Məktəb-valideyn əməkdaşlığının forma və yollarının nəzəri cəhətdən işlənməsi və praktik cəhətdən tətbiq edilməsi Azərbaycan maarifçilərini və tədqiqatçılarını həmişə düşündürmüşdür. Gənc nəslin tərbiyəsində müəllimlə valideynlərin qarşılıqlı əlaqəsinin öyrənilməsinə, əsasən, XIX əsrin ikinci yarısından başlanmışdır. Azərbaycanda dövlət məktəblərinin yaranması, maarifçilik hərəkatının genişlənməsi məktəb yaşlı uşaqların təlim-tərbiyəsi ilə yanaşı, onların valideynlərinin də xeyriyyə cəmiyyətləri tərəfindən yaradılan cümə məktəblərində və axşam məktəblərində oxuması məsələsini aktuallaşdırmışdı.
Əgər həmin dövrdə rus pedaqoqlarından K.D.Uşinski, V.P.Vaxterov, P.F.Kapterev, P.F.Lesqaft ailə və məktəb tərbiyəsini əlaqələndirməyin zəruriliyi haqqında yazırdılarsa, Azərbaycan maarifçilərindən M.F.Axundov, A.A.Bakıxanov, M.Ş.Vazeh, H.B.Zərdabinin sosial-pedaqoji görüşlərində uşaqların tərbiyəsində valideynlərin, xüsusilə anaların rolu ön plana çəkilirdi. M.F.Axundov “qadın tayfasını həbsdə və pərdədə saxlamağın saysız-hesabsız zərərləri” olduğunu bildirərək deyirdi: “Onları tərbiyəsiz qoymayın”. H.Zərdabi uşaqların ilk tərbiyəni ailədə, analarından almalı olduqlarını bildirərək yazırdı ki, əgər analar kömək etməsələr, məktəb uşağa təkbaşına tərbiyə verə bilməz. Məmmədağa Şahtaxtinski uşağın tərbiyəsində ananın təsirinin böyük olduğunu, bir çox şeylərin anadan uşağa keçdiyini bildirərək deyirdi: “Analar uşaqların təbii tərbiyəçiləridir”. N.Nərimanov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Hüseynzadə, S.M.Qənizadə, F.Ağazadə, A.Səhhət və b. uşaqların tərbiyəsində ananın rolunu yüksək qiymətləndirir, qadınların təhsil almaları və cəmiyyətin fəal üzvlərinə çevrilmələri uğrunda mübarizə aparırdılar. M.Ə.Rəsulzadə anaları milli təfəkkürün daşıyıcıları hesab edir, millətin mənəvi diriliyində onların vacib rolunu önə çəkirdi. N.Nərimanov uşaqların təbii imkanlarının inkişafını ailə və məktəb tərbiyəsinin vacib şərti hesab edirdi. Ümumiyyətlə, XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycanın təlim-tərbiyə sistemində çox mühüm mərhələdir. Azərbaycan mütəfəkkürləri bu dövrdə həm təlim-tərbiyənin nəzəri-metodoloji, həm də praktik problemləri ilə ciddi məşğul olmuş, böyüməkdə olan nəslin əxlaqi-mənəvi, fiziki və ruhi inkişafı ilə bağlı ciddi elmi tədqiqatlar aparmışlar. Onların zəngin pedaqoji irsində ailə tərbiyəsi, uşaqların təlim-tərbiyəsi və valideyn-müəllim əməkdaşlığı ilə bağlı dəyərli fikirlər vardır. Pedaqoji fikir klassiklərinin nəzəri irsinin təhlili nəticəsində həmin dövrdə ailə və məktəb əməkdaşlığının aşağıdakı modellərini müəyyənləşdirə bilərik:
1. “Məktəb sosial mühitdə təhsil mərkəzidir” modeli. Burada bütün təlim-tərbiyə vasitələri uşağın ətrafında birləşir.
2. “Ənənəvi məktəb” modeli − ailədə təlim-tərbiyə mühitinin yaxşılaşdırılmasına, valideyn-müəllim əlaqələrinin genişlənməsinə təsir göstərir.
3. “Üfüqi xətlər” modeli. Bu model XX əsrin 20-ci illərində Azərbaycanda geniş yayılmışdı. Həmin modeldə müəllim yeni yaradılan təhsil müəssisələrində mühitin pedaqojiləşdirilməsində, uşaqların və valideynlərin özünüinkişafı, özünütəşkili və özünütərbiyəsinin təşkilində mühüm rol oynamalı idi.
