Putinin İlham Əliyevin imzasına ehtiyacı varsa... Rusiyanı dosta çevirmək Qarabağda işimizə yarayır

Dünya, dövlətlər qlobal mənada bağlanmış müqavilələrlə, bəyannamələrlə yox, maraqlarla, reallıqlarla idarə olunur. Maraqlar kəsişdikdə dövlətlər arasında imzalanan hər hansı sənəd işə yarayır, əks təqdirdə, bir kağız parçasına çevrilir, arxivdə itib-batır.

Məsələn, Şuşa Bəyannaməsinin bizimlə yanaşı, Türkiyə üçün də strateji önəmi var. Amma etiraf edək ki, bu, daha çox bizə lazımdır. Ona görə də istənilən vəziyyətdə o sənədə istinad edib, özümüzü qoruyacağıq.

Moskva Bəyannaməsi isə bizim üçün formal xarakter daşıyır. O səbəbdən bizim üçün həyati önəmi yoxdur. Rusiyadan bu mərhələdə alacağımızı alacağıq, ondan sonra həmin sənədi bir küncə atacağıq. Ona görə də Moskvada imzalanan məlum sənədə görə çox həyəcanlanmağa dəymir.
BMT-nin qətnamələrini yada salaq. Ermənistan o qətnamələri 28 il heçə saydı. Axırda şanlı Ordumuz məsələni özü həll etdi.

Putin 'LNR' və 'DNR'-nin müstəqilliyini tanıyan və onlarla dostluq haqqında  fərmanlar imzaladı - ForumDaily

Rusiyanın DNR və LNR-i tanıması da Ukraynanın inkişaf dinamikasını əngəlləməyəcək. Olmasa, yaxşı idi, amma Ukrayna buna yas tutub, inkişafdan qalmayacaq, ətalətə girməyəcək. Ona qalsa, Almaniya II Dünya müharibəsindən sonra iki yerə bölünmüşdü. İnkişafdan qaldımı? Zəiflədimi? Xeyr! Zamanı gəldi, Berlin divarı yıxıldı, Almaniya birləşdi, daha da gücləndi və böyüdü.

***

Türkiyə ilə Azərbaycanın münasibətinin bu həddə qədər inkişaf etdirilməsi prezident İlham Əliyevin siyasi karyerasının ən parlaq səhifələrindəndir. Ermənistanla sərhədləri açmağa, Sürix Protokollarını imzalamağa hazırlaşan bir ölkənin siyasətini 180 dərəcə dəyişib, Azərbaycanla hərbi-siyasi ittifaqa girməsi uzun və gərgin fəaliyyətin, qarşılıqlı inamın, inandırmağın bəhrəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövləti hörgüt nümayəndələrindən, FETÖ çetesindən təmizlədikdən sonra Azərbaycanla tam qardaşlıq büsatı qura bildi. Yoxsa hörmətli Ərdoğana Azərbaycanla bağlı doğru-düzgün siyasət aparmağa imkan verilmirdi. PKK, FETÖ agenturası dövlətin ən üst səviyyəsində qərarlaşdırılmışdı. Əsas məqsəd Azərbaycanı tək buraxmaq, pisikdirmək, zəiflətmək idi. Bu təlimatlar Rusiyadan gəlmirdi. Tam əks coğrafiyadan, demokratiya beşiyi adlandırılan qitələrdən, mərkəzlərdən gəlirdi.

Prezident İlham Əliyev: "Azərbaycan dinc gələcək əzmindədir, bizə müharibə  lazım deyil"

2013-cü ilin dekabrında və 2016-cı ilin iyulunda baş verənlər Türkiyə Cümhuriyyəti üçün sınaq olmaqla yanaşı, dövlətin bağırsaqlarını təmizləməsi üçün də bir fürsət yaratdı. Xüsusilə 2016-cı ilin 16 iyulunda hərbi çevrilişə uğursuz cəhddən sonra R.T.Ərdoğan Türk dünyasına, xüsusilə Azərbaycana yönəlik siyasətində qlobal dəyişikliklər etdi.

İki qardaş ölkə arasındakı münasibətlər 2020-cildən başlayaraq tam fərqli mərhələyə adladı. “Bir millət, bir dövlət”, “Bir millət, bir ordu” konsepsiyası işə düşdü. Əvvəllər könüllər birləşmişdi, indi siyasi və hərbi gücümüz birləşdi, ordularımız çiyin-çiyinə dayandı. Dövlət səviyyəsində, prezidentlər məqamında sevincimiz, kədərimiz eyni oldu.

