Davamlı inkişafın dinmikası: ali təhsil və əmək bazarı

 

Davamlı və insan potensialına əsaslanan inkişaf müasir dövrün ən aktual problemidir. Buna görə də Azərbaycanda hazırkı mərhələdə ən əsas prioritetlərdən biri “qara qızılın” “insan qızılına” çevrilməsi prosesidir. Bu çevrilmənin təmin edilməsi və davamlı inkişafın məqsədlərinə nail olunmasında təhsilin rolu həlledicidir. Bunu nəzərə alaraq, ölkədə yeni müasir ali və orta məktəblər tikilir, mövcud olan təhsil müəssisələri yenidən qurulur və ən müasir avadanlıq və tədris vasitələri ilə təchiz edilir. Təhsil bazasının yeniləşdirilməsi və müasirləşdirilməsi həm dövlət təşkilatları, həm də Heydər Əliyev Fondu tərəfindən ölkənin bütün bölgələrində həyata keçirilməkdədir.

Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri”  elan edib. Bu məhz o zərurətdən irəli gəlib ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı ingişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında ali təhsilin rolu inkaredilməzdir. Bu gün dunyanın ABŞ, Çin, Almaniya,  Cənubi Koreya, Yaponiya kimi ingişaf etmiş ölkələri öz güclü iqtisadiyyatlarına görə məhz təhsilə, xüsusilə ali təhsilə borcludurlar. İnkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi təxminən 70 faizi təşkil edir.

Davamlı inkişaf çağdaş nəsillərin tələbatlarını ən optimal şəkildə təmin edən və eyni zamanda gələcək nəsillərin imkanlarını məhdudlaşdırmayan tərəqqi yoludur. Bu inkişaf yolu planetimizin qorunması və əhalinin rifahının təmin edilməsinin yeganə təminatçısıdır. Davamlı inkişafın hədəflərinə nail olunmasında təhsilin xüsusi əhəmiyyət daşımasını nəzərə alaraq, BMT və YUNESKO 2005-2014-cü illəri dünya üzrə davamlı inkişaf sahəsində tədris onilliyi elan etmişdi.

Qeyd edilməlidir ki, Azərbaycanda davamlı inkişafın təhsil kurikulumlarına daxil edilməsi prosesi daha erkən – 1997-ci ildə başlanıb. 2003-cü ildən Azərbaycanda ali və orta ümumtəhsil məktəbləri üçün bu fənnə aid dünyada ilk dərs proqramı hazırlanıb, dərslik və dərs vəsaitləri Təhsil Nazirliyi tərəfindən təsdiq və nəşr edilib. Azərbaycan dünyada birinci ölkə idi ki, davamlı insan potensialına əsaslanan inkişafı ümumi təhsilə daxil edib. Azərbaycan təhsilinin bu istiqamətdə əldə etdiyi nailiyyətlər haqqında məlumatları BMT-nin Baş Qərargahı (Nyu-York) dünya üzrə yayıb və bu təşkilat ölkəmizdə hazırlanmış, ingilis dilində dərc edilmiş dərs vəsaitini digər ölkə və təşkilatların istifadəsi üçün öz saytında yerləşdirib.

Məlum olduğu kimi, son illər Azərbaycan Respublikası davamlı insan inkişafının planlaşdırılması və idarə edilməsi sahəsində çox yüksək nailiyyətlər əldə edib. Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş təsnifata əsasən insan potensialının inkişafında yüksək nəticələr əldə etmiş ölkələr qrupuna daxil edilib. Davamlı insan inkişafına aid fənnin tədris proqramlarına daxil edilməsi də bu prosesə öz təsirini göstərib.

Azərbaycanda davamlı inkişafın tədrisi sahəsində qazanılmış aparıcı mövqeyi qoruyub-saxlamaq üçün ali məktəb proqramlarına aid yeni təşəbbüslərin həyata keçirilməsi məqsədəuyğundur.

