Gülnara İnanc 20 ildən sonra Çeçenistan savaşı və çeçen döyüşçüləri haqda
- Bilirsiniz, proseslər sonradan tamam başqa cür getdi. Onlar müxtəlif dövlətlərin siyasi oyunlarının içinə düşdülər. Cövhər Dudayevdən sonra Aslan Məshədovda birlik, liderlik qabiliyyəti yox idi. O vaxt çeçenlər Dudayevin arxasınca gedirdilər, müstəqil dövlət qurmaq ehtirası vardı. Amma Məshədov artıq bir manipulyasiya alətinə çevrilmişdi...
Link: https://lent.az/xeber/sosial/qorxulu-qrozni-terrorcularin-evinde-doyusmek-istemirem-baci-lentaz-a-danisir-40532035?fbclid=IwAR0jDoVR8TZxoUzYb11C9H279VnJIQlr-cR5dKFRnl-3R_5BlTEHayEhjLI
Bunu Lent.az-a filoloq, jurnalist və kvant psixoloqu Gülnarə İnanc deyir.
Gülnarə İnanc
O, 1993-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirsə də, heç vaxt öz ixtisası üzrə işləməyib. Gülnarə İnanc elə təhsilini bitirən kimi də jurnalistikaya gəlib. “Səs” və digər qəzetlərdə tərcümə yazılar yazıb. Daha sonra isə “Liberal press” və “Avrasiya” qəzetlərində çalışıb. II çeçen müharibəsi dövründə isə oranın Bakı nümayəndəliyinin mətbuat katibi kimi fəaliyyət göstərib.
Alla Dudayeva
- O vaxt Bakıda Çeçenistanın qeyri-rəsmi nümayəndəliyi vardı. O dövrlərdə aparıcı qəzetlərdən biri olan ”Avrasiya” da çalışırdım. Mən də düşünürdüm ki, özümü göstərmək üçün mütləq nəsə etməliyəm. Həmin vaxt indi millət vəkili olan, tanınmış jurnalist Sahib Alıyevlə birgə işləyirdim. Mənə dedi ki, çeçen nümayəndəliyini tap. Və özü də bildirdi ki, oranın əlaqə nömrəsi məndə yoxdu, get özün axtar. Məndə aləmi bir-birinə qatmışam ki, tapmalıyam o nömrəni. Rəhmətlik professor Eldar Qorin var idi. O, məni həmin nümayəndəliklə tanış etdi. Sonra Sahib dedi ki, mən onların əlaqə nömrəsini bilirdim. İstəyirdim ki, sən özün axtarıb tapasan. Mən bu gün ona minnətdaram ki, asan yolu deyil, çətini öyrətdi mənə.
Burada ustada minnətdarlığı dayandırıb Gülnarə xanımın Çeçenistan nümayəndəliyi ilə tanışlıq söhbətinə davam edirik...
- Əvvəla qeyd edim ki, xatirələr o qədər çoxdur ki, burda yalnız bir neçə fraqmentə toxuna bilərik. Məshədovun nümayəndəsi Əli Asayevdən müsahibə götürdüm. Müsahibədən sonra Qroznıda bir idman yarışında Azərbaycan idmançıları qa iştirak edəcəkdi . Azərbaycandan TGRT-nin Azərbaycan təmsilçisi Müşfiq bəy, Ağası Hun və mən gedəsi olduq. Bu mənim Qroznıya ilk səfərim idi. İdman yarışlarından sonra ilk dəfə o dövrdə Kremlin başına külli miqdarda pul qoyduğu Salman Raduyevdən müsahibə götürdüm.
- Elə ondan başlayaq, Raduyevlə tanışlıq sizə necə təsir bağışladı?
- Raduyev daha çox publikaya oynayan insan idi. Amma bir şeyi etiraf edək ki, ilk vaxtlarda çeçenlər doğrudan da azadlıq mübarizəsi aparırdılar. Hətta bir müddət müstəqil Çeçenistana da nail oldular. Amma sonradan özləri hər şeyi məhv etdilər. Xüsusən də, 2001-ci ildə, məşhur “Nord-Ost” hadisələrindən sonra.
Sonradan proseslər tamam başqa cür getdi. Onlar müxtəlif dövlətlərin siyasi oyunlarının içinə düşdülər. Cövhər Dudayevdən sonra Aslan Məshədovda birlik, liderlik qabiliyyəti yox idi. İnsanlar Cövhər Dudayevin arxasınca gedirdilər. Amma Məshədov bir manipulyasiya alətinə çevrilmişdi.
Gülnarə xanım və Aslan Məshədov
Məshədovun xanımı və Gülnarə İnanc
Söhbəti davam edir...
- Şamil Basayev, Vaxa Arsanov, Alla Dudayeva, daha kimlərlə müsahibələrim olmayıb? Azərbaycanda Alla Dudayeva ilə ilk müsahibəni mən götürmüşəm, “Avrasiya” qəzetində gedib.
Sonra mən tamam başqa bir obraz gördüm Çeçenistanda. Qroznını gördüm, tamamilə məhv olmuşdu. O dövrün çeçen liderlərinin əksərinin evində olmişdum. Şamil Basayev rusların başına pul qoyduğu birisi idi. Sən isə onun evində onunla birlikdə oturursan. Onunla söhbət edirsən, yediyini içdiyini, həyat tərzini görürsən. Bunlar o dövrün jurnalisti üçün böyük uğur idi.
Şamil Basayev və Gülnarə İnanc
Baxırsan, evində adi insandı. Buradan çıxandan sonra o döyüşçüdü. Amma həyatda sıradan biri. Mən onlar tərəfindən sevilirdim. Axı əzilmiş bir insanın yanında kimsə olanda çox sevinirlər.
