Rusiya bir neçə gündür ki, ən yüksək səviyyədə Ukraynanı hədələyir: Peskovun timsalında Kreml Rusiya ərazisinin hədəf alınacağı halda “Ukraynaya qarşı müharibə başladılacağını” bildirir, İqor Konaşenkovun dili ilə Müdafiə Nazirliyi Kiyevin mülki strukturlarına zərbə endiriləcəyini elan edir.
Rusiya indiyə qədər “xüsusi hərbi əməliyyat” apardığı iddiasını irəli sürür: guya tammiqyaslı müharibə deyil, əməliyyat həyata keçirir.
Xüsusi hərbi əməliyyatda 200 min əsgər, bütöv bir donanma iştirak etməz; xüsusi hərbi əməliyyat zamanı ən müasir və dünyada analoqu olmayan uzaqmənzilli raketlərdən hər gün saysız-hesabsız zərbələr də endirilməz!
Ukraynada “bir qrup nasistin zərərsizləşdirilməsi” təbliğatı da, “xüsusi hərbi əməliyyat” yalanı da artıq iflasa uğrayıb.
Ukrayna bütün savaş boyu yalnız bircə dəfə Belqoroddakı neft bazasına hücum edib və orda böyük yanğınlar baş verib. Maraqlıdır ki, Belqorod neft bazasına hücum edildiyini Ukrayna rəsmən təsdiqləməyib, hətta bunun Rusiyanın özü tərəfindən təşkil edildiyi iddiaları da var.
Ukraynanın neft bazalarını 50 gündür vuran və bunu Ukrayna ordusunun təchizatını kəsmək üçün etdiyini açıqlayan Rusiya da Belqorod neft bazasına hücumun Ukrayna tərəfindən edildiyini “bəhanə” göstərə bilməz: Belqorod Ukrayna ilə sərhəddədir və eyni arqumenti Kiyev də gətirə bilər ki, rus ordusunun yanacaqla təminatını kəsmək üçün neft bazasına zərbə endirilib.
Müharibə qanunlarına riayət etməyi tələb edən Rusiya “əməliyyat zonasından” min kilometr uzaqda yerləşən Lvova zərbə endirməyin səbəbini də izah etməlidir. Əgər bütün Ukrayna ərazisinə zərbələr endirilirsə, bu zərbələrdə mülki əhali qətlə yetirilirsə, tam sərhəddə yerləşən Belqorodun neft bazasına hücum niyə Rusiyaya qarşı aqressiya kimi qəbul edilir?
Bir ölkəni başdan-başa ən müasir hipersəs raketləri ilə şumlayan ölkə fəsadların öz ərazisinə keçməsini niyə göz altına almırdı?
Sadəcə, Rusiya Ukraynanın bu qədər dirəniş göstərəcəyini və hətta Rusiya ərazilərinin hədəf alına biləcəyini təxmin etmirdi. Ukraynanın hərbi dəniz donanması, uzaqmənzilli raketləri yoxdur; Rusiya Qara dənizdə tam hakim kimi özünü göstərir və günlərin birində Ukrayna ən primitiv raketlə Rusiyanın öyündüyü, Qara dəniz donanmasının flaqmanı sayılan kreyseri vura bilirsə, kosmik zərbələri belə dəf etmək gücündə olduğu iddia edilən S-500-lərin qoruduğu ölkəyə iki “Ka-52” helikopteri hücum edirsə, demək, Rusiya ordusunda çox ciddi problemlər var.
Hədənin bir məqsədi Ukraynanın Rusiyanın əzəmətli imicini darmadağın etməsi ilə bağlıdır: Rusiya Ukrayna partizanlarının ən adi silahları qarşısında “Moskva” kreyserini və Belqorod neft bazasını itirirsə, onda NATO önündə nə edəcək?
İkincisi, bu, Ukraynada taktikanı dəyişmək üçün istifadə edilə bilər. Rusiya siyasi elitası və ordusu 51 gündür davam edən müharibədən yorulub və bu yorğunluq hər addımda özünü göstərir. Ən qısa müddətdə nəticə lazımdır.
