Belarus Respublikasında “Dostluq çələngi” festivalı çərçivəsində "Buz Sarayı”nda keçirilən təntənəli açılış mərasimində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 7 min tamaşaçı tutumu olan səhnəyə çıxıb.
Ölməz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadın məşhur mahnısını ifa edən aktyoru hər kəs sürəkli alqışlarla qarşılayıb. Eyni zamanda səhnənin yuxarı hissəsində dörd tərəfdən quraşdırılan iri manitorlarda Azərbaycanın dilbər guşələrinin görüntüləri rəğbətlə qarşılanıb.
Elə bu kadrları Belorusda yaşayan Azərbaycan diasporunun ən fəal üzvlərindən biri olan Oleq Babayev çəkərək bizə göndərib və ürək sözlərini də belə ifadə edib: "Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, qəlbimiz hər zaman Azərbaycanla döyünür... Azərbaycan sənətçisinin ifası və fonda görüntülənən Bakının mənzərəsi, Şuşa, Cıdır düzü, Qarabağın yeni çəkilmiş videokadrları bizə çox böyük qürur hissi yaşatdı və bu möhtəşəm zalda nümayişi elə bil ki, dünyanı bizə bağışladı. Sanki Zəfər günlərini bir daha təkrar yaşadıq. Biz o günlərdə də belə fərəh hissi keçirmişdik...
Qeyd edim ki, konsertdə Ermənistan sənətçiləri də yer almışdı və təbii ki, zalda onların da nümayəndələri vardı. Sağ olsun Azərbaycan sənətçiləri, incəsənət xadimləri, Akademik Musiqili Teatrın kollektivi ki bax belə bir yüksək səviyyəli çıxışla bizə bütün millətlər arasında şərəf verdilər".
© 2020 - Created by İLK XEBER.