ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə mane olur

ABŞ prezidenti Co Bayden Polşaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putin haqqında “Bu adam hakimiyyətdə qalmamalıdır”,- deyib. Bir müddət əvvəl isə Bayden Rusiya-Ukrayna münaqişəsi fonunda Putini “qəssab” adlandırıb.


Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi ekspert Azad Məsiyev Reyting.az-a açıqlamasında xatırladıb ki, ABŞ-ın 43-cü prezidenti də vaxtilə Səddam Hüseyn haqqında oxşar fikirlər işlədib: “Səhv etmirəmsə, Corc Buş da 2003-ci ildə Səddam Hüseynlə bağlı Baydenin dediklərinə bənzər fikirlər səsləndirmişdi. O, bəyan etmişdi ki, Səddam Hüseyn hakimiyyətdən getməli və İraqı tərk etməlidir”.

A. Məsiyevin sözlərinə görə, Bayden unudur ki, nə V. Putin S. Hüseyn, nə də Rusiya İraq deyil:

“Dünya içtimaiyyəti gözəl anlayır ki, Rusiya-Ukrayna münaqişəsinin səbəbkarı Birləşmiş Ştatlardır, Bayden də bu münaqişənin müəlliflərindəndir və hazırda münaqişəni körükləməklə məşğuldur. Rusiya prezidenti barədə “Bu adam hakimiyyətdə qalmamalıdır”, - deyib, onu “qəssab” adlandırmaq aranı qızışdırmaq elementidir”.

Siyasi ekspert diqqətə çatdırıb ki, Baydenin bu fikirləri müttəfiqləri Fransa və İngiltərə rəhbərləri tərəfindən pislənilib.

“ABŞ Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasına mane olur. Bildiyiniz kimi, bu münaqişənin dayanması üçün Türkiyə prezidenti Ərdoğanın sülh təşəbbüsü, münaqişənin dayanması üçün tərəfləri danışıq masasına dəvət etməsi, bu istiqamətdəki fəaliyyəti dünya içtimaiyyəti tərəfindən alqışlanmaqdadır. Ərdoğanın bu təşəbbüsünə mane olmaq üçün ABŞ-ın Türkiyə tərəfindən “S-400” raket sistemini Ukraynaya verməsini tələb etməsi bir faktdır. ABŞ hər vəchlə Türkiyə və Rusiya arasına nifaq salmaq niyyətindədir, “S-400” raket sisteminin Ukraynaya verilməsini tələb etməsinin arxasında çirkin niyyətinin olması sirr deyil”, - deyən A. Məsiyev əlavə edib ki, əgər Türkiyənin ABŞ-ın bu çağrışına cavabı müsbət olsaydı, yəni “S-400” raket sistemlərini Ukraynaya versəydi, bu halda Rusiya ilə Türkiyə arasında soyuqluq yaranardı və bu da ABŞ-ın çirkin maraqlarına uyğun olardı. Belə olan təqdirdə isə Ərdoğanın sülh təşəbbüsünə kölgə düşərdi