Şamil Basayevin xanımı və oğlu
Bir həqiqəti də kəşf etdim özüm üçün. Dövləti olmayan xalqlar çox həssas olurlar. Yadımdadı, mən artıq onlarla işləyəndə Bakıya çeçen qaçqınlar gəlirdi. Oğrusu da, həqiqi qaçqını da orada idi. Onlarla yerli sakinlər arasında bəzən münaqişələr də olurdu. Bu mənim üçün anlaşılan bir proses idi.
Məsələn, qaçqın kirayənin pulunu vermir və evi dağıdıb qaçırdı. Bu zaman isə qaçqınları yerləşdirən çeçen nümayəndələri onları müdafiə edirdi. Bu mənə təəccüblü gəlirdi ki, nə olsun o çeçendir, axı cinayətkardı. Onlar buna belə cavab verirdilər: ”Bizim sayımız azdı, biz özümüzünkünü qorumalıyıq”.
Mənim çox isti münasibətim olduğu insan isə Hamzat Gelayev idi. Çox maraqlı adam idi.
Gülnarə xanım və Hamzat Gelayev
O, dinə tərəf çox getdi, sonra isə ruslar tərəfindən öldürüldü. Yadımdadır ki, Gelayev döyüşçüləri ilə birgə Bakı hava limanında çeçenlərin dini ayini - zikri icra edəndə aeroport təhlükəsizlik xidmətinin narahatlığına səbəb olmuşdu. Zikr ayini zamanı kişilər (qadınlar da bu ayini ayrıca edir) dövrə vuraraq oxuyurlar. Bu ayin dini və hüzn mərasimlərində, döyüş ruhu yaratdığı üçün müharibə zamanı ifa edilir. Həqiqətən ayinin güclü emosional-psixoloji abı-havası var.
II müharibə başlayanda mən Hamzata zəng etdim. Danışığımız zamanı mənə dedikləri hələ də qulağımdadı: "Bilsən necə döyüşmək istəmirəm, amma Qroznını bombalayırlar, döyüşməliyik”. Hamzat artıq dinc şəraitdə dini ibadəti ilə bir arada qalmaq istəyirdi, amma o döyüşməyə məcbur idi, məhkum idi...
Aytəkin Cəlali və Gülnarə İnanc
Çeçenistandan Bakıya kimsə gələndə Hamzatdan salam gətirdilər: “Mənim bacıma salam deyin”.
Bilirsiniz, bir məqamı da deyim. İkinci Qarabağ müharibəsində Azərbaycanda millətindən asılı olmayaraq hamı “bizim müharibədi” deyib döyüşə yollandı, bura mənim vətənimdi onu qorumalıyam dedi. O zaman bütün xalqlar, etnoslar birləşdi və biz millət olduq. Hər an millət, etnos olmursan. Mümkün deyil. Biz hər an insan oluruq. Müəyyən anlar olur ki, o bizi birləşdirir və biz millət, dövlət oluruq. Çeçenlərdə isə millət anlayışı yox idi... O zaman çeçenlər qəhrəmanlıq rəmzi idi . 44 günlük Qarabağ savaşında isə artıq Azərbaycan Qafqazın döyüşkən xalqı adını qazandı.
- Yeri gəlmişkən, çeçenlərin baş ideoloqu Uduqovla necə, görüşmüsünüzmü?
Gülnarə İnanc və Uduqov
- Uduqov orada mətbuat xidmətinin rəhbəri idi. Onunla iki dəfə həm Bakıda, həm də Qroznıda görüşmüşük. Hazırda Türkiyədədi. Çox çevik adam idi. Ondan açıq şəkildə cavab ala bilməzdin. Digərləri çox açıq idilər, amma Uduqov yox...
Uduqova düşünən beyin idi demək doğru olmazdı. Dudayevdən sonra orada harmonik sistem yox idi.
- Şamil Basayev Dağıstana öz istəyilə girdi, yoxsa təxribat idi?
Çeçen döyüşçüsü və Gülnarə İnanc
- İnsanın öz istəyi olmadan heç kim ona nəsə etdirə bilməz. Berezovski dövrü və insanların qaçırılması. Onlar hamısı böyük pullar idi. Mən Çeçenistanda olanda yanımda həmişə silahlı mühafizəçi vardı. Bir dəfə müşayiətsiz Qudermesdə evdən çıxmışdım. Bir də gördüm ki, Əli Asayevin qardaşı təngnəfəs ardımca qaçır. Girov götürülməm təhlükəsi çox böyük idi. Başqa bir dəfə mən şəkil çəkmək üçün qaçaraq mövqeyimi dəyişəndə mühafizəçi qaçaraq ardımca gəlməli olurdu. Hətta belə bir zarafat edib deyirdilər ki, pulumuz qurtaranda səni girov götürüb pul qazanarıq.
Gülnarə İnanc
O vaxt hər şey artıq alverə çevrilmişdi. Müharibədən sonra Çeçenistanda oğru qanunları işləyirdi. Onlar özləri qanun yaradırdılar, öz qanunları vardı. Hərə bir bəyanat verirdi. Məshədovda lider obrazı, ona tabe olan, dövlətçilik sistemi, tarixi dövlət quruculuğu mədəniyyəti yox idi. Bunlar olmadığına görə də o sistem dağılmağa başladı.
Aytəkin Cəlali
*
Başlanğıcda da qeyd etdiyimiz kimi, Gülnarə xanım tək jurnalist, filoloq deyil, kvant psixoloqudur.
O deyir ki, kvant nəzəriyyəsinə görə, hər bir şeyi müşahidəçi həll edir. Biz fikir axınından, yəni fiziki varlıqdan aralanaraq, fikirlərin və hadisələrin müşahidəçisinə çevrilirik...
© 2020 - Created by İLK XEBER.