Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov Ermənistana xəbərdarlıq edib.
O, İctimai televiziyanın efirində yayımlanan "Görünməyən qəhrəmanlar - DTX" adlı sənədli filmdə Ermənistan rəhbərliyinə üzünü tutaraq qeyd edib: "Azərbaycanın, Azərbaycan Ordusunun gücünü siz hiss etdiniz. 44 gün ərzində ölkə başçısının ətrafında xalqın, ordunun necə birləşdiyini, vahid qüvvə olduğunu siz hiss etdiniz. Hesab edirəm ki, bugünkü gündə hər hansı bir hərbi əməliyyatların keçirilməsi, hər hansı bir revanşist ideyalardan çəkinməlisiniz. Unutmalı deyilsiniz ki, "Dəmir yumruq" hələ də öz işini görür və görə bilər".
“Biz müharibənin başlayacağını, daha dəqiq, ermənilərin provokasiyaya əl atacağını dəqiq tarixinə qədər bilirdik. Dəqiq bilirdik ki, Ermənistan hansı istiqamətdən, hansı qüvvələrdən istifadə edərək bizə hücuma keçəcək” - deyə, general-leytenant Fuad Rəsulov İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Vətən müharibəsinin başlanmasından danışarkən deyib.
Onun sözlərinə əsasən, müharibə başlayan dövrdən etibarən DTX vahid orqan kimi öz işini aparmağa, əks-tədbirlərini görməyə nail olub.
“Biz xüsusi xidmət orqanı olaraq uzun müddət bu müharibəyə hazırlaşırdıq. Həm maddi-texniki bazalarımız, həm mənbələrimiz bunun üzərində köklənmişdi ki, istənilən anda Azərbaycana qarşı müharibə başlaya bilər”, - deyə Fuad Rəsulov əlavə edib.
© 2020 - Created by İLK XEBER.