XX əsrin 30-cu illərinin ikinci yarısında müəllim və valideyn əməkdaşlığında demokratik yanaşmalar arxa plana keçdi, məktəbin ailəyə avtoritar təsiri artdı. Bu dövrdə “sosial mühitə nəzarət məktəbi” modeli tətbiq olundu. Uşaqların məktəbdə, küçədə, ailədəki davranışlarına görə məsuliyyət daşıyan müəllim həm də uşaqları mühakimə etmək səlahiyyəti qazandı. Bütün bunlar ailə tərbiyəsinə, valideyn-övlad münasibətlərinə, uşaqların ailədə davranışına ciddi nəzarət demək idi. Hər bir məktəbəqədər yaşlı uşaq əvvəlcədən yaşayış yerində məktəb reyestrində qeydiyyata alınırdı. Məktəb, bir qayda olaraq, nə valideynlərin, nə də tələbələrin fikir və istəklərini nəzərə almadan onların həyat yolunu müəyyənləşdirirdi. Məktəb tələbələrin tərbiyəsi ilə bağlı müəyyənləşdirdiyi tələbləri valideynlərə “valideyn universitetləri», pedaqoji mühazirələr, fərdi söhbətlər vasitəsi ilə çatdırırdı. Valideynlərin pedaqoji hazırlığı ilə bağlı proqramlar məktəb tərəfindən hazırlandığından, onlarla aparılacaq pedaqoji işin məzmunu, formaları (kollektiv, fərdi) və üsulları (mühazirə, fərdi söhbət) müəllimlər tərəfindən müəyyən edilirdi. Hüquqi cəhətdən ailə məktəbdən asılı vəziyyətdə olduğundan heç bir təşəbbüslə çıxış edə bilməzdi. Həyata keçirilən tərbiyə işinə nəzarət və rəsmi qiymətləndirmə mexanizmi olmadığından məktəbin ailəyə təsiri böyük idi. Ailənin dövlətin və məktəbin təhsil siyasətini qeyd-şərtsiz dəstəkləməsi, tələbələrin təliminə və davranışına nəzarət etməsi, valideyn iclaslarında və pedaqoji mühazirələrdə siyasi və pedaqoji hazırlığını artırması, məktəbin təsərrüfat və tərbiyəvi tədbirlərinə kömək etməsi tələb olunurdu.
XX əsrin 50-ci illərində müəllim və valideynlər arasında əməkdaşlığın daha demokratik modelinə üstünlük verildi. Müharibədən sonrakı dövrdə ictimai-siyasi həyatda baş verən yumşalmalar ailə və məktəb münasibətlərinə də ciddi təsir etdi. Ə.Seyidov, M.Mehdizadə, M.Muradxanov, B.B.Komarovski, İ.Vəlixanlı və b. məktəbli şəxsiyyətinin formalaşmasında ailə ilə məktəbin qarşılıqlı əlaqələrinin demokratik yanaşmalar əsasında qurulmasının vacib olduğunu bildirdilər. Cəmiyyətdə baş verən mülayimləşmə dövründən sonra uşaqların ailədə və məktəbdə intizam tərbiyəsinin məzmununda da dəyişikliklər yarandı. Məktəbin ailəyə təzyiqi bərabərhüquqlu əməkdaşlıqla əvəz edildi. Həm məktəbdə, həm də ailədə uşaqların tərbiyəsində pedaqoji-psixoloji tələblər ön plana çəkildi. Şagirdləri inzibati yollarla təhsilə cəlb etmək əvəzinə onların təşəbbüskarlığının, yaradıcı imkanlarının artırılması və intizamlı olmaları üçün lazımi mühitin yaradılması ideyası irəli sürüldü.
XX əsrin 60–70-ci illərində ailə ilə məktəbin qarşılıqlı əlaqələrində demokratikləşdirmə prosesi davam etdirilirdi. Bu, hər şeydən əvvəl, yeni insan − hərtərəfli və ahəngdar inkişaf etmiş məktəbli şəxsiyyəti formalaşdırmaq konsepsiyası ilə bağlı idi. Mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi ilə seçilən gənc nəslin tərbiyəsi ailə ilə məktəbin qarşılıqlı əlaqəsi sayəsində mümkün ola bilərdi. Həmin dövrdə tələbələrin həyat və ictimai fəallığa vətəndaş münasibətinin formalaşdırılması ön plana çəkildi. Ailə - məktəb əlaqələrinin forma və yolları təkmilləşdirildi. Valideynlər arasında təhsil səviyyəsinin yüksəlməsi valideyn-müəllim əməkdaşlığına yeni məzmun və istiqamət gətirdi.
