İrəvanın “həmsədr ümidləri” dəfn edilir: Bakı Minsk Qrupunu ləğv etdirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Minsk Qrupunun mandatının artıq de-fakto etibarsız olduğu barədə fikirləri inkaredilməz reallıqdır; Ermənistanın sülh prosesini manipulyasiya etmək üçün yararlanmağa çalışdığı Minsk Qrupu rəsmi Bakının ATƏT-ə müraciət edəcəyi təqdirdə, ləğv oluna bilər…

Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesi artıq başlayıb. Brüssel görüşündə əldə olunmuş anlaşmalara görə, tərəflər bu sənədin mətninin hazırlanıb, razılaşdırılmasını Xarici İşlər Nazirliklərinə həvalə ediblər. Üstəlik, 30 aprelə qədər hər iki tərəf birbaşa təmaslar vasitəsilə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demorkasiyası üçün işçi qruplarının tərkibini də müəyyən etməlidirlər.

Brüssel görüşünün nəticələri arasında diqqəti çəkən ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasındakı problemlərin həlli prosesində vasitəçilərin iştirakından imtina edilməsinin vacibliyinə eyham vurulur. Hər halda, bu görüşün yekun bəyənnaməsində həm Kremlin, həm də Rusiyanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupunun vasytəçiliyi barədə heç bir qeyd yer almır. Yəni, Qərb siyasi dairələri Azərbaycan və Ermənistana bütün problemləri ikitərəfli təmaslar vasitəsilə həll etməyi tövsiyyə edirlər.

atet-minsk-bayraq-Снимок.JPG (56 KB)

Təbii ki, belə vəziyyətdə ilk növbədə ATƏT-in Minsk Qrupunun gələcək taleyinin necə olacağı barədə hələlik cavabsız suallar yaranır. Çünki, rəsmi Bakı bu qurumun yenidən Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə buraxılmasına müsbət yanaşmır. Rəsmi Bakı bəyan edir ki, Minsk Qrupunun 30 il ərazində nizamlaya bilmədiyi “Dağlıq Qarabağ problemi” 44 günlük savaş nəticəsində artıq həll edilib. Və həmin savaşdan sonra da Minsk Qrupunun missiyası demək olar ki, sona çatıb.

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də bir müddət öncə Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasının de-fakto sona çatdığını vurğulamışdı. Sadəcə, bu missiya hələlik de-yure olaraq, davam edir. Ona görə də, hazırda Minsk Qrupu həmsədrlərinin missiyasının de-yure sona çatdırılmasının vacibliyi də gündəmə gətirilib. Böyük ehtimalla rəsmi Bakı yaxın vaxtlarda ATƏT-ə Minsk Qrupunun ləğv edilməsi barədə müraciət də göndərə bilər.

Maraqlıdır ki, əslində, Minsk Qrupu həmsədrləri də ortaq fəaiyyətdən yayınmağa üstünlük verdiklərini gizlətməkdə çətinlik çəkirlər. Hətta Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra Rusiya diplomatiya idarəsinin rəhbəri Sergey Lavrov bəyan etmişdi ki, ABŞ və Fransa Kreml ilə Minsk Qrupu çərçivəsində əməkdaşlıq etmək istəmir. Və Ukrayna savaşı ilə bağlı yaranmış mövcud situasiyada bu, o qədər də təəccüblü deyil.

12323.jpg (861 KB)

Təbii ki, Minsk Qrupu ətrafında belə vəziyyətin yaranması Rusiyanın Cənubi Qafqazdakı maraqlarına qətiyyən sərf etmir. Çünki, Kreml regionda cərəyan edən proseslərə müdaxilə etmək imkanı verən bir beynəlxalq mexanizmdən məhrum olunmuş duruma düşüb. Bu səbəbdən, Kreml bu itkini kompensasiya etməyə cəhd göstərir.

Maraqlıdır ki, Kreml Minsk Qrupunda Rusiyanı təmsil edən, xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edib. Yəni Kreml də de-fakto mövcud olmayan Minsk Qrupu formatından uzaqlaşaraq, xüsusi nümayəndəlik institutuna üstünlük vermək məcburiyyətində qalıb. Və Cənubi Qafqazda olan mövqelərini itirmək istəməyən Rusiyanın xüsusi nümayəndəsi yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə məşğul olacaq.

Göründüyü kimi, Rusiya da Minsk Qrupundan əlini artıq üzüb. Hər halda, Kremldə də anlayırlar ki, Ukrayna savaş poliqonunda baş verənlərdən sonra ABŞ və Qərb yaxın gələcəkdə Rusiya ilə heç bir beynəlxalq qurum çərçivəsində əməkdaşlığa həvəs göstərməyəcək. Və Kreml Cənubi Qafqaza yeni geopolitik müdaxilə formatı yarada bilməzsə, Rusiya regionda əsas mövqelərini tədricən itirə bilər.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Maraqlıdır ki, Minsk Qrupunun digər həmsədrləri də Cənubi Qafqazda fəaliyyət üçün fərqli formatlar üzərində işlədiklərini qətiyyən gizlətmirlər. Ağ Ev bəyan edib ki, ABŞ Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması prosesini həm dəstəkləyir, həm istənilən dəstəyi verməyə hazırdır. Belə anlaşılır ki, Azərbaycan və Ermənistana vasitəçilərsiz birbaşa təmasları tövsiyyə edən ABŞ da Minsk Qrupunun missiyasının sona çatması ilə barışıb.

Eyni yanaşma tərzi Fransanın davranışlarında da müşahidə edilir. Belə ki, bir müddət öncə Ermənistana səfər etmiş Minsk Qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl də regiona tamam başqa statusda təşrif gətirmişdi. Düzdür, Ermənistan rəsmiləri və mətbuat qurumları onu Minsk Qrupunun həmsədri kimi təqdim edirdilər. Ancaq sonradan məlum oldu ki, Bris Rokfeyl İrəvana Minsk Qrupunun həmsədri statusunda deyil, Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı proqramı üzrə rəsmi nümayəndəsi kimi səfər edibmiş.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Minsk Qrupunun mandatının artıq de-fakto etibarsız olduğu barədə fikirləri inkaredilməz reallıqdır. Ona görə də hesab etmək olar ki, Ermənistanın hələ də həmsədrlərə ümid bəsləməsi, sülh prosesini bu qurum üzərindən manipulyasiya etməyə cəhd göstərməsi tamamilə mənasızdır. Çünki, hazırda Minsk Qrupunun gələcək taleyi məhz rəsmi Bakıdan asılı vəzyyətdədir. Və rəsmi Bakı hər an ATƏT-ə bu qurumun ləğvi ilə bağlı müraciət etməklə, həmsədrlərin missiyasını de-yure də bitirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu