Ruben Vardanyan Etmənistanın yeni baş naziri postuna gətirilə bilər…
“Kimlərsə öz maraqlarını Cənubu Qafqazda həyata keçirmək istəyəcəksə, bunu Azərbaycanın maraqları ilə uzlaşdırmalıdır. Avropa İttifaqı isə de-fakto ABŞ-ın ştatlarından biri kimidir”. Bu fikirlər Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevə məxsusdur. A.Məsiyevin bu və digər məsələlərlə bağlı fikirlərini oxucularımıza təqdim edirik.
-Son günlər Cənubu Qafqazda nə baş verir? Brüsseldə Azərbaycan-Ermənistan görüşləri keçirilən zaman Rusiyada fəaliyyət göstərən erməni milyarder Ruben Vardanyan Xankəndidə yaşamaq həvəsinə düşür. Separatçıların qondarma “xarici işlər naziri” David Babayan isə ABŞ Konqresində çıxış etmək üçün sentyabrın 19-da Vaşinqtona yola düşür. Bu hadisələri necə şərh edərdiniz?
-Bildiyiniz kimi, dünya siyasətində iki nəhəng dövlətin, Rusiya ilə ABŞ-ın maraqları toqquşub, buna səbəb ABŞ-ın dünyanı öz təsir dairəsinə salmaq niyyətidir. Bir sözlə, ABŞ-ın yeni geosiyasi maraqları Rusiyanın maraq darəsinə müdaxiləsinə gətirib çıxarıb. Cənubu Qafqazda baş verən siyasi gərginlik də elə ABŞ-Rusiya siyasi maraqlarının toqquşmasından qaynaqlanır. ABŞ-ın yeni geosiyasi hədəfi Rusiyanı dünya siyasətindən tədric etmək, rəsmi Moskvanın dünya siyasətinə kölgə salmaqdır. Təbii ki, Rusiya da öz maraqlarını nəzərə alaraq ABŞ-ın bu davranışlarına adekvat reaksiya verməkdədir. Rusiyanın Ukrayna hadisələrinə görə Avropa ilə iqtisadi və siyasi əlaqələri kəsilib, bu baxımdan yeni siyasi strategiyasi şərqə yönələcək. Türkiyə, İran, Cənubi Qafqaz Rusiya üçün çox önəmlidir. Belə olan təqdirdə Cənubu Qafqaz, xüsusilə Azərbaycan və Ermənistan Moskva üçün xüsusi önəm daşıyır. Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi Rusiyanın Cənubi Qafqazda strateji planlarını pozur. Bu məqsədlə Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin sonu olaraq 10 noyabr tarixində üçtərəfli sənəd imzalandı. De-fakto münaqişə öz həllini tapdı, de-yure həll üçün Ermənistan və Azərbaycanın böyük sülh imzalaması vacibdir. Ancaq maraqlı məsələ burdadır ki, bu böyük sülh müqaviləsi kimin təşəbbüsü ilə imzalanacaq? Qeyd edim ki, Avropa İttifaqı ABŞ-ın təsirində olan bir ittifaqdır, həmişə ABŞ-dan gələn mahnıya oynayıb, bu yaxınlarda Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında 4-cü görüşün reallaşması da ABŞ maraqları çərçivəsində olmuşdu, bir sözlə, demək istəyirəm ki, Avropa İttifaqı de-fakto ABŞ-ın ştatlarından biri rolunu oynayır. ABŞ hər vəchlə çalışır ki, Azərbaycan-Ermənistan arasında böyük sülh müqaviləsi Moskvanın vasitəçiliyi ilə baş tutmasın, bu baxımdan Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyini işə salan Amerika hadisələrə dolayısı olaraq nəzarət etmək istəyir.
Heç kimə sirr deyil ki, 10 noyabr tarixli üçtərəfli sənədi Rusiya prezidentinin təşəbbüsü və iradəsi ilə əldə edilib, o zaman istər Avropa İttifaqı, istərsə də ABŞ rəsmiləri bu sənədi alqışlamış və təqdir etmişdilər. Bu sənədə görə münaqişə de-fakto həll edilmiş sayılır. Azərbaycan-Ermənistan arasında böyük sülh müqaviləsinə aparan yol 10 noyabrda imzalanan sənədin müddəlarının icrasından başlayır. Bu baxımdan üçtərəfli müqavilənin müddəaları həyata keçirilmədən sülhdən danışmaq mənasız olacaq. Bu yaxınlarda Baş Nazir Paşinyanın sülhməramlı qüvvələrin fəaliyyətindən Putinə şikayət xarakterli zəngi olmuşdur. Kreml sahibi cavab olaraq Paşinyana xatırlatmışdır ki, 10 noyabrda götürülən öhdəlik yerinə yetirilməlidir. Qeyd etmək yerinə düşər ki, 10 noyabr tarixli üçtərəfli imzalanan sənədin bütün müddəaları Azərbaycanın maraqlarına cavab verir, bu baxımdan müddəaların yerinə yetirilməsi Azərbaycan üçün çox vacibdir.