Davamlı inkişafın tədrisi sahəsində qazanılmış uğurlarla yanaşı, ölkənin ali təhsili digər bir istiqamətdə də yüksək nailiyyətlər əldə edilməsində iştirak edib. Beynəlxalq təşkilatlar XXI əsrin ilk onilliyində yeni bir inkişaf göstəricisinin – Texnoloji Nailiyyətlər Əmsalının istifadə edilməsini təklif etmişdir. Bu əmsal hər hansı bir ölkədə inkişafın müasir elm və texnoloji nailiyyətlərə əsaslanmasını nümayiş etdirir. Beynəlxalq təsnifata əsasən ölkələr bu göstəriciyə görə 4 qrupa bölünüb:

  • liderlər,
  • potensial liderlər,
  • yeni bilik və texnologiyaların istifadəsi prosesində fəal iştirak edənlər,
  • bu imkanlardan az yararlananlar.

Azərbaycanın göstəriciləri hazırda da kifayət dərəcədə yüksəkdir. Ölkə bu təsnifatda ikinci - potensial liderlər qrupuna aiddir. Birinci lider qrupuna dünyanın cəmi 17 ölkəsinin daxil olması nəzərə alınsa, aydın olur ki, Azərbaycanın göstəricisi kifayət dərəcədə yüksəkdir. Lakin bizim ölkənin lider qrupuna keçmək potensialı da mövcuddur. Bu imkanları həyata keçirmək üçün bir sıra göstəricilərin təkmilləşməsinə ehtiyac var. Həmin göstəricilərin bir qismi ali təhsil ilə əlaqədardır. Ali təhsillə bilavasitə əlaqədar göstəricilər ictimai elmlər sahəsində ali təhsil alan tələbələrin təbiət, texniki, kənd təsərrüfatı sahələrində ali təhsil alan tələbələrə nisbətidir. Hesab edilir ki, texnoloji tərəqqini və innovativ inkişafı təmin etmək üçün hər hansı bir ölkədə kifayət qədər riyaziyyatcı, fizik, kimyaçı, bioloq, geoloq, təbiət elmlərinin digər sahələrində çalışmaq üçün alim və mütəxəssislər, mühəndis, ali savadlı kənd təsərrüfatı işçiləri hazırlanmalıdır. İctimai elmlər sahəsində təhsil alanların sayı bu miqdara uyğun olmalıdır. Müxtəlif istiqamətlərdə ali təhsil alan tələbələrin nisbəti texnoloji nailiyyətlər əmsalının hesablanması üçün istifadə olunan düsturun bir elementidir.

Nümunə üçün seçilmiş beş ixtisas üzrə aparılmış nisbətin təhlilləri göstərir ki, Azərbaycanda son 20 il ərzində ali məktəb tələbələrinin ixtisaslaşmasında bir sıra ciddi dəyişikliklər baş verib. Rəsmi dövlət statistikasına görə, ölkədə ali təhsil müəssisələrini 1990-cı ildə bitirənlər arasında ümumi iqtisadiyyat üzrə məzunlar 6,7 faiz təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 12,2 faizə qalxmışdır. Hüquqşünasların artım dərəcəsi isə daha yüksəkdir. 1990-cı ildə ali məktəbləri bitirənlər arasında hüquqşünaslar 1,4 faiz təşkil etdiyi halda, 2010-cu ildə bu göstərici 3 dəfə artaraq 4,2 faizə bərabər olub. Eyni zamanda həmin dövrdə, yəni son 20 ildə mühəndislik və maşınqayırma üzrə ixtisaslaşanların buraxılışı 1990-cı ildəki 27,1 faizdən 2010-cu ildə 6,8 faiz, yəni təxminən 4 dəfə azalmışdır. Təbiət elmlərinin bütün istiqamətləri, o cümlədən informasiya və kommunikasiya texnologiyaları üçün aparıcı istiqamət olan riyaziyyat sahəsində ali savadlı mütəxəssislərin hazırlanması da azalıb. Eyni vəziyyət fizika, kimya, biologiya, geologiya sahələrində hazırlananlar üçün müşahidə edilməkdədir.

