Torpaqları 30 ilə yaxın işğal altında qalmasına, müharibə şəraitində yaşamasına baxmayaraq, başqalarına nümunə göstərilən belə uğurlara imza atan, qitələri birləşdirən enerji, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, qlobal əhəmiyyətli təşəbbüsləri ilə dünyanın iqtisadi bazarında mövqeyini möhkəmləndirən Azərbaycan Cənubi Qafqazın lider ölkəsi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldur. Ölkəmizin beynəlxalq nüfuzu artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir.
44 günlük Vətən müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmasından sonra Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı, regionun tarixində yeni eranın əsası qoyuldu. İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diqtəsi altında cərəyan edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsizlik mühiti, davamlı sabitliyə və əmin-amanlığa əlverişli şərait yarana bilər.
Region dövlətlərinin yeni əməkdaşlıq formatının qurulması və Zəngəzur dəhlizinin yaradılması başda olmaqla, bir çox layihənin reallaşması üçün, ilk növbədə, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması əsas şərtdir. Sərhədlərin müəyyənləşməsi olduqca zəruri proses, tərəflər arasında mövcud sərhədyanı ərazilərdə baş verə biləcək gələcək münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Lakin bu proses erməniləri nədənsə uzun illər ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarının azad olunmasından daha çox narahat edir.
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası tərəflər arasında gələcək sərhədyanı ərazilərdəki münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bir neçə dəfə bəyan edib. Ölkə rəhbəri Minsk qrupu başda olmaqla, həmsədrləri bu istiqamətdə fəallığa çağırıb. Sülh müqaviləsi münaqişə və müharibə səhifəsinin bağlanması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırılması üçün əhəmiyyətlidir.
Dünyanın bir çox dövlətləri arasında olduğu kimi Azərbaycan və Ermənistan arasında da müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması bölgədə gələcək sülh və mehriban siyasət üçün lazımlı nüans kimi qəbul edilir. Vaxtilə Avropanın bir çox dövlətləri də bu mərhələdən keçdi, tarixi səhvlərini unudaraq gələcəyə baxdı. İndi Ermənistan da keçmişdəki səhvlərindən dərs çıxarmalı, hazırda oturduğu torpaqların kimin olmasını yaddan çıxartmamalı və bir daha Azərbaycan Respublikasının torpaqlarına göz dikməməlidir.
Bakı cəmi 44 gün ərzində torpaqlarımıza edilən qəsbkarlığın nəticəsinin necə ağır olacağını hərbi əməliyyatlar vasitəsilə göstərdi. Bundan sonra bizim ərazilərimizlə bağlı erməni revanşistlərin hər hansı xəyalı bizi Ermənistandakı tarixi torpaqlarımız haqqında düşündürə bilər. Bu reallığı Ermənistanın indiki və gələcək siyasi hakimiyyəti nəzərə almalı, sülh sazişinin imzalanmasının ilkin mərhələsi olan Üçtərəfli Bəyanat və digər razılaşmalara əməl etməyin qaçılmaz olmasını məsuliyyətləri ilə dərk etməlidir.
Azərbaycan bütün bu addımların həyata keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün hüquqi prinsipləri, beynəlxalq normaları və qanunların aliliyini əsas götürür. Buna görə də, uzun illər Azərbaycan-Ermənistan arasındakı münaqişəyə səssiz qalmaqla, öz nüfuzlarını zərbə altına qoyan beynəlxalq qurumlar, xüsusilə də, BMT, ATƏT və digərləri sülh müqaviləsinin imzalanması üçün öz təşəbbüslərini ortaya qoymalıdırlar. Əks halda, rəzil sosial partlayışlar fonunda məhv olan Ermənistan bundan sonra da region üçün əsas təhlükə mənbəyi kimi qalacaqdır.
Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınılmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır.
Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, daha bir işğalçının zərərsizləşdirilməsinə və onun sivil, normal münasibətlər müstəvisinə çıxarılmasına, regionda və dünyada iqtisadi-siyasi əlaqələrin daha intensiv şəkildə reallaşdırılmasına xidmət edəcək.
Əminə Ağazadə
Milli Məclisin deputatı
© 2020 - Created by İLK XEBER.