Rəsmi Moskva istəməzdi ki, onun təşəbbüsü ilə imzalanan, faktiki həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsinin həllini ABŞ və Aİ öz adlarına çıxsın. ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda münaqişənin həllində təşəbbüsü öz əllərinə almaq cəhdləri Moskva tərəfindən yolverilməz sayılır. Hesab edirəm ki, Ermənistan-Azərbaycan arasında hərbi münaqişəni kim dayandırdısa, sülh müaqviləsini də onun təşəbbüsü ilə həyata keçirilməsi daha məntiqli olardı. Rusiya heç vaxt razı olamayacaq ki, ABŞ Cənubi Qafqazı öz siyasi təsir darəsinə salsın.
-Rusiyada fəaliyyət göstərən erməni milyarder Ruben Vardanyanın Xankəndidə yaşamaq həvəsinə düşməsini necə qiymətləndirirsiniz?
-Separatçıların qondarma “xarici işlər naziri” David Babayanın ABŞ Konqresində çıxış etmək üçün sentyabrın 19-da Vaşinqtona gedəcəyi və qeyd etdiyiniz məsələ ondan xəbər verir ki, ABŞ və Rusiya Cənubi Qafqaz uğrunda yeni savaşı başlayır. Tarix boyu ermənilər böyük güclərin əlində alətə cevriliblər, bu gün də siyasi alət kimi istifadə edilir. Bəzi güçlər unudurlar ki, Cənubi Qafqazı tənzimləyəcək güc Azərbaycandır. Kimlərsə öz maraqlarını Cənubi Qafqazda həyat keçirmək istəyəcəksə, bunu Azərbaycanın maraqları ilə uzlaşdırmalıdır. Bildiyiniz kimi, Ermənistanın Baş naziri Paşinyan ABŞ tərəfindən hakimiyyətə gətirilmiş və himayə olunan fiqurdur, onun ABŞ qarşısında götürdüyü öhdəliyi var. Bu baxımdan Paşinyan Moskvanın sülh təşəbbüsünə mane olmaqdadır. Məlum 10 noyabrda üçtərəfli sənədə qol çəkməklə Paşinyan öhdəlik götürüb, lakin bu öhdəliyi müxtəlif bəhanələr gətirməklə icrasını ləngidir, bunu da ABŞ-dan gələn təlimat əsasında edir, çünki 10 noyabr müqaviləsinin qarantı kimi Rusiya prezidenti Putinin imzası var. Ermənistan öz üzərinə düşən öhdəliyi yerinə yetirməməklə Rusiya prezidentinin nufuzuna zərbə vurmuş olur, eyni zamanda da sülh müqaviləsini üzatmağa çalışır.
ABŞ Paşniyanın fəaliyyətini qiymətləndirmək, eyni zamanda həvəsləndirmək üçün Ermənistana 60 milyon dollar maliyyə yardımı, eyni zamanda 2022-ci ildə Xankəndidə yaşayan ermənilərə minaların təmizlənməsinə görə 2 milyon dollar ayırıb. Donbasda, Luqanskidə separatçıları məhv etmək üçün Ukrayna hakimiyyətinə “HİMARS” raketləri, Xankəndi seperatçı-terrorçularının dirçəlməsinə isə pul göndərilir. Burada sual doğur: məgər Azərbaycan Xankəndinə minamı basırıb ki, onun təmizlənməsinə ABŞ maliyyə ayırır? Digər tərəfdən, vəsaitin ayrılması Azərbaycan dövləti ilə razılaşdırılıbmı? ABŞ-ın Azərbaycan dövləti ilə razılaşmadan seperatçı-terrorçu qüvvələri maliyyələşdirməsi, eyni zamanda separatçıların qondarma “xarici işlər naziri” David Babayanın ABŞ Konqresində çıxış etmək üçün sentyabrın 19-da Vaşinqtona gedəcəyi onu deməyə əsas verir ki, ABŞ bununla Azərbaycanın suverenliyinə hörmətsizlik etmiş olur, ərazi bütövlüyünü isə şübhə altına alır. ABŞ-ın belə davranışı istər İrəvandakı erməniləri, istərsə də Xankəndidə yaşayan erməniləri Azərbaycan əleyhinə həvəsləndirməyə hesablanır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev avqustun 27-də Azərbaycanda akkreditə olunmuş çoxsaylı diplomatların, beynəlxalq təşkilatların əməkdaşlarının Azərbaycan hökuməti tərəfindən Şuşa şəhərinə təşkil edilmiş səfəri zamanı deyib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri Şuşaya təşkil edilən səfərdə iştirak etmir. “Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik».
Rusiyada fəaliyyət göstərən erməni milyarder Ruben Vardanyanın Xankəndidə yaşamaq həvəsinə gəlincə qeyd edim ki, sözün həqiqi mənasında Vardanyan Xankəndidə ciddi olaraq siyasi proseslərə qoşulacaqsa, o zaman deyə bilərəm ki, Paşiniyanın qələmi Rusiya tərəfindən qırılıb. Yuxarıda qeyd etdiyim kimi, Rusiya Paşniyanın hakimiyətindən narahatdır. Ona görə ki, o hələ də ABŞ-ın təlimatı ilə davranır. Paşniyanın ABŞ tərəfindən idarə edilməsi Rusiyanın Cənubi Qafqazda planlarını pozur, bu baxımdan Moskva Paşniyanın əli ilə Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda yeni yaranacaq siyasi situasiyaya uyğun olaraq Ruben Vardanyanı alternativ fiqur kimi gündəmə çıxara bilər. Belə ki, Ruben Vardanyan Etmənistanın yeni baş naziri postuna gətirilə bilər…
© 2020 - Created by İLK XEBER.