İstanbul ümidi puça çıxdı: 29 martda baş tutan danışıqlarda Ukrayna müharibəni dayandırmaq üçün az qala hər şeyə getməyə hazır olduğunu bildirirdisə, ötən gün Zelenski yalnız orduya güvəndiyini və Rusiya ilə danışıqların heç bir perspektivinin olmadığını elan etdi.
Fevralın 24-nə qədər Kiyevdən qaçan Qərb səfirləri də geri dönür; dünənə qədər Ukraynaya gəlməyə risk etməyən Qərb liderləri indi hər gün Kiyevdədirlər - Co Bayden Kiyevə özünün gəlməyə hazır olduğunu da açıqladı; ABŞ və Britaniya artıq Ukraynaya ağır silahlar göndərir – sabah Ukraynada “Tomahavk” və ya başqa uzaqmənzilli raketlər peyda ola bilər.
Demək, Qərbin də “bu qədərini” gözləmədiyi keyfiyyət dəyişikliyi baş verir: Kiyev ayağa qalxır, dirəniş yüksəlir, Ukraynanı təktərəfli qaydada güzəştlərə məcbur etmək alınmır və s.
Artıq savaşın uzanacağına heç bir şübhə yoxdur. Savaş uzandıqca, Rusiyanın öz ərazilərinin də zərbə almaq ehtimalı artır: Ukrayna ən qısa müddətdə kapitulyasiyaya məcbur edilməlidir, ancaq indiki müharibə taktikası ilə bunu etmək çox çətindir.
Yalnız bir Mariupolu Rusiya bir aydan çoxdur tam nəzarətə götürə bilmir. Mariupoldakı 2-3 min “Azov” əsgəri təslim olmur, Puşilin özü də etiraf edir ki, “Azovstal” qalaya çevrilib. Bir şəhəri bir aya ələ keçirə bilməyən Rusiyanın Ukraynada aqibəti necə olacaq?
Ona görə “tammiqyaslı müharibə” hədəsi başlayıb. Bu zaman partizan savaşını önləmək üçün Rusiya “məcbur olub” şəhərləri altını-üstünə çevirmək ssenarisi üzərində işləyir. Yəni ala bilmədiyi şəhərləri tam mənası ilə yerlə-bir etmək!
Ukrayna bu bəhanəni verməmək üçün hər şey edir, Rusiyanın “öz-özünə hücum etdiyini” bildirir, eyni zamanda, rus ordusuna və donanmasına ciddi itkilər yaşadacaq həmlələri davam etdirir.
Rusiyanın başlatdığı “xüsusi hərbi əməliyyat” Kremlin nəzarətindən çıxır, artıq ona Qərb yön verir. Rusiya vaxtilə Ukraynanı itirdiyi kimi, “xüsusi əməliyyatın” da idarəetmə açarını əldən verib.
Qalır “tammiqyaslı” müharibə! Rusiya “yeni taktika” tətbiq etməklə nəzarəti özünə qaytarmağa çalışır.
Qərbin buna alternativinin olduğuna heç bir şübhə yoxdur. Əgər “tammiqyaslı müharibə” də bir müddətdən sonra ABŞ-ın nəzarətinə keçəcəksə - buna artıq şübhə edənlər çox azdır – onda Rusiya ilin sonuna qədər təkcə iqtisadi baxımdan batmayacaq, həm də coğrafi baxımdan partlayacaq – “Moskva”nı heyətin səhlənkarlığından daxildəki sursata keçən yanğın batırmışdı, Moskvanı isə hərbi-siyasi elitanın “səhlənkarlığından” Rusiyaya daşınan “yük-200”lər batıra bilər...
Ona görə Lavrov Ukraynanın İstanbul danışıqlarının mahiyyətindən kənar şərtlər irəli sürməsindən dərin təəssüf hissi keçirmişdi. İstanbul sammiti Rusiyanı simasını qorumaqla və qalib kimi Ukrayna bataqlığından xilas yolu idi – dərhal Zelenskinin yanına tələsən Conson buna imkan vermədi...
© 2020 - Created by İLK XEBER.