Ermənilərin şübhəli “sülh təşəbbüsləri” - rus həmsədr İrəvanda nə gəzirdi?

Həmsədr ölkələr arasında Ukraynaya görə dərin uçuruma baxmayaraq, Minsk Qrupu egidası altında Ermənistanı müdafiə edirlər - iki ekspertin fərqli baxışı

Azərbaycanın Qarabağdakı separatçılara qarşı atdığı sərt addımların fonunda Ermənistana qəribə beynəlxalq dəstək  müşahidə olunmaqdadır. Məsələn, ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Calina Porter KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ermənilərin mövqeyini müdafiə edən fikirlər səsləndirib.

“Yeni Müsavat” yazır ki, ABŞ-ın bu mövqeyinə Fransa və Rusiya da həmfikirlik edir. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayev isə İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Qarabağdakı vəziyyəti müzakirə edib. Görüşdə ATƏT-in Minsk Qrupunun himayəsi altında Azərbaycanla sülh danışıqlarının aparılmasının zəruriliyi müzakirə olunub.

 

ABŞ Azərbaycanın öz qüvvələrini dərhal geri çəkməsini gözləyir: ABŞ Dövlət  Departmentinin katibinin müavini

 Calina Porter

Çox maraqlıdır ki, Ukraynadakı müharibəyə görə bir-biri ilə barışmaz mövqedə olan həmsədr ölkələr Qarabağda baş verənlərlə bağlı Ermənistanın mövqeyini dəstəkləyən vahid mövqe ortaya qoyurlar. Hər üç həmsədr ölkə arasında yaranmış dərin uçuruma baxmayaraq, onlar sülh danışıqlarının Minsk Qrupu egidası altında aparılmasını təklif edirlər. Azərbaycan isə məlumdur ki, bunu qəbul etmir.

Ermənilərin bu mövqeyi  bildikləri halda bir tərəfdən beynəlxalq situasiyadan istifadə edib özlərini sülhə meylli qüvvə kimi təqdim etmək istəyirlər, o biri tərəfdən sülh sazişi imzalanması məsələsində Minsk Qrupunu yenidən masaya oturtmaq istəyirlər. İrəvanı başa düşmək olar, bəs, düşmən mövqeyində olan ölkələrin Qarabağla bağlı “ağız həmrəyliyinin” səbəbi nədir? Minsk Qrupunun rusiyalı həmsədrinin və Kaspirşikin yalnız İrəvana səfər edib oradan geri qayıtmalarının səbəbləri nədir? Qarşı-qarşıya olan dövlətlərin Azərbaycan - Ermənistan arasında sülh müqaviləsinə qarant olmaları nə dərəcədə realdır?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ukrayna müharibəsində fərqli mövqelərdə dayanan həmsədr ölkələrin bu davranışı qərəzli mövqe nümayiş etdirməkdir.  Onun fikrincə, ATƏT-in zirvə toplantılarının qərarlarına baxmaq kifayətdir ki, Azərbaycanın ərazi bütövlüyünün hansı səviyyədə müdafiə olunduğunu görək. Politoloq xatırlatdı ki, Lissabon sammitində Azərbaycanın ərazi bütövlüyü müdafiə edilib, eyni qərar Gürcüstan və Moldovaya da aiddir: “Budapeşt sammitində də ərazi bütövlüyümüz müdafiə olunub. Mən hələ digər qərarları söyləmirəm. Çünki bütün beynəlxalq sənədlərdə qeyd olunur ki, postsovet məkanında milli münasibətlər zəminində yaranmış münaqişələr eyni ssenari üzrə baş verib və Moskvadan şirnikləndirilib. Ona görə dünya bu məsələdə yekdildir və dövlətlərin ərazi bütövlüyünə hörmət etməklə, separatçıların müqavimətini qırmaqla məsələlər həll edilməlidir. İndi ortaya çıxan qarışıq fikirlər, heç bir məntiqə əsaslanmayan açıqlamalar ciddi etiraz doğurmalıdır. Odur ki, Azərbaycan kimin nə düşünməyindən asılı olmayaraq, ərazi bütövlüyünü tam bərpa edəcək”.

Azad MƏSİYEV

 Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin fikrincə, Rusiya və Amerikanın maraqları digər coğrafiyalarda olduğu kimi, Cənubi Qafqazda da toqquşur: “Hər iki supergüc dövlətin Qarabağ məsələsinə fərqli yanaşmaları var. Misal üçün, Rusiya böyük sülh müqaviləsi bağlanmasının tərəfdarıdır və bununla bölgədə nüfuz sahibi özünün olduğunu nümayiş etdirmək arzusundadır. Amerika isə Rusiyanı Cənubi Qafqazda nüfuzdan salmaq üçün Ermənistana dəstək verir. Ona görə hər bir fəaliyyətin arxasında maraqlar dayanır. Diplomatik etika baxımdan həmsədrlər müəyyən bəyanatlar versələr də, problemin həllində baxışları üst-üstə düşmür”. Siyasi şərhçinin sözlərinə görə, 10 noyabr sənədinin imzalanmasının təşəbbüskarı Rusiyadır, icrası da onun üzərinə düşür, ABŞ isə üçtərəfli sənədin reallaşmasına əngəl olmağa çalışır, bu məqsədlə ermənilərə dəstək verir: “Digər tərəfdən, Rusiya da Ermənistana açıq təzyiq göstərib onları özündən uzaqlaşdırmaq istəmir. Odur ki, Rusiya və ABŞ-ın bu məsələdə mövqeləri uzlaşmayacaq”.


“Yeni Müsavat”