“Ukraynanın bu günə düşməsinin səbəbkarı ABŞ-dır. Əgər 2014-cü ildə ABŞ Ukraynada dövləti çevriliş etməsəydi, Ukrayna dövlətini klonlaşdırıb öz inhisarına almasaydı və Rusiya əleyhinə istifadə etməsəydi bugünkü vəziyyət yaranmazdı”.
Bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib.
Ukraynanın bəzi ərazilərini Rusiyaya birləşdirmək üçün keçiriləcək referendumdan və ABŞ-ın bu nəticələri tanımayacağı ilə suala cavabında A. Məsiyev əlavə edib ki, Xankəndi şəhərindəki separatçıların “xarici işlər naziri” David Babayan ABŞ-a gedib və hazırda Vaşinqtondadır: “Separatçı Babayan 25 sentyabra qədər ABŞ-da qalacaq. Konqresdə rəsmi görüşləri ilə yanaşı, ayrı-ayrı konqresmenlərin iştirak edəcəyi “Arsaxın müstəqilliyinə” həsr olunmuş tədbirdə çıxış edəcəyi iddia olunur.
Bundan başqa, ABŞ-ın Azərbaycan dövləti ilə razılaşmadan seperatçı-terrorçu qüvvələri maliyyələşdirməsi faktı heç kimə sirr deyil. 30 ilə yaxın bir müddətdə, Azərbaycanın ərazisini işğal altında saxladığı bir dövrdə Ermənistan ABŞ tərəfindən himayə olundu, bu gün də himayə olunur. ABŞ Ermənistana siyasi və maliyyə dəstəyini gücləndirir.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bəyan edir ki, Amerika Birləşmiş Ştatları Rusiyaya saxta "referendum"larla qoşulan əraziləri heç vaxt tanımayacaq və müttəfiqləri ilə birlikdə Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyə çalışacaq”. Maraqlıdır ki, ABŞ Ukrayna hadisələrinə görə, Rusiyaya tətbiq etdiyi sanksiyaları Ermənistana qarşı tətbiq etmədi, halbuki Ermənistanın işğalçı olduğu BMT-nin məlum 4 qətnaməsi ilə təsdiqlənmişdi. ABŞ-ın bu cür davranışı ikiüzlü siyasətdir”.
A. Məsiyev sonda diqqətə çatdırıb ki, Ukraynada keçriləcək referendumdan sonra Rusiya həmin ərazini öz ərazisi kimi tanıyacaq. Belə olan təqdirdə regionda yeni siyasi situasiya yaranacaq və Rusiya öz təhlükəsizliyi üçün nüvə silahından istifadə hüququnu gündəmə gətirə bilər. Bu da dünya üçün daha təhlükədir.
© 2020 - Created by İLK XEBER.