“Ermənistan-Azərbaycan sərhədində təxribatlar olmalı idi ki, ABŞ və Qərb rəsmiləri dərhal fəallaşsınlar? Fikir verin, Fransa dərhal BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı və konflikti beynəlxalq müstəviyə qaldırmağa cəhd etdilər. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfəri və orada Azərbaycan əleyhinə əsassız bəyanatlar verməsi, ermənilərin xarici dövlətlərdəki səfirliyimiz qaşısında törətdiyi təxribatlar deməyə əsas verir ki, Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması siyasi sifarişlə olub”.
Bunu Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib.
Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməklə vəziyyəti yenidən gərginləşdirmək planından söz açan A. Məsiyev əlavə edib ki, üç dövlət (Azərbaycan, Rusiya və Ermənistan) 10 noyabr 2020-ci ildə imzalanmış sənədlə öhdəliklər götürüb və gec-tez imzalanmış sənəddəki müddəalar yerinə yetirilməlidir. Onun sözlərinə görə, öhdəliklərin icrasından boyun qaçıran Ermənistan istər xoşluqla, istərsə də güc yolu ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəkdir.
A. Məsiyevin fikrincə, əgər Ermənistan öhdəlikləri yerinə yetirməsə, qarşı tərəfin sülhə məcburetmə əməliyyatı qaçılmaz olacaq və Azərbayanın bu əməliyyatı həyata keçirmək üçün kifayət qədər əsasları var:
“Ermənistan işğalçı dövlət kimi tanınır, bunu təsdiq edən BMT-nin məlum dörd qətnaməsi mövcuddur.
İkincisi, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış sənədlə üzərinə öhdəlik götürüb.
Üçüncüsü, beynəxalq təcrübədə hər bir dövlətin özünü qoruma haqqı var və s.”.
İnstitut rəhbəri bildirib ki, Ermənistan-Azərbaycan sərhədi müəyyənləşməyib və Ermənistanın belə bir fikri də yoxdur: “Hətta Ermənistan Azərbaycan ərazisinə iddiasını da gizlətmir”.
Müsahibimiz xatırladıb ki, Rusiya prezidenti Putin Valday Forumunda çıxış edərkən Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi üçün xəritələrin Rusiya Baş Qərargahının arxivində olduğunu bildirmişdi. Rusiya 1920-ci il xəritələrini nəzərdə tutur, 1919-1920-ci ildə AXC-nin Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqları 113,9 min kv.km olub. Siyasi şərhçinin fikrincə, Azərbaycan öz təhlükəsizliyini təmin etmək, eyni zamanda erməniləri sülhə məcbur etmək üçün tarixi torpaqlarımızda bufer zonası, yəni təhlükəsizlik zolağı yaratmaq məcburiyyətində qalacaqdır: “Təhlükəsizlik zolağı yaratmaqla 10 noyabr 2020-ci ildə imzalanmış sənədin 9-cu maddəsinin də icrasını, yəni Zəngəzur dəhlizinin açılması da həyata keçirilmiş olardı.
Təhlükəsizlik zonası kimi belə bir təcrübə dünya praktikasında da var. Ermənilər də bu təcrübədən istifadə edərək 30 ilə yaxın Azərbaycan ərazisində hərbi qüvvə yerləşdirmişdi. Bir sözlə, tarixi torpaqlarımızda təhlükəsizlik zolağı yaratmaqla təhükəsizliyimizi təmin edə bilərik”.
A. Məsiyev diqqətə çatdırıb ki, dünya siyasətində ABŞ-la Rusiyanın maraqları toqquşur və bu səbəbdən yaranmış gərginlik Cənubi Qafqazda da özünü göstərir: “ABŞ siyasi rəhbərliyi Paşinyanın əli ilə Rusiyanın Cənubi Qafqazda, o cümlədən Rusiya rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsindəki siyasi fəallığını aradan qaldırmaq istəyir. Bu məqsədlə Ermənistan ABŞ tərəfindən alət kimi istifadə edilir. Eyni zamanda, ABŞ-ın Ermənistan üzərindən İrana müdaxiləsi reallaşa bilər. Ermənistanın ABŞ, Rusiya və İranın maraqlar toqquşmasının mərkəzinə çevrilməsi, bu ölkənin təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər. İran ona düşmən olan ABŞ-ın yüksək rütbəli məmurunun qonşu ölkəyə səfərinə, orada təxribat xarakterli çağrışlarına göz yuma bilməz. İran rəsmiləri gözəl anlayır ki, ABŞ Ermənistandan İran əleyhinə istifadə edəcək”.
Siyasi şərhçi sonda əlavə edib ki, ABŞ Türkiyənin bölgədəki siyasi fəallığının (3+3 formatı) qarşısını almağa çalışır: “Aydın məsələdir ki, regionda mürəkkəb geosiyasi vəziyyət yaranıb. Yaranmış geosiyasi vəziyyətdə Rusiyanın, Türkiyənin, İranın və Azərbaycanın maraqları üst-üstə düşür. Regionda Rusiyanın, Türkiyənin, İranın və Azərbaycanın Ermənistana təsir imkanları ABŞ-ın təsir imkanlarından artıqdır. Ermənistan ya reallığı qəbul etməli, bölgənin inkişafı üçün Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamalıdır, ya da güc yolu ilə sülhə məcbur edilməlidir”.
© 2020 - Created by İLK XEBER.