Avropa İttifaqının işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi, itkin düşən şəxslərin tapılması, eləcə də quruculuq və bərpa işlərində Azərbaycana öz dəstəyini bildirməsi mühüm əhəmiyyətə malikdir.Keçirilən danışıqlarda ölkə başçımız cənab İlham Əliyevin apardığı siyasət təkcə Azərbaycanla Ermənistan arasında yox, bütün regionda sülhün və iqtisadi əlaqələrin inkişafına zəmin yaradır. Brüsseldə keçirilən son görüş göstərir ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Bu baxımdan iki gün əvvəl baş tutmuş növbəti görüş də Azərbaycanın diplomatik qələbəsinin təqdimatıdır. Artıq Ermənistan, həmçinin dünya gücləri sülh müqaviləsinin imzalanması ilə bağlı istəklərini ortaya qoyaraq bu istiqamətdə dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin müzakirəsinə başlayıb. Brüssel görüşü təsdiqləyir ki, Avropa İttifaqı da 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır
6 aprel tarixində keçirilən Brüssel görüşündə vacib məqamlardan biri də tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunmasıdır. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaqdır. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır.
Məlum olduğu kimi sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh müqaviləsində əsas şərtlərdən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsidir. Tarixi Zəfərimizdən kifayət qədər vaxt keçməsinə baxmayaraq Ermənistanın hələ də sülh təklifinin imzalanması ilə bağlı tərəddüdləri diqqətdən kənarda qalmır. Diqqət çəkən əsas məqamlardan biri də odur ki, istər ötən ilin dekabrın 14-də, istərsə də aprelin 6-da keçirilən görüşlərin sonunda qəbul olunan bəyanatda Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinad olmayıb.
Xüsusi ilə qeyd etmək lazımdır ki, artıq tərəflər sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan edib. Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlət olmasını bird aha bəyan edir. Azərbaycanın təqdim etdiyi 5 baza prinsip sivil dövlətlərarası qonşuluq münasibətlərinin formalaşmasına, əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və BMT Nizamnaməsinə uyğundur. “Qarabağ münaqişəsi” sözünün bir dəfə də işlədilmədiyi Avropa Şurasının son bəyanatı da artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir. Bu gün işğalçı Ermənistanın qarşısında dayanan əsas tələb sülh müqaviləsini imzalamaqla, regionda təhlükəsizliyin təmin edilməsi, kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır.
Əminə Ağazadə
Milli Məclisin deputatı
© 2020 - Created by İLK XEBER.