Türkiyənin İstiqlal savaşını başladan şəhər: Samsun tarixi və təbiət mənzərələri ilə Qara dəniz bölgəsində mühüm yer tutur – FOTO

Avqustun 29-dan sentybarın 2-dək Türkiyənin Samsun və Sinop şəhərlərinə bir qrup jurnalistin səfəri təşkil olundu. Avropa.info xəbər verir ki, səfərin informasiya dəstəyi və təşkilatçılığını Türkiyənin Özbəkistandakı səfirliyi həyata keçirirdi. Səfərin əsas məqsədi Samsunda keçirilən "Teknofest Qaradəniz" festivalında iştirak etmək idi. Səfər həmçinin Samsunun tarixi və turistik yerlərini görmək imkanı verdi. Səfər boyu Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Polşadan olan jurnalistlərə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Emine Fatoğlu Topkaya və Deniz Medvedeva bələdçilik etdi.

Samsun tarixi şəhər olmaqla yanaşı, Türkiyənin istiqlal savaşında mühüm yeri olan bölgədir. Samsun Mustafa Kamal Atatürk və silah arxadaşlarının azadlıq mübarizəsində dəyər verdikləri nöqtələrdən biridir. Qurtuluş savaşında strateji əhəmiyyətə malik olan Samsunun tarixi yerləri bura gələn qonaqlara həmin tarixi tanıtmaq üçün geniş imkanlar verir. 

Qeyd edək ki, Samsun şəhərinin miladdan öncə 7-ci əsrdə salındığı güman edilir. Şəhər miladdan öncə 4-cü əsrdə Makedoniyalı İskəndər tərəfindən fəth edilib, miladdan öncə 71-ci ildə romalıların əlinə keçib. 

Bizans dövrünə qədər “Amisos” adı ilə tanınan Samsun, 12-ci əsrdə Səlcuqlu dövlətinin Anadoluda hökmranlığı ilə “Samsun” adını alıb. Səlcuqlular dövründə böyük inkişafların yaşandığı şəhər, Avropa ilə Orta Asiya arasında ən əhəmiyyətli ticarət mərkəzi olmağı bacarıb. 

Samsun 14-cü əsrin sonlarında Osmanlı dövlətinin nəzarətinə keçib, lakin Fateh Sultan Mehmetin Əmir Teymura məğlub olmasından sonra Türkmən bəyliklərinə çevrilib. Osmanlılar şəhəri ələ keçirməzdən əvvəl 1425-ci ildə genuyalılar Samsunu yandırıblar. 

Qurtuluş savaşında böyük əhəmiyyətə malik olan Atatürkün 1919-cu il mayın 19-da Samsuna gəlişi son dövrdə şəhərlə bağlı ən mühüm tarixi hadisə idi. Bu hadisə Qurtuluş savaşının başlanğıcı hesab edilib və 1923-cü ildə Türkiyə Cümhuriyyətin elan edilməsi də beləcə müjdələnib.

Samsunda jurnalistlərin ziyarət etdiyi tarixi yerlərdən biri Qurtuluş savaşında mühüm rol oynayan "Bandırma" gəmisi oldu. Qeyd edək ki, bu gün Samsunda sərgilənən gəmi tarixi "Bandırma" gəmisinin analoqu olaraq hazırlanıb. "Bandırama" İsmayıl Hakkı Durusunun kapitanlığı altında Mustafa Kamal Atatürkü 9-cu Ordu Müfəttişi olaraq heyəti ilə 1919-cu ildə İstanbuldan Samsuna aparan gəmidir. İstanbuldan Samsuna səyahəti zamanı mümkün qədər sahilə yaxın bir marşrutla hərəkət edən "Bandırma" gəmisi 19 may 1919-cu ildə Tütün İskelesi sahilində Samsunda lövbər salıb.  

Türkiyə Cümhuriyyətinin qurulmasında atılan ilk addımlardan biri kimi üzərinə düşən vəzifəni yerinə yetirən və cümhuriyyət tarixində öz yerini tutan həmin gəmi bu gün Samsunun Canik rayonunda ilkin formasına uyğun olaraq yenidən qurulub. Yenidən qurulan Bandırma gəmi muzeyi 18 may 2003-cü ildə ziyarətçilərin istifadəsinə verilib. Orijinal "Bandırma" gəmisinin layihəsi əsasında 15 aprel 2001-ci ildə tamamlanan muzey gəmisinin daxili dizaynı Abdi Güzel tərəfindən hazırlanıb. Samsunda muzey gəmisinin yerləşdiyi əraziyə bələdiyyə tərəfindən müxtəlif əlavələr və abadlıq işləri aparılıb. Bu işlərdən sonra əraziyə Bandırma Gəmisi və Milli Mücadilə Parkı Açıq Səma Muzeyi adı verilib. 

Samsunda tarixi yerlərdən biri də Amisos təpəsidir. Miladdan öncə 6-cı əsrə aid olan və 1995-ci ildə kəşf edilən təpə şəhərin qərb girişində yerləşir. Amisos təpəsində hellenistik dövrdə yaşadığı düşünülən Pontus krallığının yüksək səviyyəli hökmdar ailələrindən birinə aid 2 kurqan var. Kurqanda tapılan şəxsi əşyalar eramızdan əvvəl IV əsrə aiddir. 

Bölgədəki şəhərin miletoslular tərəfindən qurulduğu düşünülür. Toraman təpəsi ətrafında salınan şəhərin yuxarı hissəsi Yuxarı şəhər, aşağı hissəsi isə Aşağı şəhər adlanırdı. Yuxarı şəhər təxminən 44 hektar ərazini əhatə edir. Şəhərin görkəmli və varlı adamları şəhərin yuxarı hissəsində yaşadığı halda, Aşağı şəhərdə kölələr və başqa işçilər yaşayırdılar. 

Keçmişdə Baruthane təpəsi adlanan və 2004-2008-ci illər arasında aparılan işlər ilə turizmə qazandırılan Amisos təpəsində tapılan əsərlərə Samsun Arxeologiya və Etnoqrafiya Muzeyində baxmaq mümkündür. 

Rəsul Mirhəşimli
Bakı-Samsun-Sinop-Bakı

(Davamı olacaq)