60 yaşın zirvəsindən boylanan əməkdar artist...

Uzun illərdir ki, aktyor kimi çalışır. Həm teatr və həm də kinoda müxtəlif obrazlar yaradıb. Təhminə və Zaur filmində oynadığı “Spartak” rolu ilə tamaşaçıların sevgisini qazanıb, məşhurlaşıb. Özünü şanslı sayır- bir sıra uğurlu filmlərdə rol alıb, zəif filmlərə çəkilməyib. Qəribə xüsusiyyətləri çoxdur, hər əsərdə rol almağa cəhd etmir və hər kəslə tərəf müqabili olmaq, hər rejissorun filmində çəkilmək istəmir. Bu xüsusiyyətinə görə çoxları onu kaprizli adam hesab edir, amma özü bunu tələbkarlıq kimi dəyərləndirir...

Haqqında söhbət açdığım Füzuli Hüseynov 1962-ci ildə Balakən rayonunda dünyaya gəlib. 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. O vaxtdan bu günədək həmin teatrda çalışır. Həm teatrda və həm də filmlərdə müxtəlif obrazlar yaradıb. Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb, bir neçə ildir ki, Prezidentin mükafatını alır...

Deyir ki,- “Nədənsə dəqiq elmlərə heç vaxt həvəsim olmayıb. Etiraf edirəm ki, məhz bu səbəbdən sənədlərimi incəsənət institutuna verdim. Yəni bu sənətə tam təsadüfi gəlmişəm. Heç ailəmizdə də, məndən savayı, ömrünü incəsənətə bağlayan ikinci kimsə yoxdur...”

Xeyli vaxtdır ki, “sehirli qutuda” görünmür. Səbəbini özünəməxsus təmkinlə belə izah edir:- “Mən şou adamı deyiləm və o verilişlərə çıxmıram. Bir də çox heyiflər olsun ki, addım-addım irəliyə getmək əvəzinə, qaçaraq geri getdiyimiz seriallar ortaya çıxır. Təbii, içində normal olanı da var. Hər halda bunları ayırmaq lazımdır, artıq ələkdən keçirmək dövrdür. Bu işi professionala vermək lazımdır, çünki professional adamlar bir az sakit olurlar, özlərinə qapanırlar. Hər halda, onlardan xahiş etmək lazımdır ki, gəlib bu işi öhdələrinə götürsünlər. Ümumiyyətlə, bu kino, serial, teatr sahəsini çox normal yollarla yoluna qoymaq olar. O gün İctimai Televiziyada kino ilə bağlı problemlərdən danışırdılar. Hamının dediyindən belə çıxır ki, maddi tərəfin günahıdır. Bu, doğrudur, çünki maddi tərəfimiz kəsrdədir, ona görə də alınmır. Hələ Lenin demişdi ki, incəsənətin içində ən bahalısı, qiymətlisi kinodur. Bu, bahalı peşədir, amma kinonun görə biləcəyi işi heç bir siyasətçi görə bilməz. Bu baxımdan mən bir neçə dəfə təklif etdim ki, bəzi Avropa ölkələrində olduğu kimi, dövləti bu yükdən azad etmək üçün bir fond yaradılsın, adını nə istəyirsiniz qoyun. Hər satılan spirtli içki şüşəsindən 50 qəpik və hər çəkilən bir qutu siqaretdən 5 qəpik bu fond üçün ayrılsın. Bunu da biz dostlarla hesabladıq, ayda hardasa 6-7 milyon pul edir. Bu məbləğ filmlərin çəkilişinə, gənclərin oxumasına xərclənsin. Sonra professionallardan ibarət bir komissiya düzəldilsin, ssenarilər gəlsin, oxusunlar, fikirlərini bildirsinlər, yəni onlara maaş verərək bunları etmək olar. Təbii ki, bunu etməyəcəklər. Təsəvvür edin, ayda 5-6 milyon pul yığılacaqsa, bununla nələr etmək olmaz. Səhv etmirəmsə, Avstriyada 17 teatr var, onların illik büdcəsi 15 milyon avrodur. Bizdə isə 27-28 teatr var. Əvvəllər ümumi mədəniyyət sahəsinə ayrılan məbləğ 6 milyona yaxın idi. Bununla dövlət yalnız işçilərin maaşını verə bilər, amma qalan şeylərin hamısını bu fond edə bilərdi, vergidən də azad olmaq şərtilə. Ən azı 1-2 ilə bu sahəni çox yüksək səviyyəyə qaldırmaq olar, çünki bacarıqlı gənclərimiz var. Onların hərəsinə 50 min pul verəcəksən ki, gedin 15-20 dəqiqəlik film çəkib gətirin. Şükür Allaha ki, ustad sənətkarlarımızın bir çoxu hələ də yaşayır. Onları bir yerə toplayıb bir komissiya yaradılsın və həmin komissiya kimin filminin daha maraqlı, səviyyəli olduğunu təyin etdikdən sonra həmin qalibin inkişafı üçün nə lazımdırsa edilsin. Deyək ki, Hollivuda, Bollivuda, “MosFilm”ə gedib 6 aylıq kurs keçməlidir, onu maliyyələşdirmək olar ki, gedib öyrənib gəlsin...”