XX əsrin 80 - 90-cı illərinin ikinci yarısında cəmiyyətdə aparılan islahatlar nəticəsində təhsil sistemində dəyişikliklər başlayır. Bununla əlaqədar olaraq, müəllim və valideynlər arasında qarşılıqlı əlaqə probleminin həllində intensiv axtarışlar aparılır. Bu dövrdə nəzəri və təcrübi baxımdan müəllimlərlə valideynlər arasında əməkdaşlığın forma və metodları təkmilləşdirilir, məktəbin ailə ilə işinin məzmunu müəyyənləşdirilir, valideynlərdə pedaqoji mədəniyyəti inkişaf etdirmək üçün diferensial yanaşma ideyası irəli sürülür. Valideynlərlə aparılan pedaqoji maarifləndirmənin nəzəri müddəaları dəqiqləşdirilir, ailədaxili münaqişələrin səbəbləri araşdırılır, valideynlərə tələbələrin təlim-tərbiyəsi ilə bağlı konkret tövsiyələr verilirdi. Son onilliklərdə cəmiyyətdə baş verən sosial-iqtisadi proseslər valideyn-məktəb əməkdaşlığında ciddi dəyişikliklərə səbəb oldu. Yeni tipli təhsil müəssisələri (gimnaziya, lisey və s.) yaradıldı, ingilis, fransız, alman, türk dilli məktəblər fəaliyyət göstərməyə başladı. Təhsilin məzmununda ciddi dəyişikliklər edildiyi kimi, təhsil və təlimin formalarında da dəyişikliklər olundu. Valideynlər müxtəlif təhsil müəssisələrinin xidmətlərini araşdırmaq, daha üstün bildiklərini seçmək imkanı əldə etdilər. Nəticədə birbaşa və dolayı yolla məktəblərə təsir etmək mümkün oldu.
XX əsrin 30–40-cı illərində məktəbin ailəyə təsir imkanları böyük idisə, 50-ci illərdə bu təsir tədricən azalmağa başladı. 60–70-ci illərdə məktəb və ailənin qarşılıqlı əlaqələri bərabərhüquqlu subyektlərin əməkdaşlığına çevrildi.
Son onillikdə valideynlərin məktəbə təsir imkanları xeyli genişləndi. Bütün bunlarla yanaşı, uşaqların davranışında xeyli mənfi cəhətlər meydana gəlmişdi. Sosial şəbəkələr, televizor, sosial media və digər informasiya mənbələri uşaqların milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə mənfi təsir göstərir.
Ailə-məktəb əməkdaşlığına mənfi təsir göstərən amillərdən biri də ailələrin sosial və iqtisadi göstəricilərinə görə bir-birindən kəskin şəkildə fərqlənməsidir. Əhalinin sosial təbəqələşməsi nəticəsində valideyn qruplarının hər birinin fərqli təhsil ehtiyacları yarandı. Valideynlər təmsil etdikləri sosial təbəqənin hədəflərinə uyğun olaraq, uşaqlarının təlim-tərbiyəsi, inkişafı ilə bağlı adekvat tələblər və gözləntiləri müəyyənləşdirdilər. Müəyyən sosial təbəqənin təmsilçiləri olan valideynlərin təhsillilik səviyyəsinin müəllimlərə yaxın (bəzi hallarda hətta daha yüksək) olması ailə-məktəb əməkdaşlığında fərqli modellər yaratdı. Təhsil prosesinə, böyüməkdə olan nəslin tərbiyəsinə nüfuz edən sosial təbəqələşmə nəticəsində məktəb valideynlərin, medianın və ümumiyyətlə, cəmiyyətin ciddi tənqid hədəfinə çevrildi. Tədqiqatçılar tərəfindən valideynlərin pedaqoji prosesə cəlb edilməsi məsələsi yenidən elmi diskussiyaların mövzusuna çevrildi, valideynlər üçün vahid pedaqoji tələblər (uşaqların gələcəyi, fiziki, əqli, əxlaqi tərbiyəsi sahəsində məsuliyyət) müəyyənləşdirildi. Ailə tərbiyəsinin nəzəri və praktiki məsələlərini araşdıran tədqiqatçılar tərəfindən “pedaqoji əməkdaşlıq”, “səmərəli tədris əməkdaşlığı” anlayışları elmi dövriyyəyə daxil edildi və əməkdaşlığın tipləri (valideynlərin məktəbə dəvət olunması, valideyn iclasları, “Valideyn günü”, valideyn universitetləri, pedaqoji mühazirələr və s.) müəyyənləşdirildi. Pedaqoji əməkdaşlığın səmərəli təşkili ailənin tərbiyə sahəsində fəaliyyətinin səmərəliliyini artırmağın mühüm şərti kimi araşdırıldı.
Ailə və məktəb əməkdaşlığının müasir modeli demokratikliyi, humanistliyi və müasirliyi ilə diqqəti cəlb edir. Müasir modelin nəzəri əsasları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Müəllim və valideynlərin əməkdaşlığı məktəb həyatının bütün mərhələlərində vacibdir.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovasiyalara və İnkişafa Dəstək İB-nin həyata keçirdiyi "Ali məktəblərlə valideynlər arasında əlaqələrin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.