NATO nüvə savaşına hazırdır: Kreml Rusiyanı dağıdıcı zərbəyə hədəf edir

Rusiya Ukraynada nüvə fəlakəti törətməyə cəsarət edərsə, NATO müdaxilə məcburiyyətində qalacaq... NATO-nun hərbi müdaxilə planına əsasən Rusiyaya nüvə zərbəsinin endirilə biləcəyi barədə Kremlə sərt xəbərdarlıq olunub...
Ukrayna savaşı uzandıqca bütün dünya üçün daha təhlükəli situasiya yaranır. Üstəlik, bu təhlükəli situasiya yalnız maliyyə-iqtisadi, enerji, ərzaq, humanitar və s. məzmunlu "böhranlar zənciri" ilə məhdudlaşmır. Və indi artıq beynəlxalq siyasi iradə mərkəzləri dünya əhalisinin kütləvi qırğın təhlükəsindən yayındırılması barədə düşünmək məcburiyyətində qalıblar.
Ukrayna savaşının ilk dövrlərində, xüsusilə də, Rusiyanın hərbi uğursuzluğa uğraya biləcəyinin ilkin əlamətləri ortaya çıxdığı mərhələdə dünya üçün əsas təhlükə nüvə təhdidi ilə bağlıydı. Çünki, savaş meydanında vəziyyəti ağırlaşan Rusiya beynəlxalq rəqiblərini nüvə silahından istifadə edə biləcəyi ilə hədələyirdi. Kremlin Ukraynanı hərbi texnika və silah-sursat ilə təchiz edən bəzi dövlətlərə qarşı hər an nüvə zərbəsi endirə biləcəyi ehtimal olunurdu.
Təbii ki, Qərb ölkələri bu ehtimaldan ciddi şəkildə narahat olduqlarını qətiyyən gizlətmirdilər. Kreml isə bu narahatlıqdan Rusiyanın xeyrinə yararlanmağa çalışırdı. Hər halda, Rusiyanın NATO ölkələrinə yönəlik nüvə təhdidləri intensivləşmişdi. Hətta prezident Vladimir Putin Rusiyanın nüvə raketlərini aktivləşdirmək əmri ilə NATO-ya meydan oxumuşdu.
Maraqlıdır ki, NATO həmin dövrdə Rusiyanın nüvə təhdidləri qarşısında çaşqın vəziyyətə düşməsi ilə diqqəti çəkirdi. Bu hərbi-siyasi alyansın rəhbərliyi NATO-nun Ukrayna savaşına müdaxilə etmək, Rusiya ordusu ilə silahlı münaqişəyə girmək niyyətində olmadığını bəyan etməklə, vəziyyəti yumşaltmağa cəhd göstərirdi. İlk baxışdan Kremlin beynəlxalq rəqiblərini küncə sıxışdırmağa nail olması barədə təəssürat yaranmaqdaydı.
Ancaq Rusiyanın yenicə effektiv şəkildə istifadə etməyə başladığı "nüvə faktoru" Kremlin əlindən hər halda, alındı. Bu problemin öhdəsindən isə öz qeyri-adi və cəsarətli davranışları ilə seçilən Böyük Britaniyanın baş naziri Boris Conson gəlməyi bacardı. B.Conson Kremlin növbəti nüvə təhdidinə eyni sərtlikdə cavab verdi. O, bildirdi ki, Rusiya dünyanı nüvə zərbəsi ilə boşuna hədələyir: "Böyük Britaniya bu təhdidlərdən çəkinmir. Çünki, Böyük Britaniya da nüvə silahına sahib ölkədir. Əgər, Rusiya istəyirsə, nüvə zərbəsi endirə bilər. Ancaq Kremldə unutmasınlar ki, Böyük Britaniya da dərhal Rusiyaya nüvə zərbəsi ilə cavab verəcək".
Böyük Britaniya baş nazirinin bu xəbərdarlığından sonra Kremldə nüvə zərbəsi ilə bağlı ənənəvi eyhamları unutdular. Yəni, Rusiyanın nüvə potensialı ilə NATO ölkələrini hədələmək praktikasından imtina etdilər. Bundan sonra isə Rusiyanın savaş meydanında aciz duruma düşməsi daha sürətli prosesə çevrildi.
Ancaq son vaxtlar nüvə təhdidləri artıq yenidən real təhlükə mənbəyinə çevrilməyə başlayıb. Bu dəfə təhlükə sadəcə, təhdidlərlə məhdudlaşmır. Çünki, indi dünya həqiqətən də nüvə fəlakətinin bir addımlığındadır. Rusiya ordusu Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyəti gərginləşdirməyə başlayıb. Hər halda, bu AES istiqamətində artilleriya atəşinin açılması faktları mövcuddur. Üstəlik, bu təhlükəli obyektə Rusiya mütəxəssisləri nəzarət edirlər. Bəzi ehtimallara görə, Kremlin AES-dəki reaktorlardan radioaktiv maddələrin sızmasını təşkil etmək imkanındadır.
