Aydınlar Partiyası Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
Partiyanın yaydığı bəyanatda deyilir:
"Iki əsrdən artıqdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasəti davam etməkdədir. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart – 3 aprel tarixlərində Bakı şəhərində və bölgələrdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələridir. Həmin soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının törədilməsi ilə müşayiət olunan bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti yaratmaq idi. Bu məqsədlə 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlının öz ata-baba yurdundan deportasiyasına nail oldular və 250 mindən çox azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri çoxsaylı vəhşiliklərin növbəti nümunəsi oldu.
Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Bütövlükdə, 2 milyona yaxın azərbaycanlı mənfur erməni siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılmış, təhrif edilən hadisələr əsl qiymətini almışdı. Mərhum prezident Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Uzun illərdir Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş olduğu etnik təmizləmə, soyqırımı cinayətləri ilə bərabər, mədəni irsimizə qarşı vandalizm aktlarına da hər hansı reaksiyanın verilməməsi dövlətlərə münasibətdə ayrı-seçkilik və laqeydliyin göstəricisi olmaqla, beynəlxalq humanitar hüquq prinsiplərinə də ziddir.
Beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan tolerantlıq prinsiplərinə və multikulturalizm dəyərlərinə sahib ölkə kimi Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, xalqların əmin-amanlıq şəraitində birgəyaşayışının bərpa olunması istiqamətində üzərinə düşən bütün addımları atır.
Lakin dünya birliyi, beynəlxalq təşkilatlar bu həqiqətləri görməzdən gəlməkdə davam edirlər. Xalqımızın mədəni irsinə, dini-mənəvi abidələrinə qarşı mədəni soyqırımı həyata keçirmiş, qəbiristanlıqlarımızı yerlə-yeksan etmiş ermənilərin törətdikləri göz qabağında olduğu halda Avropa Parlamenti bu günlərdə Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi barədə qətnamə qəbul edir. Bu, Azərbaycana qarşı uzun illər davam etmiş ikili yanaşmanın daha bir mənfi göstəricisidir. Avropa Parlamentinin martın 10-da Azərbaycanla bağlı qəbul etdiyi, tamamilə əsassız ittiham və tələblərin əks olunduğu qərəzli qətnamə beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik, ədalətin pozulmasıdır. Biz Avropa Parlamentinin Azərbaycanla bağlı iftira xarakterli bu qətnaməsini qətiyyətlə pisləyirik.
Eləcə də, Azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edir və gələcəkdə bu kimi faciələrin yaşanması və təkrarlanmaması naminə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu soyqırımı aktına lazımi siyasi-hüquqi qiymət verməyə çağırırıq".
© 2020 - Created by İLK XEBER.