Xalqlar bir-birini nə qədər sevsələr də, doğma olsalar da, prezidentlər arasında dostluq, qardaşlıq yaranmayınca bu sevgi öz hədəfinə yetişmir.

Şuşa Bəyannaməsi”nin tarixi əhəmiyyəti - Qars Müqaviləsinə istinad nə  deməkdir? - AÇIQLAMA | KONKRET

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında anlaşma Azərbaycanın gücünə güc qatdı. Bu amil 44 günlük Vətən müharibəsində öz sözünü dedi. Bundan sonra Şuşa Bəyannaməsi imzalandı. Artıq Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında hərbi-strateji müttəfiqlik geriyədönməz hal alıb, rəsmiləşib, dövlət başçılarının imzaları ilə təsdiqlənib.

Növbəti mərhələ Rusiya və İranla münasibətlərə yenidən baxmaqdır. Türkiyə nə qədər yanımızda olub arxamızda dayansa da, Rusiya və İran amili hər zaman bizim üçün önəmli və həssasdır. Şimal və cənub qonşularımızdan gələ biləcək hər hansı təhdidi, aqressiyanı önləmək üçün təkcə Türkiyəyə arxayın olmaq yanlış hesablamadır. Bunun üçün Azərbaycan özü addımlar atmalı, mümkün təhlükələrin qarşısını almalı, dövlətin və millətin təhlükəsizliyini təmin etməlidir.

Rusiya ilə sözün siyasi mənasında dostlaşmaq heç də pis fikir sayılmaz. Əsas hədəfimiz düşmən ola biləcək qüvvələri belə dosta çevirib onlarla anlaşmaqdır. Yoxsa labirintdən çıxmaq, problemləri həll etmək, ölkəni inkişafa daşımaq mümkün olmayacaq. Əgər Ermənistanla anlaşmaq, sülh sazişi bağlamaq istəyiriksə, Rusiya ilə də, İranla da normal münasibətlər sistemi qurmaqda tərəddüd etməməliyik.

İctimaiyyət Rusiya ilə yaxınlaşmaqdan narahatdır. Bunun tarixi əsasları var. Xalq haqsız sayılmaz. Lakin dövlətlər arasında münasibətləri əbədi düşmənçilik üzərində davam etdirməkdən heç bir xalq fayda götürmür. 

Prezident İlham Əliyev Türkiyə ilə olduğu kimi Rusiya ilə də münasibətləri normal məcraya saldıqdan sonra işğaldakı torpaqları geri qaytara bildi. Rusiya ilə münaqişə vəziyyətində olsaydıq, 44 günlük müharibədə qələbəni təmin edə bilərdikmi? Daha çox itkilər verərdik, nəticə isə bugünkündən xeyli az olardı.

İlham Əliyevlə Putinin imzaladığı Bəyannamənin TAM MƏTNİ - Sozcu.az

Hazırda Rusiya özünün ən ağır dönəminə girib. Qərbdən ard-arda ağır sanksiyalar və zərbələr almaqdadır. Bu ölkənin axırı necə olacaq, bilinmir. İndilikdə mövcuddur, var və Güney Qafqazda proseslərə ciddi təsir imkanlarını özündə saxlayır. Azərbaycan bu dönəmdə zərgər dəqiqliyi ilə siyasət yürüdüb, 10 noyabr 2020-ci ildən sonra Qarabağda yarımçıq qalan prosesi tamamlamalıdır. Bunun üçün biz də Moskvaya nəsə verməliyik, yoxsa istədiyimizi ondan qoparmaq çətin olar. Bu ağır dönəmində Putini evində ziyarət etmək, müqavilə bağlamaq onun könlünü xoş edəcək və bu jesti unutmayacaq...

Bu gün Rusiyanın Azərbaycanla müqavilə bağlamağa ehtiyacı varsa, İlham Əliyevin imzasına möhtacdırsa, onu bundan niyə məhrum edək?!

Yazını İsmət İnönünün məşhur kəlamı ilə tamamlayıram: “Səndən yana olanlara bir şey verməsən, niyə səndən yana olsunlar?!”

Azər AYXAN,
“Yeni Müsavat” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist

=Ərdoğanın sensasion Qarabağ açıqlaması – “Putinlə razılaşdıq”