdiqlənməsinə hazır olduqlarını bildirmiş və bu barədə rəsmi sənəd imzalamışlar. Bu hadisə tarixə "Boloniya prosesi" kimi daxil olmuşdur. Bundan sonra Boloniya prosesi iştirakçılarının 2001-ci ildə Portuqaliya, Almaniya, Finlandiya, İsveç, Belçika, İspaniya, Slovakiya, Çexiya və Latviyada, 2002-ci ildə Belçikada, 2003-cü ildə isə Avstriya və Almaniyada görüşləri keçirilmiş, həmin görüşlərdə Avropada ali təhsilin problemləri müzakirə olunmuş, bir sıra tövsiyələr irəli sürülmüşdür.
Azərbaycan da bu prosesə qoşulmaq üçün hələ 2004-cü ildə ilk addımlarını atmışdır. Belə ki, 17-18 may 2004-cü il tarixlərində Avropa Şurasının Baş Direktorluğunun təşəbbüsü ilə Strasburq şəhərində keçirilmiş Qafqaz ölkələri təhsil nazirlərinin konfransında xüsusi Bəyannamə qəbul olunmuş, bundan sonra 2004-cü ilin dekabrında "Boloniya prosesi"nə qoşulmaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin hesabatı" hazırlanaraq Avropa Komissiyasına təqdim edilmişdir. Nəhayət, 2005-ci il mayın 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Respublikası rəsmən Boloniya prosesinə qoşuldu.
Təhsil sahəsində dünyada, xüsusən Avropada gedən proseslərin təhlili göstərir ki, Avropa ali təhsil sisteminə inteqrasiya Boloniya Bəyannaməsinin aşağıdakı əsas müddəalarını həyata keçirməklə mümkündür:
1. İkipilləli ali təhsilə keçid.
2. Kredit sisteminin tətbiqi.
3. Təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi.
4. Mobilliyin genişləndirilməsi.
5. İxtisasların və diplomların qarşılıqlı tanınması.
6.Diploma əlavənin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması.
7.Məzunların işlə təminatına nail olunması.
8.Avropa təhsil sisteminin cəlbediciliyinin təmin edilməsi.
Ötən müddət ərzində Boloniya prosesinə qoşularkən götürülən öhdəliklərin və Boloniya Bəyannaməsi müddəalarının həyata keçirilməsi istiqamətində Təhsil Nazirliyi və ali məktəblər tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, Azərbaycan Boloniya prosesinə üzv qəbul olunduqdan sonra Təhsil Nazirliyində aparıcı mütəxəssislərdən ibarət işçi qrupu yaradılmış, həmin işçi qrupu tərəfindən "Azərbaycan Respublikası ali təhsil sistemində Boloniya Bəyannaməsinin müddəalarının həyata keçirilməsi üçün tədbirlər planı" hazırlanmışdır. Tədbirlər planında ölkəmizdə 1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsi, bu məqsədlə istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarının hazırlanması, kredit sistemi barədə mövcud dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən verilən sənədlərin tanınması prosedurunun təkmilləşdirilməsi, respublikamızda ali məktəb məzunlarına verilən bakalavr diplomuna əlavənin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması, ali təhsilin keyfiyyətinin, tələbələrin və müəllimlərin mobilliyinin inkişaf etdirilməsi və sair məsələlər nəzərdə tutulmuşdu.
Boloniya Bəyannaməsinə uyğun olaraq ali təhsil sistemində edilən əsaslı dəyişikliklərdən biri bütün istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartlarının hazırlanması oldu. 2006-cı ildə "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin (istiqamətlər üzrə ali təhsilin dövlət standartının) strukturu" hazırlandı və təsdiq edildi. Bundan sonra mütəxəssislərin iştirakı ilə ali məktəblərdə bakalavr hazırlığı aparılan bütün istiqamətlər üzrə dövlət təhsil standartları işləndi, həmin standartlara uyğun tədris planları da hazırlanıb təsdiq edildikdən sonra 2006/2007-ci tədris ilindən birinci kurslarda tətbiqinə başlandı.
