BAO-dan İrana qarşı sərt etiraz - BƏYANAT

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi Teleqram kanalı belə bir məlumat yayıb ki, guya “Ermənistana istənilən hərbi müdaxilə İran Silahlı Qüvvələrinin reaksiyası ilə qarşılaşacaq və İran İslam Respublikası qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsinə dözməyəcək".
İlkxeber.org Bütöv Azərbaycan Ocaqlarının (BAO) bununla bağlı etiraz bəyanatını olduğu kimi təqdim edir.

"İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi Teleqram kanalında belə bir məlumat getmişdir ki, guya “Ermənistana istənilən hərbi müdaxilə İran Silahlı Qüvvələrinin reaksiyası ilə qarşılaşacaq. İran İslam Respublikası qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsinə dözməyəcəyini dəfələrlə bəyan edib”.

Öncə, onu qeyd etmək istərdik ki, bu bəyanatın özündə təxribat xarakterli məqamlar vardır. 30 ildir Azərbaycan torpaqlarının 20 faizindən çoxunun erməni işğalı altında olduğu vaxtda bir dəfə də səsini çıxarmayan qonşu İran dövlət rəsmilərini bu gün narahat edən nədir? Əgər bu, Azərbaycan Silahlı Qüvvələrinin son günlərdə öz ərazimizdə bəzi yerdəyişmələr aparmasıyla bağlıdırsa, əlbəttə, gülüş doğurur. Çünki burada hər hansı dövlət sərhədlərinin dəyişdirilməsindən söhbət gedə bilməz, biz BMT tərəfindən tanınmış dövlət sərhədlərimiz daxilində hərəkət edirik. İkincisi, Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının imzaladığı 2020-ci il 05 noyabr rəsmi müqaviləsinin şərtlərinin həyata keçirilməsi məqsədilə öz dövlət sərhədləri çərçivəsində hər hansı əməliyyat aparmaq üçün Azərbaycan tərəfi heç bir dövlətdən icazə almaq öhdəliyi götürməmişdir. Tam əksinə, 44 günlük II Qarabağ savaşında məğlub olan Ermənistan dövləti həmin müqavilədə üzərinə götürdüyü öhdəliklərə əməl etməli, erməni terrorçuları Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalıdır. Əks halda, Azərbaycan bölgənin terrorçu qruplaşmalardan və silahlı dəstələrdən təmizlənməsi əməliyyatını  özü həyata keçirmək məcburiyyətində qalacaq.

Onu da qeyd edək ki, hazırda Krımda və Donbasda, ümumilikdə Ukraynada hansı savaş gedirsə, Qarabağda da o savaş gedir. Bu, xeyrlə şərin savaşıdır.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, özünü Azərbaycanın ən yaxın qonşusu və müttəfiqi saydığını dəfələrlə bildirən, guya dünya şiə müsəlmanların himayəçisi rolunda çıxış edən İİR dövlət rəsmilərinin nəzərinə çatdırmaq istərdik ki, Azərbaycan xalqının öz tarixi ərazilərini bərpa etmək və o ərazilərdə istədiyi dövləti qurmaq hüququ vardır. Bu hüququ heç kim əlimizdən ala bilməz".