Rusiya-Ukrayna münaqişəsi böyük planın tərkib hissəsidir - Politoloq

“Dərindən təhlil etsək görərik ki, müharibə Rusiya ilə Ukrayna arasında deyil, əslində ABŞ-la Rusiya arasında gedir. Ukrayna isə bu prosesdə sadəcə bir poliqondur, Ukrayna dövləti və xalqı ABŞ tərəfindən alətə çevrilib”.

Bu sözləri Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev Rusiya-Ukrayna müharibəsi və onun səbəbkarlarından danışarkən deyib.

Azad Məsiyev bildirib ki, bu gün Ukrayna ərazisində, o cümlədən dünyada baş verənlər ABŞ-Rusiya qarşıdurmasının məntiqi nəticəsidir: “Ukraynadakı savaşda “günahkar kimdir” sualına ictimaiyyət düzgün cavab axtarırsa, bu zaman nəticənin, yəni Ukraynadakı hərbi əməliyyatların baş verməsinin səbəbini aydınlaşdırmalıdır. Hər bir hadisəni doğuran səbəb var. Sadəcə görünənlərə qiymət verməklə kifayətlənmək düzgün deyil. Görünən odur ki, Ukraynada insanlar ölür, şəhərlər dağılır, ölkə xarabalığa çevrilir. Belə vəziyyətin yaranması isə böyük planın tərkib hissəsidir”.

Politoloq qeyd edib ki, Avropa Birliyi (AB), o cümlədən NATO (hərbi və siyasi qanadı) yarandığı gündən ABŞ-ın təsirində və himayəsi altındadır:

“Avropa Birliyi üç əsas dövlətin iqtisadi və siyasi sütunu üzərində yaradılıb. Bu dövlətlər İngiltərə, Almaniya və Fransadır.

AB-nin iqtisadi və siyasi cəhətdən inkişafında pul vahidi olan avro dünya valyutası kimi işlədi və möhkəmləndi. Bu valyutanın möhkəmlənməsi ABŞ-ın pul vahidi olan dolları dünya bazarında sıxışdırmağa başladı və beləliklə, avro dünya bazarında dollara alternativ oldu. Bu illər ərzində AB-yə daxil olan dövlətlər xarici ticarətdə dollardan imtina edir, əvəzində avro ilə ödəniş edirdilər. Bir sözlə, getdikcə dünya bazarında ödənişlər ABŞ dolları ilə deyil, avro ilə aparılmağa başlamışdı və belə bir vəziyyət ABŞ-ın maraqlarına zərbə vururdu”.


Azad Məsiyev

Onun sözlərinə görə, ABŞ-ın əsas strategiyalarından biri də, nəyin bahasına olursa-olsun dolları dünya valyutası kimi qorumaqdır: “Hakimiyyətdə (demokrat və ya respublikaçılar) kimin olmasından asılı olmayaraq dövlətin bu strategiyası həmişə qorunub və inkişaf etdirilib. Hakimiyyətə gələn qüvvələr dünya ticarətində dollara mane olan bütün halları aradan qaldırmaq məqsədi ilə taktiki dəyşikliklər edirlər, bu, ABŞ dövlətinin ali məqsədidir. Çünki ABŞ dünya dövlətlərini iqtisadi-siyasi cəhətdən öz təsirində saxlamaq mexanizmini pul vahidi olan dolların varlığında görür, dolların zəifləməsi isə ABŞ-ın çökməsi deməkdir”.

A. Məsiyev əlavə edib ki, AB-nin dünyada artan nüfuzu, dünya bazarında avronun dəyərinin qalxması, dollara nisbətən möhkəmlənməsi dollara təhlükə yaradırdı: “Eyni zamanda, AB-nin aparıcı, əsas dövlətlərindən olan Fransa və Almaniya rəsmiləri Avropanın öz ordusunun yaranması zamanının gəldiyini bəyan edirdilər. Bir sozlə, AB-nin NATO-ya ehtiyacının olmadığını deyirdilər. Hətta Fransa prezidenti qeyd edirdi ki, “NATO beyin krizisi keçirir”. Bu vəziyyət ABŞ-ın düşünən beyin mərkəzlərini narahat etməyə başladı. Bir sözlə, AB ABŞ-ın təsirindən (həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən) tam çıxmaq ərəfəsində idi”.

Politoloq diqqətə çatdırıb ki, ABŞ-ın dünyanı idarə etməsinə mane olan bir birlik və iki dövlət var - bunlar Avropa Birliyi, Rusiya və Çindir. Yəni “Avropa kimin nəzarətindədirsə, dünya onun idarəçiliyi altında ola bilər”, - kimi nəzəriyyələr mövcuddur.