Beynəlxalq təcrübəyə müvafiq olaraq hazırlanmış yeni standartlarda fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldıldı (4140 saatdan 3300 saata qədər), tələbələr tərəfindən seçmə fənlərə ayrılan saatların miqdarı 5%-dən 20%-dək çoxaldıldı. Boloniya prosesinin tələblərinə uyğun olaraq nəzəri həftələrin sayı 133-dən 115-ə, semestrlər üzrə auditoriya dərsləri 17-18 həftədən 15 həftəyə endirildi, istehsalat və pedaqoji təcrübənin müddəti ixtisaslardan asılı olaraq 18 həftəyə qədər artırıldı. Humanitar fənlər bölümündə məcburi fənlərin sayı 10-dan 3-ə endirildi. Burada yalnız məcburi fənn kimi nəzərdə tutulan "Azərbaycan tarixi", "Azərbaycan dili" (təlimi rus dilində olanlar üçün), "Xarici dil" saxlanıldı. "Fəlsəfə", "Politologiya", "Sosiologiya", "İqtisadiyyat" və sair seçmə fənlər kimi təklif edildi. İlk dəfə olaraq ixtisas fənlərinin müəyyənləşdirilməsi müvafiq standartlar çərçivəsində ali məktəblərin səlahiyyətinə verildi.
Məlumdur ki, Boloniya Bəyannaməsinin başlıca müddəalarından biri ölkədə təhsilin keyfiyyətinin təmin olunması sisteminin yaradılması və onun ümumavropa "təhsilin keyfiyyətinin idarə olunması" sisteminə uyğunlaşdırılması ilə bağlıdır. Bu istiqamətdə də müəyyən işlər görülmüşdür. Belə ki, ölkəmizdə ali təhsilin keyfiyyətinin qiymətləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.04.2004-cü il tarixli, 359 N-li qərarı ilə "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyası haqqında Əsasnamə", habelə buna müvafiq olaraq "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyasının keçirilməsi üçün tələb və meyarlar" təsdiq olunmuş, Nazirlikdə akkreditasiya komissiyası yaradılmışdır.
Normativ-hüquqi bazanın yaradılması və bir sıra ali məktəblərin akkreditasiyadan keçirilməsi istiqamətində müəyyən işlər görülüb, lakin bu sahədə fəaliyyət hələlik qane edici deyil. Burada problemlərdən biri ondan ibarətdir ki, akkreditasiya sahəsində kifayət qədər bacarıqları və təcrübəsi olan kadrlar çatışmır və ümumiyyətlə bu iş ölkə təhsili üçün yenidir. Digər tərəfdən, tətbiq edilən meyarlar və prosedurlar təkmil deyildir və bu səbəbdən nəticələrin təhlilində səmərəli mexanizmlər tətbiq edilə bilmir.
Boloniya Bəyannaməsinə uyğun olaraq xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşlarının və Azərbaycanda yaşayan əcnəbilərin diplomlarının tanınması istiqamətində də tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 63 N-li qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları" təsdiq edilmiş, buna müvafiq olaraq 2003-cü ildə Təhsil Nazirliyində Daimi Komissiya yaradılmış, həmin ildən bu işə başlanmışdır.
Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diploma əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası, Avropa Şurası və UNESCO-nun ekspertlərinin də daxil olduğu birgə işçi qrupu tərəfindən işlənib hazırlanmışdır. Həmin model aşağıdakı bölmələrdən ibarətdir: diplomun sahibi haqqında məlumat, alınmış ixtisas, ixtisas dərəcəsinin səviyyəsi haqqında məlumat, proqramın məzmunu və onun mənimsəmə nəticələri, ixtisas haqqında informasiya və sair. Belə bir model üzrə hazırlanan diploma əlavə məzunların akademik mobilliyini və onların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırır. Bütün bunları nəzərə alaraq ölkəmizdə də müvafiq nümunəyə (modelə) uyğun "Diploma əlavə" hazırlanmışdır.
Boloniya prosesinin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqidir. Kredit - fənnin mənimsənilməsinə ayrılan vaxtın və ona sərf olunan əməyin ölçü vahididir. Başqa sözlə, kredit təhsilin nəticələrini müqayisə etmək üçün Avropa məkanında ali təhsildə qəbul olunmuş vahid ölçüdür. Kreditin iki əsas funksiyası vardır: a) tələbələrin mobilliyinin təmin edilməsi, yəni digər ali təhsil müəssisəsində ayrı-ayrı fənlərin mənimsənilməsinə şəraitin yaradılması və onun nəticəsinin təhsil aldığı ali məktəbdə tanınması; b) tələbənin öz təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirməsi.
