"İstədiyimiz odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın"
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib.
Aznews.az müsahibəni təqdim edir.
- Cənab Prezident, ilk növbədə, icazənizlə bugünkü səfərinizlə bağlı təəssüratlarınızı öyrənmək istərdik.
- Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir.
Son illərdə hər iki rayonda böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir.
Sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə - Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.
Bu gün isə yolüstü “Diri Baba” türbəsində gedən işlərlə tanış oldum. Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, həm konservasiya olunsun, həm də onun ətrafında turizm infrastrukturu yaradılsın. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir.
Eyni zamanda, Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, - bunu da biz təmin etdik, - iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar, bildiyiniz kimi, indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır.
Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda bu obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.
Bu gün, eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb.
Yəni, iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur.
Əlbəttə ki, bu bölgənin həm turizm, həm kənd təsərrüfatı istiqamətləri bölgənin gələcək inkişafını təmin edəcək. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.
- Cənab Prezident, növbəti sualımız ərzaq təhlükəsizliyi ilə bağlıdır. Artıq buna toxundunuz. Qiymətlərin durmadan artması, xüsusilə taxıl qıtlığı bu gün dünyada başlıca mövzulardan birinə çevrilib. Azərbaycanda bu istiqamətdə hansı tədbirlər nəzərdə tutulur, hansı addımlar atılır?
- Biz əlbəttə, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük.
Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, - əgər belə demək mümkündürsə, - idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır. Məsələn bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, - mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, - bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır.
Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır. Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur.
Bir sözlə, bax, bu amillər reallıqdır və biz real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.
- Elə bu mövzunun davamı olaraq, erməni işğalından azad edilmiş torpaqlarımızda Sizin göstərişinizlə əkin işləri aparılır. Azad edilmiş ərazilərdə, ümumiyyətlə, kənd təsərrüfatı sahəsində hansı işlər görülür?
- Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdi. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın suyundan, Bazar çayın suyundan istifadə edə bilmirdik. Bunlar, azad edilmiş torpaqlarda əsas çaylardır, amma o çayların sayı daha da çoxdur.
Ona görə bu amili nəzərə alsaq və azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq. Məsələn, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var və biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.
Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Yəni, dövlət öz tövsiyələrini verəcək. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq. Bu bölgələrdə - Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq.