KEÇMİŞƏ, GƏLƏCƏYƏ YAXŞI YOL
Nəriman Qasmoğlu
Longfellow House–Washington's Headquarters, yəni Longfellolar evi – Vaşinqtonun qərargahı adlanır.
Əvvəllər Corc Vaşinqtonun qərargahı (1775-76) olmuş bu ev sonralar tanınmış amerikan şairi Henri Longfello-nun mülkiyyətinə keçmişdir.
Evi 1759-cu ildə Con Vassal inşa edib. Amerikada vətəndaş müharibəsi illərində İngiltərə kralına sadiq qalan bu şəxs ərazidən qaçmalı olur. Həmin ildə Corc Vaşinqton evi şəxsi qərargahı kimi istifadə edir və Bostonun mühasirəsi ilə əldaqədar məşhur əməliyyatlara rəhbərliyi buradan həyata keçirir. Bir müddətdən sonra evə onun təyin etdiyi mülki general Andrü Qreyq sahiblənir. Həyatının son illərində Qreyqin maddi durumu pisləşir, vəfat etdikdən sonra həyat yoldaşı Elizabet sığınacaq axtaranlara otaqları kirayəyə verir. Bunlardan biri Longfello ailəsi olur. Onlar 1913-cü ildə evi tarixi əhəmiyyətli mülkiyyət kimi dövlət qeydiyyatına saldırırlar. 1972-ci ildə isə ev içindəki mebellər və bütün avadanlıqları ilə ABŞ milli parklar dövlət agentliyinə ianə olaraq təhvil verilir.
Longfello ən məşhur əsərlərini, o cümlədən 11 şeirlər toplusunu, iki romanını, üç poemasını və bir neçə pyesini, eləcə də Dantenin İlahi Komediyasının ingiliscəyə tərcüməsini bu evdə yazmışdır. Ona populyarlığı həm də o qazandırmışdı ki, həyat yoldaşı ilə birgə dövrün məşhur sənət adamları, yazarları, siyasətçiləri, parlaq ictimai simalarını burada qonaqlayır, onların iştirakı ilə məclislər qururmuş.
Bura hazırda Massaçusetsə gələnlərin muzey kimi ən çox ziyarət etdiyi evdir.
Qismətimdə bu evin ziyarətçisi deyil, qonağı olmaq varmış. 2004-cü ildə Corctaun universitetində çalışanda dəvət aldım ki, Bedford-da yerləşən Middlesex Community College-də Azərbaycan haqqında, eləcə də islam dini barədə həm tələbələr, həm də müəllimlər üçün ayrıca iki mühazirə oxuyum, söhbətlər aparım.
Kollecin təmsilçisi ilə səfərimin ayrıntılarını yazışmamızda müzakirə edəndə məsləhət olmuşdu ki, Bostona təyyarə ilə gələn kimi aeroportdan taksi ilə birbaşa şam yeməyi üçün adını çəkdiyi bir restorana gedim.
Məni restoranda qarşıladılar. Üç nəfər idilər. Aralarında bir ərəb də vardı. Belə anladım ki, müsəlman olduğuma görə elə düşünüblər qarşılayanlardan biri müsəlman olsa mənə xoş gələr. Caz müsiqisinin uzaqdan qulağa yatımlı, söhbətləşənlərə qətiyyən mane olmayan sədaları altında şam edərək gözəl bir axşam keçirdik. Sonra məni maşınla gətirdilər yuxarıda haqqında məlumat verdiyim muzey-evə.
İçəri daxil olanda dedilər “icazəmiz var ki, ən hörmətli qonaqlarımızı bu evdə yerləşdirək, bu ev bu gecəlik bütövlükdə sizin sərəncamınızdadır”.
Evin tarixindən danışıb otaqlarla məni tanış etdilər, kofe-çay-şirniyyat yerlərini göstərdilər və dedilər “seçim sizindir, harada istəsəniz qala bilərsiniz”. Onların məsləhətini soruşduqda Vaşinqtonun yataq otağında da gecələyə biləcəyimi dedilər ki, belədə özümü tarixi keçmişin aurasına salaram. Vidalaşıb getdilər.
Bərk yorğunam, yuxum gözümdən tökülür. Ancaq evin aurası məni o qədər tutub ki, maraq güc gəlir, 1-ci və 2-ci mərtəbələrdəki otaqlara yenidən bir-bir daxil olub işıqlarını yandırır, divarlardakı rəsmlərə, antik avadanlıqlara, Vaşingtonun və başqalarının əlyazmalarını və s.-ni gözdən keçirirəm.
Az sonra qayıdıram yuxarı mərtəbədəki otağıma. İsti vanna qəbul edib uzanıram Vaşinqtonun istifadə etdiyi çarpayıya. Yanında qədim bir dolabça üstündə onun vaxtilə oxuduğu bir kitabı vərəqləyirəm, yuxu məni basır, yatıram...
Səhər saat 10 olar. Arxamca gəliblər. Özləri ilə səhər yeməyini də gətiriblər. Kofe-çay da hazırdır. Süfrə arxasında “şirniyyat” da qatdığımız söhbətimizi yekunlaşdırıb yollanırıq Middlesex Community College-ə.
Azərbaycan onlar üçün haqqında ümumiyyətlə heç nə bilmədikləri, eşitmədikləri bir ölkədir. Xəritə önündə dayanıram, tariximizin maraqlı dövrlərindən danışır, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi təbliğ edən abidələrdən, əsərlərdən söz salıram...
Nahar fasiləsindən sonra isə növbə ikinci mühazirənindir, bu dəfəki dinləyicilərim kollecin müəllimləridir. OXU ayələrindən sitat gətirə-gətirə İslam dininin mahiyyətindən danışıram, maraqla dinləyirlər. Ərəb mənşəli birininsə heç xoşuna gəlmir dediklərim. Tez-tez sözümü kəsib suallarını yağdırır, cavablarını da alır. Zavallı dərinə gedə də bilmir, getdikcə cavablarımda bəzi ənənəvi dini qaydaların tənqidlərini daha geniş və üz qaraldan ayrıntılarda səsləndirməli oluram. Müəllimləri isə modern islam ilahiyyatçılığında yeni təmayüllər və bunların kütləvi şüura gələcək təsiri perspektivləri daha çox maraqlandırır.
Ayrılırıq. Boston aeroportuna yola salınanda zarafatla deyirəm “mümkünsə məni Bostona yox, Vaşinqtonun evinə – keçmişə qaytarın”. Məni ötürən şəxs də zarafatından qalmır: “sən heç bu günün də adamı deyilsən, gələcəyin adamısan, sənə yaxşı yol!”.
Qeyd: Fotolar ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşən muzey-evə aiddir.
© 2020 - Created by İLK XEBER.