Boloniya Bəyannaməsinin müddəalarına uyğun olaraq ölkəmizin ali təhsilində kredit sistemini tətbiq etmək üçün Təhsil Nazirliyi aşağıdakı vəzifələri yerinə yetirmişdir:
-kredit vahidlərinin əksər Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi əsasında müəyyənləşdirilməsi;
-bir sıra ali məktəblərin bəzi fakültələrində eksperiment şəklində kredit sisteminin tətbiqi ilə tədrisin təşkili;
-eksperiment aparılan istiqamətlər üzrə dövlət təhsil standartlarının və buna müvafiq tədris planlarının kredit vahidləri əsasında yenidən hazırlanması;
-müəllimlərin dərs yükünün kredit vahidlərinə uyğun müəyyənləşdirilməsi;
-təhsil prosesi iştirakçılarının (təhsilalanlar və təhsilverənlərin) mobilliyini təmin edən mexanizmin yaradılması;
-təhsilin keyfiyyətinə nəzarət mexanizminin yaradılması;
-tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;
-eksperiment aparılan müddətdə tədris prosesini təmin edən normativ sənədlərin hazırlanması və aprobasiyası.
Qaydalara görə kredit sistemində təhsil alanlar üçün semestrlər üzrə auditoriya dərsləri 15 həftə müəyyən olunur. Tələbənin həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi isə 45 saatdır. Bu zaman auditoriya dərsləri 30 saat müəyyənləşdirilmişdir. Doğrudur, bir çox Avropa universitetlərində auditoriya saatları 20-25 saat təşkil edir ki, onun da qalan hissəsi tələbələrin sərbəst işi üçün nəzərdə tutulur.
Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 15 auditoriya və ya 22,5 ümumi (15 saat auditoriya +7,5 saat tələbənin sərbəst işi) saata bərabərdir. Tələbəyə mühazirə, seminar, laboratoriya və sair dərslərin hər bir növünün 1 (bir) saatına 0,5 saat auditoriyadankənar sərbəst iş müəyyən olunur. Qaydaya görə tələbəyə hər semestrdə tədris olunan bütün fənlər üzrə 30 kredit müəyyənləşdirilir və beləliklə tələbə bir tədris ili ərzində 60 kredit yığmalıdır. Bundan əlavə tədrisdə fəaliyyəti yüksək olan tələbələrə hər semestrdə (birinci tədris ili istisna olmaqla) əlavə 10 kreditdən çox olmamaq şərti ilə bir və ya bir neçə fənn seçməyə də icazə verilir. Bakalavr pilləsində tələbələrdən təhsil müddətində 200-250 kreditin yığılması tələb olunur. Burada nəzərə almaq lazımdır ki, beynəlxalq təcrübəyə uyğun olaraq qeyri-ixtisas fənlərinin çəkisi ümumi kreditin 20 faizinədək müəyyənləşdirilir. Məsələn, təsdiq olunmuş tədris planına əsasən bilologiya ixtisası üzrə əsas fənlərə ayrılan kreditlər ümumi kreditin 80 faizini təşkil etmişdir. Bu da işəgötürənə məzunun ixtisas üzrə hazırlıq səviyyəsi barədə müfəssəl məlumat almağa imkan yaradır.