Ölkə üçün müstəsna əhəmiyyət daşıyan aqrar və balıqçılıq sahəsində ali təhsilli mütəxəssislərin buraxılışı son iyirmi ildə təxminən 10 dəfə azalıb. Belə ki, 1990-cı ildə bu ixtisaslar üzrə hazırlanan mütəxəssislər ümumi məzunların 5,9 faizini təşkil etdiyi halda, 2010-cı ildə bu rəqəm cəmi 0,6 faiz təşkil edib.

Texnoloji Nailiyyətlər Əmsalının göstəricilərini ölkədə daha da qaldırmaq üçün ilk növbədə ali təhsil alanların ixtisaslar üzrə optimal planlaşdırılması zərurəti mövcuddur. Bu proses bir çox baxımdan əhəmiyyətlidir. İlk növbədə ixtisasların planlaşdırılması gələcək əmək bazarının tələblərinə əsaslanmalıdır. Bu istiqamətdə ali təhsilin planlaşdırılması istiqamətində aparılan dövlət siyasəti tam düzgündür.

Ölkə sakinləri, abituriyentlər və onların valideynləri ali təhsil almaq üçün ixtisaslaşma barəsində qərar qəbul edirlər. İxtisas haqqında qərar qəbul edildiyi zaman bir sıra hallarda abituriyent və onların valideynləri tərəfindən gələcək əmək bazarının tələbatları və karyera imkanları düzgün qiymətləndirilmir. Bəzən isə seçimə ixtisasların adı və onların müasir səslənməsi: biznesin idarə edilməsi, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, regionşünaslıq, politologiya və s. abituriyent və valideynlərinə təsir edir. Bütün bu sahələrdə ixtisasçılar şübhəsiz ki, hazırlanmalıdır və bu kadrlara ölkənin böyük ehtiyaçı var. Lakin söhbət bu mütəxəssislərin sayından və onların hazırlığının keyfiyyətindən gedir. Bu sahələri seçmiş ali məktəb məzunlarının əmək bazarında yer tapması perspektivləri bu iki amildən asılıdır. Bu istiqamətlərdə ali təhsil sistemində ixtisasçılar kütləvi yox, fərdi şəkildə hazırlanmalıdır.

Hər hansı bir ölkənin davamlı inkişafı ilk növbədə ölkədə təbiət və texniki elmlərin innovativ inkişafından, bu innovasiyaları ən müasir səviyyədə istehsalatda tətbiq etmək qabiliyyətinə malik olan mühəndis, kənd təsərrüfatı və digər istehsalat sahələrində çalışmaq üçün ali təhsilli mütəxəssislərin olmasından, innovativ inkişafı səmərəli təşkil etmək qabiliyyətinə malik olan iqtisadçı və idarəetmə mütəxəssislərindən, bunun üçün müvafiq hüquqi mühiti yaradan və bu mühiti səmərəli mühafizə edən hüquqşünaslardan asılıdır. Ali məktəblərdə bu fərqli istiqamətlərdə hazırlanan mütəxəssislərin miqdar nisbəti də optimal şəkildə müəyyən edilməlidir.

Ali təhsildə ixtisaslaşmanın optimal planlaşdırılması ilə yanaşı, bir sıra ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə və müasirləşməsinə ehtiyac duyulur. Bu, xüsusilə bəzi özəl ali məktəblərə aiddir. Beynəlxalq təşkilatlar tərəfindən “funksional savadsızlıq” anlayışı və termini istifadə olunmaqdadır. Bu terminin ilkin mənası və təyinatı başqa olsa da, son zamanlar göstərilən ifadə bir sıra ali təhsilin alınması haqqında rəsmi sənədləri olan, lakin müvafiq peşəkar qabiliyyətinə malik olmayan “mütəxəssislərə” də aid edilir. Belə funksional savadsız “mütəxəssislərin” fəaliyyətləri ən azı səmərəsiz olur, onların idarə etməyi yararsız olur, qurduğu binalar zəlzələ olmamış çökür, xəstələri şəfa tapmır, şagirdləri isə tələb olunan bilik və bacarığı ala bilmir. Bu hallar nadir olsa da, onların tam aradan qaldırılması davamlı inkişafın vacib şərtidir.