 

Nə qədər haqlı olduğunu deyə bilmərəm, amma doğrudan da Azərbaycan teatr və kino sənətini dirçəltmək, köhnə şöhrətini özünə qaytarmaq vacibdir...

 

Deyir ki,- “Götürək bizim serialları. Adam nə qədər eyni mövzuya baxar? Filan oliqarxın evində tərbiyəsizlik, bu onu vurdu, o bunu öldürdü - real heç nə yoxdur. Yazıçılarımız, başbilənlərimiz deyirlər ki, bizim qədər tarixi, mədəniyyəti olan ikinci bir dövlət yoxdur. Şərait yaradılmalıdır ki, ssenaristlər bu haqda yazsınlar. Hazırda kimin ağlına nə gəldi, qələmə alır. Anormal, köpük operalarıdır. Deyirlər ki, pulumuz azdır. Qardaşım, pul yoxdur, çəkmə də! Səni kim məcbur edir? Düzdür, bəzi filmlərimiz festivallarda iştirak edir. Digər tərəfdən, sizə bildirim ki, hər gün haradasa festival keçirilir. Kiməsə diplom verilir. Diplom almaqla kinonun, teatrın siması dəyişirmi? Əlbəttə yox. Artıq neçə ildir ki, "MAP" teatr festivalı keçirilir. Bu çox gözəldir. Maraqlı tamaşalar olur. Bakının teatral şəhər adını qazanması hamımıza xeyir gətirməzmi? Gəlin, bunun üçün çalışaq...

 

Mənim anlamıma görə, teatr sərbəst və azad olmalıdır. Təəssüf ki, bu cür yanaşma bizdən hələ çox uzaqdır. Peşəkar rejissor və dramaturqların yoxluğundan həmişə şikayət edirlər. Amma mən hesab etmirəm ki, ölkədə yaxşı dramaturq yoxdur. Ola bilər ki, azdır, fəqət bu “yoxdur” demək deyil. Məncə, rejissorlara münasibət dəyişilməlidir. Onlara şərait yaradılmalıdır. İmkan verilməlidir ki, sifarişlə yox, istədikləri əsəri səhnələşdirsinlər. Ümid edirəm ki, 80-ci illərdə gördüyüm teatrın imici nə vaxtsa geri qayıdacaq. Ümumiləşdirib onu da deyim ki, bəli Azərbaycan teatr, kino sənəti bu gün öz tənəzzül dövrünü yaşayır...”

 

Tələbkar olduğundan hər adam onunla dostluq edə bilmir. Əslində o, sadiq dostlara qarşı çox diqqətlidir, nəvazişini onlardan heç zaman əsirgəmir. Maraqlı həyat tərzi, eləcə də öz şəxsi prinsipləri var. Boş vaxtlarında balıq tutmağı xoşlayır, necə deyərlər, bu hobbidən yaranan ehtiyacını təmin etmək üçün, hətta xüsusi olaraq Rusiyanın Astraxan vilayətinə də gedir. Bir sözlə, əməkdar artist Füzuli Hüseynov məzmunlu adamlardandır, mənalı ömür sürür. Müdriklər kimi, dünənə ötüb keçən, əlçatmaz həqiqət, sabaha isə qismət olacaq güman, ümid kimi baxmağı bacarır və ən başlıcası bu gününü zövqlə yaşayır...

Sentyabrın 9-u Füzuli Hüseynovun 60 yaşı tamam olur. Bu münasibətlə Onu təbrik edir, möhkəm cansağlığı arzulayıram.

Yubileyiniz mübarək!

 

Elman Eldaroğlu