Tələbə yalnız o zaman kredit qazanmış olur ki, o, ali məktəblərdə tətbiq olunan qaydalar üzrə həmin fənn üzrə imtahandan müvəffəq qiymət almış olur. Respublikamızın ali məktəblərində tələbələrin nailiyyətləri 100 ballıq sistemilə qiymətləndirilir. Onun 50 bala qədəri semestr göstəricilərinə, digər 50 bala qədəri isə imtahan nəticələrinə görə müəyyənləşdirilir. Tutaq ki, fənnin mənimsənilməsinə 3 kredit ayrılmışdır. Tələbə həmin krediti qazanmaq üçün mövcud qaydalara görə dərslərdə iştirak etməli, ona verilən tapşırıqları yerinə yetirməli, imtahandan müvəffəq qiymət almalıdır. Bu zaman onun nailiyyəti çoxballı sistemlə iki mərhələnin göstəriciləri əsasında qiymətləndirilir. Birinci mərhələdə tələbənin nailiyyəti dərsə davamiyyətə, dərslərdə aktiv iştirakına, müxtəlif aralıq sınaqların (kollokviumların), seminarların nəticələrinə görə 50 bala qədər qiymətləndirilir. İkinci mərhələdə isə tələbə imtahanların nəticəsinə görə yenə 50-yə qədər bal toplaya bilər. Hər iki mərhələnin nəticələri toplandıqda 50 baldan çox olarsa, tələbə həmin fəndən krediti qazanmış hesab edilir. Burada tələbənin 2-ci mərhələdə minimum 17 bal toplaması şərti də vardır. Əks halda o, yuxarıda göstərilən tələblər gözlənilməklə fənni təkrar dinləməlidir. Onu da qeyd edək ki, əgər tələbə imtahandan müvafiq balı toplaya bilməsə ona təkrar imtahan vermək imkanı verilir.
İstiqamətlər (ixtisaslar) üzrə tələbələrin təhsili dövlət təhsil standartlarına müvafiq kredit sisteminə uyğunlaşdırılmış tədris plan və fənn proqramları əsasında həyata keçirilir. Kredit sistemində 4 formada tədris planlarından istifadə olunur:
-istiqamətin (ixtisasın) tədris planı;
-istiqamətin (ixtisasın) tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış illik işçi tədris planları;
-istiqamətin (ixtisasın) tədris planı əsasında hazırlanmış tələbənin fərdi tədris planı;
-müəllimlərin tədris yükünü müəyyən edən işçi tədris planları.
Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı üç qrupa bölünür: məcburi ardıcıl öyrənilən fənlər qrupu; məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər qrupu; tələbələrin öz seçimi əsasında öyrənilən fənlər qrupu. Buna müvafiq olaraq hər bir ali məktəb tərəfindən bir-biri ilə bağlı olan fənlərin ardıcıllığı müəyyənləşdirilir və tələbəyə fərdi tədris planı tərtib edərkən nəzərə alması tövsiyə olunur.
Eyni zamanda həmin qaydalarda tədris planına uyğun qrupların, bu qruplardakı tələbələrin sayının, habelə hər bir müəllimə düşən tələbələrin maksimal sayının müəyyənləşdirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi və hər bir fənn üzrə attestasiya formaları öz əksini tapmışdır. Bundan əlavə qaydalarda tələbələrə metodik yardım göstərmək üçün tədris məsləhətçi (tyutor) xidmətinin təşkili də nəzərdə tutulmuşdur.
Dünya təcrübəsində kredit sisteminə müxtəlif yanaşmalar mövcuddur. Ayrı-ayrı ölkələrdə təhsilin məzmunu və təşkili formalarından asılı olaraq, kredit sistemi müxtəlif formalarda tətbiq olunur. Lakin yanaşmalar müxtəlif olsa da, məqsəd birdir - ali təhsildə demokratik prinsiplərin bərqərar olması, ədalətliliyin, obyektivliyin təmin olunması və beləliklə, təhsilin keyfiyyətinin yüksəldilməsi. Kredit sisteminin tətbiqi, ilk növbədə, onun böyük üstünlüklərə malik olması ilə bağlıdır. Bu üstünlüklər aşağıdakılardır:
Hər bir tələbə özünün fərdi tədris planını tərtib edir və ona fənlərin öyrənilməsi ardıcıllığını müəyyənləşdirməyə imkan yaradılır, bununla da tələbələrin tədris prosesinin təşkilində bilavasitə iştirakı təmin olunur.
Hər bir tələbə ayrı-ayrı fənlərdən ali məktəbin imkanları daxilində müəllimi seçmək hüququna malik olur, bu da müəllim-tələbə münasibətlərinin daha səmərəli qurulmasına xidmət etməklə bu günədək mövcud olan neqativ halların qarşısını ala bilər.