Ona görə də, Ukraynada hətta nüvə fəlakəti hazırlıqlarına başlanılıb. Artıq Ukrayna əhalisinə xüsusi dərman preparatları belə, paylanılır. Bu barədə Enerqodar şəhərinin meri məlumat verib: “Zaporojye Atom Elektrik Stansiyasının hərbi terrorçuların əlindədir. Bu nüvə obyekti ətrafında mütəmadi olaraq, silahlı təxribatlar törədilir. Ona görə də, nüvə fəlakətinin baş vermə ehtimalı yüksək olduğundan əlavə təhlükəsizlik tədbirləri görmək məcburiyyətindəyik”.
Ukraynalıları başa düşmək o qədər də çətin deyil. Ukrayna dünyada nüvə fəlakətini yaşamış iki əsas ölkədən biridir. İndiyə qədər yalnız Yaponiya həm ABŞ tərəfindən nüvə zərbəsinə məruz qoyulub, həm də AES-də qəza yaşayıb. Ukraynada isə keçmiş SSRİ dönəmində Çernobıl AES-də dəhşətli qəza baş vermişdi. Bu qəzanın nəticələri yalnız Ukraynanı deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə də təhlükə yaratmışdı. Və Çernobıl şəhəri, eləcə də, ətrafında olan bəzi yaşayış məntəqələri hələ də canlılar üçün təhlükəli məkan olaraq, qalmaqdadır.
Əslində, keçmiş SSRI-nin dağılmasından sonra Ukrayna bir anda dünyanın əsas nüvə dövlətinə də çevrilmişdi. Çünki, keçmiş SSRİ-nin əsas nüvə potensialı həmin dövrdə məhz Ukrayna ərazisində yerləşirdi. ABŞ və Qərb, eləcə də, indi Ukraynaya qarşı işğalçı savaş açan Rusiyanın hərbi təminatı altında bu ölkədə olan nüvə raketləri ləğv edildi. Və həmin vaxt buna görə yalnız rəsmi Kiyevə ödənən maliyyə kompensasiyası deyil, həm də Ukraynanın Çernobıl faciəsini yaşaması da nüvə raketlərinin ləğvinə razılıq verilməsində önəmli rol oynamışdı.
Ancaq indi rəsmi Kiyev o vaxt verilən həmin taleyüklü qərarı tarixi səhv hesab edirlər. Çünki, belə bir əminlik var ki, əgər, Ukrayna özünün nüvə dövləti statusunu qorumuş olsaydı, Rusiya işğalçılıq savaşına cəsarət etməzdi. Və Ukraynaya təhlükəsizlik təminatı verdiyi halda, bu ölkənin ərazisinə qoşun yeritdə bilməzdi.
Digər tərəfdən, indi yalnız Ukrayna deyil, Avropa ölkələri də ciddi nüvə təhlükəsi qarşısında qalıblar. Hər halda, Zaporojye AES-də partlayış və ya nüvə sızması törədilərsə, ən azından Şərqi Avropa real fəlakətlə üzləşə bilər. Şərqi Avropa ölkələri sırasında NATO üzvləri də olduğundan bu, daha genişmiqyaslı hərbi münaqişə təhlükəsi vəd edir.
NATO ölkəsi olan Polşa artıq bu məsələ ilə bağlı Rusiyaya sərt şəkildə xəbərdarlıq da edib. Rəsmi Varşava Kremlə xatırladıb ki, nüvə fəlakəti ilə bağlı istənilən təhlükə NATO-nun birbaşa müdaxiləsinə hüquqi səbəblər yaradacaq. Çünki, Zaporojye AES-də bilərəkdən qəzanın törədilməsi NATO ölkələrinə qarşı birbaşa nüvə zərbəsi kimi dəyərləndirilə bilər. Bu haldasa, NATO nizamnaməsinin kollektiv müdafiə prinsiplərini təsbit edən 5-ci maddəsinin aktivləşdirilməsi qaçılmaz olacaq.
Göründüyü kimi, dünya yeni nüvə fəlakəti ilə üzləşib. Kreml belə bir fəlakətin reallaşdırılmasına cəsarət edəcəyi təqdirdə, NATO müdaxilə etmək məcburiyyətində qalacaq. NATO-nun hərbi müdaxiləsində Rusiya qarşı nüvə zərbəsinin endirilə biləcəyi isə qətiyyən istisna olunmur. Bu isə o deməkdir ki, Zaporojye AES-də Kremlin günahı ucbatından baş verə biləcək istənilən qəza Rusiyaya qarşı nüvə müharibəsi törədə bilər. Və ona görə də, Rusiya belə bir qəzanın baş verməsində hamıdan çox maraqlı olmalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu