"ABŞ Prezidenti C.Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələrini “soyqırım” adlandırması tarixin siyasi məqsədlər üçün saxtalaşdırılmasından başqa bir şey deyildir”. Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ABŞ Prezidenti C.Baydenin aprelin 24-də verdiyi bəyanatında 1915-ci il hadisələrini təkrarən “soyqırım” adlandırmasını şərh edərkən bildirib.
Partiya sədrinin fikrinə görə görə, ABŞ prezidentinin bu il də təkrarən həmin addımı atma səbəblərindən biri də ondan ibarətdir ki, Türkiyənin bölgədə və beynəlxalq aləmdə nüfuzunun daha da artması bir sıra dövlətləri, o cümlədən ABŞ-ı narahat edir və saxta erməni soyqırımı vasitəsilə Türkiyəyə təzyiq göstərmək istəyir. Lakin belə bəyanatlar Türkiyənin bölgədə və beynəlxalq aləmdə nüfuzunun durmadan artmasının qarşısını ala bilməz və ona xələl gətirə bilməz.
Q.Əlibəyli hesab edir ki, ABŞ prezidentinin bu bəyanatı həm də bölgədə siyasi normallaşma prosesinə zərər vurur, ermənilərin etnik düşmənçiliyə söykənən əsassız iddialarını bir növ stimullaşdırır: “Bu da son nəticədə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin beynəlxalq hüququn prinsiplərinə uyğun normallaşmasına mane olur. Regionda sülh prosesinin ləngiməsi, Türkiyə və Azərbaycanla normal münasibətlərin yaranmaması isə ilk növbədə Ermənistanın ozünün zərərinə işləyir” – deyə partiya sədri öz fikrini yekunlaşdırıb.
© 2020 - Created by İLK XEBER.