Akademik borcların ləğvinə həmin fənni yalnız təkrar dinlədikdən sonra icazə verilir ki, bu da fənni mənimsəmədən tələbələrə qiymət yazılması hallarının qarşısını alır və bir sıra neqativ halları aradan qaldırır.
Müəllimlərin dərs yükü tələbələrin fərdi tədris planları əsasında müəyyənləşdirilir ki, bu da müəllimlərin məsuliyyətini xeyli artırır.
Mühazirə və seminarların bir müəllim tərəfindən aparılması tələbi tədris prosesinə yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına və tədris yükünün optimal formalaşmasına şərait yaradır ki, bu da tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Tədris plan və proqramlarının ümumavropa məkanının ali məktəblərinin müvafiq sənədləri ilə uyğunlaşdırılması təmin olunur. Bu da öz növbəsində tələbələrin həm ölkə daxilində, həm də ümumavropa məkanında mobilliyini təmin edir. Belə ki, ali məktəblər arasında bağlanmış müqavilələrə uyğun olaraq respublika ali məktəblərinin tələbələri Avropa ali məktəblərinə göndərilə bilər və onların qazandıqları kreditlər ali məktəblər tərəfindən qarşılıqlı tanınar. Beləliklə, tələbələrin ikili və ya iki diplom almalarına da şərait yaradılar. Bununla yanaşı, diplomların Avropa məkanında tanınmasına, xarici ölkə vətəndaşlarının Azərbaycan ali məktəblərində təhsil almalarına da geniş imkan yaranar.
Tələbələrin bir təhsil müddətində digər yaxın ixtisasa da yiyələnə bilməsinə şərait yaradılır. Məsələn, riyaziyyat ixtisası üzrə təhsil alan şəxslər qohum fənn götürməklə informatika, filologiya ixtisasının tələbələri isə jurnalistika ixtisasına da yiyələnə bilərlər və sair.
İstedadlı gənclərin təhsillərini müəyyən olunmuş müddətdən əvvəl başa vurmalarına şərait yaradılır.
Tələbələrə öz seçimləri əsasında fənni mənimsəmək və təkrar dinləmək imkanı verildiyindən, onlar ali məktəbdən xaric olunmadan müəyyən müddət ərzində təhsillərini başa vura bilirlər.
Diplomalara əlavənin yeni formada tərtibi və burada tədris olunan fənlərin məzmununun öz əksini tapması, hər fənnə kreditin müəyyənləşdirilməsi və qiymətləndirmənin Avropa standartlarına uyğun yazılması diplomların həmin məkanda tanınmasını xeyli asanlaşdırır.
Hər bir fənnin ayrıca bir blok (modul) şəklində müəyyənləşdirilməsi bu fənni tədris edən müəllimlərin işlədiyi ali məktəbin xarici partnyor ali təhsil müəssisələrində bir semestr, yaxud bir il həmin fənni tədris etməsinə şərait yaradar ki, bu da onun xarici təcrübəni öyrənməklə təkmilləşməsini təmin edə bilər.
Yuxarıda sadalanan prinsip və kriteyalar kredit sisteminə keçidin nə qədər vacib olduğunu göstərən faktorlardır. Problemin miqyası, ölkə üçün yeniliyi, təhsil müəssisələrinin və ictimaiyyətin bu məsələnin mahiyyətinə dərindən bələd olmaması səbəbindən başlanğıc mərhələdə 2006/2007-ci tədris ilindən ölkənin 10 ali təhsil müəssisəsində (BDU, ADNA, AzTU, AMİU, ADİU, ADPU, BSU, ADU, ATU, ATİ) 30 ixtisas üzrə 2497 nəfər I kurs tələbəsini əhatə etməklə eksperiment şəklində kredit sisteminin tətbiqinə başlanıldı. Onu da qeyd etmək lazımdır ki, 2003-cü ildən ölkənin ali məktəblərində tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sisteminə keçid kredit sisteminin tətbiqi üçün əsaslı baza rolunu oynadı. Bütün bunlar gələcəkdə tələbə mobilliyi proqramının həyata keçirilməsi üçün yaxşı hazırlıq sayıla bilər.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi "Tələbələrin akademik mobillik problemləri ilə bağlı tədqiqat işinin aparılması” layihəsi çərçivəsində hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.