A. Məsiyevin fikrincə, ABŞ strateqləri AB-nin Amerikanın nəzarətində və himayəsində qalması üçün İngiltərənin bu birlikdən çıxması və siyasi cəhətdən zəifləsinə çalışıblar: “Eyni zamanda, ABŞ rəsmiləri Rusiyanı özünə düşmən, Çini isə rəqib elan etdi. Bir sözlə, ABŞ avropalılarda Rusiya təhlükəsinin mövcudluğunu yaratmalı idi və yaratdı da”.

Politoloq bildirib ki, Rusiya-Ukrayna münaqişəsi ABŞ-ın strateji planının tərkib hissəsi idi, bu planın əsas oyunçuları Ukrayna, AB və Rusiya oldu: “Ukraynada baş verən münaqişənin nəticəsi olaraq AB yenə də ABŞ-ın qanadı altına möhkəm sığınmağa məcbur oldu və bu münaqişənin nəticəsi olaraq ABŞ-la yanaşı AB də Rusiyanı özünə düşmən elan etdi. Rusiya-Ukrayna münaqişəsinin nəticəsi olaraq ABŞ və AB birlikdə Rusiyaya iqtisadi-siyasi sanksiyalar tətbiq etmək planını işə saldı. Bu sanksiyalara qoşulanlar əsasən AB-yə daxil olan dövlətlərdir. ABŞ-ın planının tərkib hissəsi kimi Rusiyaya tətbiq edilən sanksiyalar bu ölkənin çökdürülməsinə hesablanıb və bu sanksiyanın əks təsirini AB-yə daxil olan dövlətlər də bir müddət sonra hiss edəcəklər. Amma onda gec olacaq. Bir müddətdən sonra AB iqtisadiyyatına dəyəcək zərər heç də Rusiyaya dəyən zərərdən az olmayacaq. Bunun nəticəsində AB-nin iqtisadi cəhətdən zəifləməsi prosesi başlayacaq. İqtisadiyyatın zəifləməsi pul vahidi olan avronun dəyərdən düşməsinə səbəb ola bilər ki, bu da ABŞ-ın maraqlarına xidmət edir”.

Politoloqun fikrincə, Rusiya-Ukrayna qarşıdurması elə hazırlanıb ki, bu münaqişənin olması da, olmaması da ABŞ-ın maraqlarına xidmət edir: “Əgər Rusiya-Ukrayna arasında münaqişə baş verməsəydi bu zaman Ukrayna NATO blokuna daxil ediləcəkdi. Bu isə Rusiya üçün daha təhlükəli idi.

İkincisi, Rusiya-Ukrayna münaqişəsinin baş verməsi yenə ABŞ maraqlarına xidmət etdi və bunun nəticəsi olaraq ABŞ AB-ni öz nəzatərində saxladı.

Üçüncüsü, ABŞ Rusiyaya sanksiyalar tətbiq etməklə onu zəiflətmək imkanlarını əldə edir.

Bir sözlə, Ukrayna ABŞ tərəfindən "qurbanlıq" oldu. ABŞ tərəfindən mükəmməl şəkildə hazırlanmış bu plana görə istər-istəməz Rusiya-Ukrayna-AB bir-birinə qarışmalı idi və qarışdı da. Bu gün Rusiya-Ukrayna münaqişəsinin səbəbkarı birmənalı olaraq ABŞ-dır”.

A. Məsiyev diqqətə çatdırıb ki, əgər Rusiya Ukraynada hərbi əməliyyatlara başlamasaydı Ukrayna NATO blokuna daxil edilərdi və bu, Rusiya üçün daha təhlükəli olardı, bir neçə ildən sonra isə həmin hərbi əməliyyatlar Rusiya ərazisində baş verə bilərdi.

Politoloq sonda əlavə edib ki, sanksiyalar Rusiya iqtisadiyyatını zəiflədə bilər, amma Rusiya bir dövlət olaraq dağılmayacaq:

“Müvəqqəti bir dövr var. Bu, psixoloji baryerlərə və yeni maliyyə sisteminə uyğunlaşmaq üçün keçid dövrüdür, çətinlik bu baryeri keçənə kimi ola bilər, bir müddət sonra Rusiya daha da güclü dövlətə çevriləcək, imkanlar əldə edəcək, bu imkanlar istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə özünü göstərə bilər.

ABŞ-ın məqsədi Rusiyanı bir dövlət olaraq dağıtmaq, dünya siyasətində güc mərkəzi kimi yox etməkdir. Amma ABŞ-ın təzyiqləri Rusiyanın özünüqoruma instinqtini daha da möhkələndirəcək. İndi yaranmış vəziyyət bir qədər uzansa da, Rusiyanın geriyə yolu yoxdur. Düşünürəm ki, Ukranada Zelenski hakimiyyəti dəyişməyincə Rusiya dayanmayacaq.

Ukrayna dövlətinin gələcəyindən asılı olaraq NATO blokunun parçalanma ehtimalı da var”.

Reyting.az