“Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır”

“Səmərəsiz istifadə olunan dövlət əmlakı qısa zaman kəsiyində özəlləşdirilməyə çıxarılmalı, dövlət inhisarçılığına son qoyulmalıdır”

Ilkxeber.org Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

 

- Qüdrət bəy, Lavrovun Bakı səfərindən gözləntilərinizi bilmək istərdik.

 

- Bu tipli səfərlərə böyük ehtiyac var. Səfər zamanı həm ikitərəfli, həm də regional məsələlər müzakirə olunacaq. Azərbaycan üçün prioritet məsələ Xankəndi üzərində ölkəmizin suverenliyinin təmin edilməsi və Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Rusiya münaqişədə vasitəçi kimi bu məsələlərin həllində müstəsna rol oynaya bilər. Biz yenidən qan tökülmədən qeyd etdiyim məsələlərin həllini istəyiriksə Rusiya ilə əməkdaşlığı genişləndirməliyik. Beynəlxalq birlik tərəfindən Rusiyaya ağır sanksiyaların tətbiq edildiyi bir zamanda Türkiyə və Azərbaycanın Rusiya üçün əhəmiyyəti xeyli artmışdır. Rusiyanın Azərbaycanla bağlı hər hansı narahatçılığı olmamalıdır, çünki bilir ki, Azərbaycan öz öhdəliklərinə ciddi əməl edən etibarlı tərəfdaşdır. Azərbaycanın da Rusiyadan bunu tələb etməyə haqqı var. Rusiya Azərbaycanın dövlət suverenliyinə hörmət etməli, qısa müddətdə Azərbaycanın Xankəndi üzərində suverenliyinin bərpa olunmasına tövfə verməlidir.

 

“Qanunun aliliyi təmin edilməlidir”

 

- 2022-ci ilin büdcəsinə edilən dəyişikliklərə münasibətiniz necədir?

 

- Büdcənin xərcləri 2 milyard 424 milyon manat artırılır və bu təqdir olunmalıdır. Bu artım daha çox dünya bazarında neft və qazın qiymətinin artması hesabınadır. Yeni yaradılmış istehsal və emal müəssiələrinin ödədiyi vergilər hesabına bu artım təmin edilsəydi, daha sevindirinci olardı. Neft və qaz gəlirlərindən asılılığa son qoymaq üçün iqtisadiyyatın digər sahələri inkişaf etdirilməlidir. Bunun üçün ölkənin valyuta ehtiyatlarının bir hissəsi yerli banklara yerləşdirilməli və sahibkarların ucuz kreditlərə çıxışı təmin edilməlidir. Səmərəsiz istifadə olunan dövlət əmlakı qısa zaman kəsiyində özəlləşdirilməyə çıxarılmalı, dövlət inhisarçılığına son qoyulmalıdır. Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Bununla yanaşı, sahibkarları qorumaq üçün dövlət quruculuğu və məhkəmə-hüquq islahatları genişləndirilməklə qanunun aliliyi təmin edilməlidir.

 

 

“Radikal qərarların qəbul olunmasına ehtiyac var”

 

- Qarabağın bərpası üçün nə qədər vəsait ayrılır və ayrılan vəsait yetərlidirmi?

 

- Səmimi deyim ki, heç kimdən bizə bu istiqamətdə əhəmiyyətli yardım ediləcəyini gözləmirəm. Bərpa olunacaq şəhər kəndlərin adları ictimaiyyətə elan olunmalı, həmin yaşayış məntəqələrinə yollar, qaz, işıq xətləri çəkilməli və imkanlı vətəndaşlara deyilməlidir ki, kim istəyirsə təqdim olunan layihələr əsasında gedib evini tiksin. İmkanı olmayanlara dövlət maliyyə yardımı ayırmalıdır. Qarabağ 1 il 8 aydır ki, işğaldan azad olunub, amma bəzi vətəndaşlarımız öz evlərinə qayıtmadan dünyasını dəyişirlər, bu çox üzücüdür. Onların çoxu öz ata-baba torpaqlarında valideyinlərinin, əzizlərinin yanında dəfn olunmalarını istəyirlər.

 

Dəyişikliyə əsasən, bərpa işlərinə əlavə olaraq 1.4 milyard manat ayrılır. Hesab edirəm, ölkənin valyuta ehtiyatları artdığından bu məqsədlə Dövlət Neft Fondundan əlavə 2 milyard manat ayrıla bilər. Kəlbəcərə Murov dağının altı ilə tunelin çəkilişini sürətləndirmək üçün tunel qazan müasir maşınlar alınmalıdır. Hazırda dünyada partlatma üsulu ilə tunel çəkilmir. Çoxlu yerli tikinti şirkətləri iş tapa bilmirlər. Bu istiqamətdə ayrılan vəsait həm işsizliyin aradan qaldırılmasına, həm də iqtisadiyyatın digər sahələrinin inkişafına təkan vermiş olar. Bu sahədə radikal qərarların qəbul olunmasına ehtiyac var.