İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Purmərcan ölkəsində keçirilən 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında uğurla çıxış etmiş Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyətinin bir qrup üzvü ilə görüşüb.
Görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, Əməkdar artistlər: Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar: Gülcahan Salamova, Gülnarə Abdullayeva, Səmədzadə Xasiyev və teatrın quruluşçu rejissoru Samir Qulamov iştirak ediblər.
İran Mədəniyyət Mərkəzinin sədri "Fəcr" kimi nüfuzlu beynəlxalq tədbirdə uğurlu iştirakına görə teatr kolektivini təbrik edib, onlara xoş və səmimi arzularını bildirib. İki ölkə arasında mədəni əlaqələrin vacibliyindən danışan Q.Purmərcan son vaxtlar pandemiyanın yaratdığı məhdudiyyətlər fonunda teatrın bu festivalda iştirakının xüsusi əhəmiyyətindən söz açıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Əliqismət Lalayev səmimi qəbul və teatrın ünvanına söylədiyi xoş sözlər üçün Qurbanəli Purmərcana təşəkkür edib, 112 yaşlı Musiqili Teatrın İrana səfərinin böyük əhəmiyyət daşıdığını, həmçinin qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb. Tanınmış rejissor Tehranda Azərbaycan teatrına, tarixinə, mədəniyyətinə göstərilən yüksək diqqət və maraqdan məmnun qaldığını söyləyib, eyni zamanda, ötən festivalların yaddaqalan anlarından danışıb.
Görüş zamanı yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib, iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub.
“Fəcr” festivalında nümayiş olunan "Bir nəfəs qədər" (rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda) musiqili dramı və dünya şöhrətli dramaturq Fyodor Dostoyevskinin “Utancaq qız” (Xalq artisti Cənnət Səlimovanın quruluşunda) fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa görüşün əsas müzakirə mövzusu olub.
Festivalının yüksək səviyyədə təşkil olunduğunu bildirən Ə.Lalayev gələcəkdə Təbrizdə, Urmiyada, Ərdəbildə də teatrsevərləri Azərbaycan teatr sənətinin inciləri ilə tanış etmək arzusunda olduğunu deyib.
Əməkdar artist Şövqi Hüseynov festival çərçivəsində təqdim edilən və iştirakçısı olduğu monotamaşanın Tehranda rəğbətlə qarşılandığını, ümumiyyətlə, səfərdən xoş təəssüratla qayıtdığını söyləyib.
Sonda görüş iştirakçıları ilə xatirə şəkilləri çəkilib.
© 2020 - Created by İLK XEBER.