Sadəcə olaraq, məşğulluq strategiyasında əsas hədəf odur və başlıca məqsəd də məhz bu, olmalıdır ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşim əldə etsin. Azərbaycanda bu rəqəm təxminən ildə 100 min nəfər təşkil edir. Bunun üçün isə 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər işçi qüvvəsi kütləsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi isə iqtisadi artım daimi xarakter daşımalıdır. Hər il 100 min işçinin müvafiq iş yerlərilə təmin edilməsi olduqca çətin vəzifədir. Lakin sahibkarlığı fasiləsiz olaraq inkişaf etdirməklə təhsilin səviyyəsini də buna uyğun təşkil edərək, ildə 100 min nəfərdən də çox işçi qüvvəsinə tələbat yaratmaq mümkündür.

Bu gün ali məktəb məzunlarının çoxunun öz ixtisası üzrə işləməməsi təbii tendensiyadır. Amma bu uyğunsuzluq çox böyükdürsə, onda problemlər başlanır, işə götürən şikayətlənir, təhsilin paralel sistemləri  yaradılır - kadrların hazırlanması üçün korporativ proqramlar, hətta korporativ universitetlər yaranır, beləliklə də diplom rəsmiyyətə çevrilir, peşəkar hazırlıqdan daha çox sosial status simvolu olur. Əsas məsələ isə təhsil sistemini əmək bazarının dəyişən şəraitinə yaxınlaşdırmaqdır. Bəlkə də fərdi təhsil trayektoriyasına keçməyin vaxtı artıq çatıb. Yəni tələbə ilk günlərdən harada işləyəcəyini (hansı sahədə), nə ilə məşğul olacağını, karyerasını necə quracağını nəzərə alaraq öz "təhsil trayektoriyasını" (təhsil dairəsini) müəyyənləşdirir. O, fənləri, seminarları özü seçir, alacağı biliyə görə özü məsuliyyət daşıyır. Bu əlbəttə ki, ideal vəziyyətdir.

 

İstifadə edilmiş ədəbiyyat:

  1. Abdullayev Ə. Ali təhsil, keyfiyyət və əmək bazarı. 525-ci qəzet. 2015-ci il. https://525.az/news/32269-ali-tehsil-keyfiyyet-ve-emek-bazari
  2. Ələkbərov U. Davamlı inkişafdan ekoloji sivilizasiyaya: ali təhsil və əmək bazarı. Ali təhsil və cəmiyyət. 2012, səh. 11-14.
  3. Alakbarov U.K. Ecologization of human activities. J. Energy, Ecology, Economy, 1998, No 2, p. 141
  4. http://hdr.undp.org/nhdr/impact
  5. http:/www.azstat.org
  6. Ələkbərov U.K. Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 2007, 132 s.
  7. Azərbaycan Respublikasında ümumi təhsil konsepsiyası. http://www.edu.gov. az 6. Alakbarov U.K. Capacity building for transition to ecological civilization. Proceedings of the MaB UNESCO Azerbaijan National Committee, 2010, v. 6, p. 5-12
  8. Adrangi B., Dhanda K., Hill R. A model of consumption and environmental degradation. J. of Human Development, 2004, v.5, No 3, p. 417-432.

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə DİPM İB-nin həyata keçirdiyi "Məzunlarda peşə kompetensiyalarının formalaşdırılmasında ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.